Yazıçı dostların bir-birindən “umacağı”

post-img

Firudin Ağayev və Nahid Hacızadəni uzun illər teleekrandan tanısam da, sonralar uğurlu və uzunmüddətli  şəxsi tanışlığımız da oldu. Firudin müəllimi ötən əsrin səksəninci illərinin əvvəllərində, Nahid müəllimi isə həmin onilliyin sonunda tanımışdım.

... İnstitutda diplom işimin mövzusu  tanınmış bir ədəbi əsər əsasında təşkil ediləcək mədəni-kütləvi tədbir üçün ssenari yazmaq və həmin tədbiri geniş ictimaiyyətə təqdim etməkdən ibarət idi. Mən Firudin Ağayevin “İldırım dənizdə çaxır” romanını götürdüm. Ssenarini yazdım. Rejissor tapdım, aktyorları cəlb etdim və neftçilərin Bayıldakı Mədəniyyət Sarayında  İncəsənət İnstitutu təmsilçilərinin, roman müəllifinin, Dənizçilik Məktəbi müdavimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakıl ilə “İldırım işığında” adlı bir tədbir keçirdik. 

Tədbirin adı Firudin müəllimin xoşuna gəlmişdi. Aktyor elə başlanğıcda demişdi ki, çox zülmətləri bir andaca aydınlaşdıran ildırım işığı ani olsa da, qarşısını heç kəsin ala bilməyəcəyi ən güclü işıqdır. Bu giriş roman müəllifini məmnun eləmişdi. Sonradan uzun müddət görüşlərimiz, salam- kəlamımız olmuşdu. Çox yaxşı söhbətlərini, xatirələrini eşitmişdim. Danışırdı ki, televiziyadakı şöbəmizə (Firudin müəllim radioda da işləmişdi) Mailə Muradxanlı ad-soyadlı bir gənc qız göndərmişdilər. İlk yazılarından məlum idi ki, qabiliyyətlidir. Amma bəzi yazılarını bir bəhanə ilə geri qaytarırdım ki, özünə çox arxayın olmasın. Bir yazısını da oxudum və özünə qaytararaq dedim ki, məzmun yaxşıdır, amma yazını bir az da isit, yəni daha bədii, qəlbə toxunan, həssas, kövrək olsun.  Yazını aparıb qaynayan elektrik çaynikinin üstünə qoydu və mənə, sanki, acıqlı-acıqlı baxıb dedi: “Sənə bu da azdır!”.

Nahid Hacızadəni isə Respublika “Bilik” Maarifçilik Cəmiyyətinin təsis etdiyi “Dalğa” qəzetindən tanıdım. Bu qəzet rəhmətlik Elşad Quliyevin təşəbbüsü ilə Dövlət Televiziyasında yaradılmış  məşhur “Dalğa” verilişinin yazılı davamı kimi işıq üzü görmüşdü. Nahid müəllim məni müəllimlikdən həmin qəzetə gətirmişdi. ...

Qərəz, aralarında üç yaş fərqi olan ( Firudin müəllim 1933-cü ildə, Nahid müəllim isə 1936cı ildə doğulmuşdu) bu iki televiziya əməkdaşı səmimi və sədaqətli dostlar idi. Hər ikisi həm ədəbiyyata bağlı idi, həm də ekrana, efirə. Hər ikisi həm səmimi idi, həm də təvazökar. Ancaq... bir-birindən ciddi “umacağı” olubmuş. Bunu hər ikisindən şəxsən eşitmişdim.

Firudin müəllim deyirdi ki, Yeni il münasibətilə Lənkəranda keçirilən tədbirdən sonra açılan süfrəyə ləvəngi və ağ balıq kababı başda olmaqla, dörd-beş cür balıq yeməkləri düzülmüşdü. Nahid əlli qram araqdan sonra soruşdu ki, bəs kartof yoxdur?   Ona kartof da təşkil elədik.

Nahid müəllimin danışdığı hadisənin də tarixçəsi maraqlı idi:

– Gədəbəydə rayon rəhbərləri bizə zəngin bir bayram süfrəsi açmışdılar. Firudin mənim yanımda əyləşmişdi. Buxarlanan “kəlafur”un və onun yanındakı naz-nemətin ətri ətrafı götürmüşdü. O yemək soyumamış məclisə Gədəbəyin “kilo kababı”nı daşıdılar. Firudin raykom işçiləri eşitməsinlər deyə,  xəlvətcə məndən soruşdu: “Bəs balıq olmayacaq?”

Allah hər ikisinə rəhmət eləsin! Səmimi insanlar unudulmurlar.  

İttifaq MİRZƏBƏYLİ 

XQ

Mədəniyyət