Rayon fermerləri dövlətin qayğısından razılıq edirlər
Qusarda indi yay-tarla işlərinin qızğın çağıdır. Rayonda hazırda dağətəyi kəndlərin taxıl zəmiləri biçilir. Qeyd edək ki, 2024-cü ildə Qusarda, ümumilikdə 56 min 622 ton taxıl məhsulu əldə olunub. Cari ildə isə məhsuldarlıq ötən illə müqayisədə daha yüksək qiymətləndirilir.
Dünən Qusar Dövlət Aqrar İnkişaf Agentliyinin (DAİM) rəisi Rauf Minhacov ilə telefonla əlaqə saxladıq. Həmsöhbətim məlumat verdi ki, 2025-ci ilin biçin mövsümünün başlanmasından 15 iyul tarixinədək olan dövr ərzində rayon üzrə 4650 hektar buğda və 8790 hektar arpa sahəsində biçin aparılıb. Bu sahələrdən, ümumilikdə, 38903,4 ton məhsul toplanıb. R.Minhacovun sözlərinə görə, rayonda taxıl biçini kampaniyası fasiləsiz rejimdə davam etdirilir və bu günədək hər hansı texniki nasazlıq və ya gözlənilməz hal qeydə alınmayıb.
Qusarla telefon bağlantısı zamanı o da məlum oldu ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov dünən rayon ərazisində əkin sahələrinə baxış keçirib, sahibkarlar, mexanizatorlar və kənd təsərrüfatı mütəxəssisləri ilə görüşüb. RİH başçısı əvvəlcə taxıl sahələrində davam edən biçin prosesini izləyib, texniki təminat və məhsuldarlıqla bağlı vəziyyətlə maraqlanıb. Görülən işlər barədə müvafiq struktur rəhbərlərinin məlumatları dinlənilib.
Daha sonra S.Məmmədxanov tərəvəz əkinlərinin vəziyyəti ilə yerində tanış olub. Qeyd olunub ki, 2025-ci ildə rayonda 3793 hektar sahədə tərəvəz əkini aparılıb. Bu göstərici 2024-cü illə müqayisədə 108 hektar çoxdur. Bu il sahələrdən artıq 3 min tona yaxınməhsul toplanıb və yığım kampaniyası hazırda uğurla davam edir. Fermerlər bildiriblər ki, bu il məhsuldarlıq qənaətbəxşdir, xüsusilə pomidor, kartof və brokkoli kələmi sahələrində məhsulun həm məhsuldarlığı, həm də keyfiyyəti yüksək qiymətləndirilir. Bu nəticəyə əsasən, suvarma sistemlərinin təkmilləşdirilməsi və xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin düzgün planlaşdırılması mühüm rol oynayıb.
Görüş zamanı sahibkarlar, torpaq istifadəçiləri və aqronomların təklif və müraciətləri dinlənilib.
Sahir Məmmədxanov kənd sakinləri ilə görüş zamanı ölkə rəhbərliyinin kənd təsərrüfatına göstərdiyi ardıcıl diqqət və dəstəyin son illərdə Qusar rayonunda da bu sahədə ciddi inkişaf dinamikası yaratdığını bildirib, fermerləri dövlətin təqdim etdiyi subsidiya proqramları, texnika təminatı və digər dəstək mexanizmlərindən daha fəal və məqsədyönlü şəkildə istifadə etməyə çağırıb. Bildirib ki, rayon rəhbərliyi aqrar sektorun inkişafını bundan sonra da prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlayacaq.
Sonda qeyd olunub ki, kənd təsərrüfatı sahələrinin davamlı inkişafı təkcə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından deyil, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də strateji əhəmiyyətə malikdir. Bu səbəbdən bu sahəyə dövlət dəstəyi və nəzarəti qarşıdakı illərdə də sistemli şəkildə davam etdiriləcəkdir.
M.ABDULLAYEV
XQ