Dövlətçiliyin qoşa zirvəsi

post-img

Müasir Azərbaycanın siyasi portreti

2025-ci il Azərbaycan dövlətçiliyi üçün xüsusi rəmzi və strateji məna daşıyan bir mərhələdir. Bu il həm müstəqil respublikanın hüquqi əsaslarını müəyyən edən, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 30 illiyi, həm də 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə bərpa olunmuş ərazi bütövlüyünün – yəni real və tam suverenliyin – beşinci ildönümüdür. Hər iki hadisə – biri hüquqi müstəvidə milli dövlətçiliyin əsasını qoyan, digəri isə siyasi və coğrafi reallıqda onun təsdiqini verən tarixlər – bir-birini tamamlayan və gücləndirən strateji mərhələlər kimi çıxış edir. Azərbaycan Respublikasının dövlətçilik tarixində 1995-ci ildə qəbul olunmuş Konstitusiya milli sabitlik və dövlətçilik ideologiyasının əsas sütunlarından biri olmuşdur.

Müstəqilliyimizin ilk illərində ölkə xaos, siyasi qeyri-müəyyənlik və idarəçilikdə dərin böhranla üz-üzə qalmışdı. Belə mürəkkəb fon şəraitində Konstitusiyanın qəbulu Azərbaycan xalqının öz gələcəyini hüquq əsasında qurmaq, sabit və güclü dövlət yaratmaq iradəsinin təcəssümü idi. Konstitusiya hüquqi sistemin əsasını formalaşdırmaqla yanaşı, idarəetmədə demokratik institutların yaranmasına, hakimiyyətin bölünməsi prinsipinin tətbiqinə və hüquqi dövlətin təşəkkülünə zəmin yaratdı. Ötən 30 il ərzində Konstitusiya Azərbaycanın siyasi həyatını tənzimləyən, onun beynəlxalq hüquqa əsaslanan mövqeyini möhkəmləndirən baza sənədi olaraq qalır. Müxtəlif dövrlərdə dəyişikliklərə məruz qalsa da, onun əsas fəlsəfəsi – hüquq üstünlüyü, dövlətin və vətəndaşın qarşılıqlı məsuliyyəti, milli maraqlara əsaslanan idarəçilik – dəyişməz olaraq qalmaqdadır.

Hüquqi çərçivə üzərində qurulmuş dövlət modeli 2020-ci ildə özünün sınağını verdi. Həmin ilin payızında – 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın siyasi suverenliyini tam bərpa etməsinə səbəb oldu. Müharibə nəticəsində Azərbaycan yalnız işğaldan azad olunmuş ərazilərdə dövlət suverenliyinin real tətbiqini təmin etdi. Məhz bu qələbə konstitusion normaların bütün ölkə ərazisində bərqərar olması demək idi. Əgər 1995-ci il Konstitusiyası hüquqi suverenliyin təsdiqi idisə, 2020-ci il hadisələri bu suverenliyin reallığa çevrilməsini, dövlətin öz torpaqlarında tam nəzarətini və beynəlxalq statusunun möhkəmlənməsini təmin etdi.

***

Üç onillikdir ki, Azərbaycan Konstitusiyası ölkənin hüquqi, siyasi və ictimai həyatında əsas yol xəritəsi rolunu oynayır. Onun qəbulundan ötən 30 il ərzində Azərbaycan cəmiyyətində hüquqi sabitliyin formalaşması, demokratiya institutlarının təşəkkülü və vətəndaşların hüquqlarının tədricən gücləndirilməsi bu konstitusional sistemin davamlılığının və dayanıqlılığının göstəricisi olmuşdur. Konstitusiya, ilk növbədə, ölkədə hüquq müstəvisində sabitliyin təminatına çevrildi. Qanun aliliyinin təməli məhz burada qoyuldu və dövlətin fəaliyyətinin bütün istiqamətləri hüquqi çərçivəyə salındı. Bu illər ərzində vətəndaş cəmiyyəti institutlarının təşəkkülü və siyasi partiyaların hüquqi bazada fəaliyyət göstərməsi ölkədə plüralizmin əsaslarının möhkəmləndirilməsi ilə müşayiət olundu. Əgər 1990-cı illərin əvvəllərində siyasi mühit qeyri-müəyyən və fraqmentar xarakter daşıyırdısa, Konstitusiyanın qəbulundan sonra siyasi proseslərdə şəffaflıq və qanunçuluq prinsipi üstünlük qazandı. Digər mühüm aspekt isə Konstitusiyada təsbit olunan hakimiyyət bölgüsüdür. İcra, qanunverici və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri aydın şəkildə müəyyən edilib və onların qarşılıqlı nəzarət mexanizmləri konstitusional sistem daxilində tarazlığı təmin edib. Bölünmə modeli siyasi proseslərin hüquq çərçivəsində tənzimlənməsinə şərait yaradıb. Konstitusiya Məhkəməsinin institusional güclənməsi, normativ aktların hüquqi baxımdan uyğunluğuna nəzarət mexanizmləri və qərarların icrası sahəsində əldə olunan nəticələr Konstitusiyanın real praktikada da işlək olduğunu sübut edir. Bundan başqa, vətəndaş hüquqlarının qorunması və azadlıqların təminatı Konstitusiyanın ana xəttini təşkil edir. Fikir, söz, din və toplaşma azadlığı kimi əsas hüquqların qorunması dövlət-vətəndaş münasibətlərinin əsasını təşkil edir. Hüquqların qanunvericilikdə təsbit olunması ilə yanaşı, onların həyata keçirilməsi üçün institusional mexanizmlər də yaradılıb. Təhsil, səhiyyə və sosial təminat kimi sahələrdə Konstitusiyanın müəyyən etdiyi prinsiplər dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib, sosial dövlət modeli çərçivəsində əhəmiyyətli nəticələr əldə olunub. Bütün bu faktorlar göstərir ki, Azərbaycan Konstitusiyası siyasi mədəniyyətin formalaşmasında, dövlət idarəçiliyinin institusional əsaslarının qurulmasında və milli birliyin qorunmasında əvəzolunmaz rola malikdir. Onun 30 illik tarixi Azərbaycanın müstəqillik tarixinin ayrılmaz bir hissəsinə çevrilib və bu tarix, öz növbəsində, gələcəkdə daha da təkmilləşəcək hüquqi və siyasi sistem üçün möhkəm zəmin yaradır.

