Mühacir yazıçının Vətən hesabatı

post-img

31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Cəfər Cabbarlı adına Respublika gənclər kitabxanasında keçirilən mərasimdə Moskvada yaşayan tanınmış yazıçı Ulduz Qasımın son yaradıcılıq hesabatı olan yeni 2 romanı ölkənin ədəbi-mədəni ictimaiyyətinə təqdim edildi. 

Məclisin aparıcısı “Kredo” həftəliyinin baş redaktoru, şair-publisist Əlirza Xələfli Ulduz Qasımın yaradıcılığı barədə qələmə aldığı irihəcmli “Yazıçının Vətən dağı” kitabından çıxış edərək mühacir ədibin son 10 ili əhətə edən məhsuldar yaradıcılığı və yeni işıq üzü görmüş “Maral” və “Badamgözlü” romanları barədə yığcam məlumat verdi. O, bildirdi ki, Bakıda ali jurnalistika təhsili almış Ulduz Qasım ailə həyatı ilə bağlı 1985-ci ildən Rusiyada yaşasa da, heç vaxt Vətənlə əlaqəsini kəsməmişdir. O, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş doğmalarının timsalında Qarabağ faciəsinin bütün ağrı-acılarını dərindən yaşamışdır.

Erməni vandallarının Qarabağda törətdikləri vəhşiliklər və sonda qəhrəman oğullarımızın insanlıq simasını itirmiş düşmənləri darmadağın edərək yurdumuzdan qovub çıxarması Ulduz Qasımın yaradıcılığında “Mən aşiqəm Qarabağda”, “Xocalı şikəstəsi”, “Açılmayan sirlər”, “Solmayan Nərgiz”,”Ağ göyərçinlər”, “Qarabağda qiyamət”  kimi silsilə romanlara movzu olub. Müəllifin “Tələbə gündəliyi”, “Qürbət Zöhrəsi”, Qaçaq Aslan” əsərləri də soydaşlarımızın acılı-şirinli taleyindən bəhs edir.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Qurban Bayramov Ulduz Qasımın təqdim edilən yeni kitabları barədə söz açaraq qeyd etdi ki, yazıçının Vətənə növbəti səfərində oxuculara layiqli töhfəsi olan “Badamgözlü” və “Maral” romanları əvvəlki yaradıcılığının ideya-mənəvi davamı sayıla bilər. Hər iki əsər çağdaş Azərbaycan gerçəkliyinin ədəbi-bədii salnamələri təsiri bağışlayır. Ümumiyyətlə, Ulduz Qasımın nəsrində həyat bütün əlvanlığı və təbiiliyi ilə əks olunduğundan çağdaş ədəbi realizmin yeni nümunələri kimi diqqəti cəlb edir.

Ədəbiyyarşünas professorlar İslam Qəribli və Aslan Salmansoy, fəlsəfə doktorları Fazil Füney və Namiq Qədimoğlu, Əməkdar jurnalistlər Tahir Aydınoğlu və Əntiqə Qonaq, eləcə də digər çıxış edənlər Ulduz Qasımın yaradıcılığının mövzu, ideya, sənətkarlıq, dil-üslub məsələri ilə bağlı mülahizələrini söylədilər. Natiqlər  yazıçı  soydaşımızı istedadlı və məhsuladar qadın nasir kimi səciyyələndirdilər, ona yeni yaradıcılıq uğurları dilədilər.

Sonda deyilən xoş sözlərə görə razılığını bildirən Ulduz Qasım bundan sonra da doğma Vətənə qələmi ilə xidmət edəcəyini söylədi. Yazıçı xalqımızı Həmrəylik günü və Yeni il bayramı münasibətilə səmimi təbrik etdi, ölkəmizə əmin-amanlıq və yeni qələbələr arzuladı.  

T.RÜSTƏMLİ

XQ

Mədəniyyət