***

2020-ci ilin Vətən müharibəsində əldə olunan tarixi qələbə Azərbaycan dövlətçiliyində yeni mərhələnin başlanğıc nöqtəsinə çevrildi. Əgər bu vaxta qədər ölkənin konstitusional sərhədləri yalnız hüquqi baxımdan tanınırdısa, 2020-ci ildən etibarən bu sərhədlər real idarəetmə və dövlət suverenliyi baxımından da tam təmin olundu. Ərazi bütövlüyünün bərpası dövlətin vahid məkan üzərində idarəçilik imkanlarını tam şəkildə tətbiqini mümkün etdi. İllərlə işğal altında qalan ərazilərdə inzibati nəzarətin, yerli idarəetmə strukturlarının yaradılması və hüquq-mühafizə orqanlarının fəaliyyətə başlaması bu istiqamətdə atılmış mühüm addımlar idi. Suverenliyin güclənməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyin daha da möhkəmlənməsinə şərait yaratdı. Prezident İlham Əliyevin postmünaqişə dövründə apardığı çoxşaxəli diplomatiya nəticəsində Azərbaycan qlobal platformalarda diqqətə alınan aktora çevrildi. Daxili sabitliyin və milli birliyin qorunması beş il ərzində ən çox diqqət tələb edən məsələlərdən biri oldu. Postmünaqişə reallığında cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəylik ruhunun saxlanılması və bu birlik hissinin institusional şəkildə dəstəklənməsi xüsusi əhəmiyyət daşıyırdı. Reinteqrasiya prosesləri sosial adaptasiya, iş yerlərinin yaradılması və vətəndaşların dövlət strukturlarına inamının bərpası ilə müşayiət olundu. Xalqla iqtidar arasında qarşılıqlı güvənin qorunması, sosial siyasətin çevikliyi və şəffaflıq meyarlarına əsaslanması ölkə daxilində sabitlik amilinin qorunmasında mühüm rol oynadı. Lakin suverenliyin bərpası ilə bağlı proseslər yeni təhlükəsizlik çağırışlarını da meydana çıxardı. Regionda dayanıqlı sülhün bərqərar olması üçün yalnız hərbi-siyasi amillər kifayət deyil. Qonşu ölkələrlə münasibətlərin konstruktiv əsaslarda inkişafı, qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması uzunmüddətli sülhün əsas təminatıdır. Azərbaycanın bu prosesdə irəli sürdüyü üçtərəfli əməkdaşlıq formatları və regional inteqrasiya təşəbbüsləri sabitlik üçün əsas platforma rolunu oynamağa başlayıb. Beşillik mərhələ göstərdi ki, suverenliyin qazanılması onun qorunması qədər çətin və strateji baxımdan zəruridir. Azərbaycan bu çətinliyi öz inkişaf gündəliyinə çevirməklə, suverenliyin sosial, mədəni və psixoloji aspektlərini gücləndirərək regionda nümunəvi model təqdim edir. Son olaraq qeyd edək ki, 2025-ci il Azərbaycanın müstəqillik tarixində mühüm dönüm nöqtəsidir. Bu il bir tərəfdən Konstitusiyanın qəbulunun 30 illiyi ilə hüquqi dövlətçilik ənənəsinin yetkinləşməsini, digər tərəfdən 2020-ci ildə əldə olunmuş tam suverenliyin beşillik təcrübəsini simvolizə edir. İndi isə qarşıda duran əsas vəzifə bu nailiyyətləri gələcəyə daşımaq, hüquqi, iqtisadi və sosial sistemləri yeni çağırışlara uyğunlaşdırmaqdır. Bu istiqamətdə atılacaq hər bir addım, əslində, Azərbaycanın milli maraqlarına xidmət edən, sabaha inam yaradan strateji vəzifə kimi qiymətləndirilməlidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət