Qlobal media 2023-cü ildə

post-img

Təhdidlər, problemlər yeni ilə keçir 

2023-cü il xəbər istehsalçıları üçün ciddi risklərlə müşayiət olunub. Dünya ölkələrində öldürülən, xəsarət alan, təhdid olunan  jurnalistlərin sayı yüksək kəmiyyətlə ifadə olunub. Beynəlxalq jurnalist təşkilatlarının hazırladıqları ilkin hesabatlardan məlum olur ki, il ərzində 94 nəfər KİV işçisi  peşə fəaliyyətinə görə həyatını itirib. Bəzi hesabatlarda bu rəqəm 111 nəfər göstərilir.

Qətlə yetirilən xəbər istehsalçılarının  əksəriyyəti Qəzza bölgəsindəki müharibənin qurbanına çevrilib. Onların sayı  dünya üzrə öldürülən jurnalistlərin 72 faizini təşkil edir. Beynəlxalq təşkilatlar  oktyabrın 7-dən sonra Qəzza münaqişəsinin gedişində 69 jurnalistin öldürüldüyünü qeydə alıblar. Bunlardan 62 nəfəri Fələstin tərəfində, 4 nəfəri İsrail ərazisində, 3 nəfəri isə Livanda qeydə alınıb.  

Hesabatlarda vurğulanır ki, Qəzza müharibəsi 1992-ci ildən sonra ən çox jurnalistin həyatını bitirən münaqişə kimi tarixə düşüb. Məlumat üçün qeyd edək ki, 2022-ci ilin fevralında başlayan Rusiya–Ukrayna müharibəsinin gedişində 38 nəfər jurnalistin ölümü rəsmiləşdirilib. Bu müharibənin gedişində jurnalist təhlükəsizliyini təmin etmək üçün görülən  tədbirlər e- ektverib. 2023-cü ildə Rusiya-Ukrayna müharibəsini izləyən jurnalistlərin qətli minimuma enib, 3 nəfər olub. 

Bununla yanaşı, digər dünya dövlətlərində də jurnalist ölümlərinin kəmiyyəti narahatlıq doğurub. Xəbər istehsalçılarının peşə fəaliyyətinə görə həyatını itirdikləri ölkələr sırasında ABŞ-dan başlamış Suriyaya qədər ən müxtəlif dövlətlərin adları keçir. 

2023-cü ildə təhdid alan, təqib edilən və ya  həbsdə olan  jurnalistlərin kəmiyyəti də yüksək rəqəmlərlə ifadə edilir. İl ərazində 393 nəfər xəbər istehsalçısı həbsdə olub. Bu kateqoriya üzrə qeydə alınan dövlətlərin də siyahısı da genişdir. Ən yüksək göstəricilər Çin / Honq-Konqda (80 nəfər jurnalist), Myanmarda (54 nəfər), Rusiyada (40 nəfər), Misirdə (23 nəfər), İranda ( 18 nəfər) qeydə alınıb. Avropa Şurasına üzv dövlətlər arasında bu kateqoriya üzrə ən yüksək göstərici Belarusa aiddir- 32 nəfər.

Amma peşəkar KİV-lərin  üzlışdikləri problemlərin siyahısı təkcə ölüm faktları və təqiblərlə yekunlaşmır. Maliyyə-iqtisadi problemlər, reklam gəlirlərinin minimuma düşməsi, texnologiya nəhəngləri, xüsusilə, sosial şəbəkə platformaları ilə rəqabətin kəskinləşməsi və sair kimi amillər peşəkar KİV-lərin durumunu ağırlaşdıran məqamlar qismində qeydə alınıb. 

Ənənəvi KİV-lərin durumunu ağırlaşdıran tendensiyaların bir qisminin Qərbdə–Avropada yaranıb yayıldığı üçün narahatlığı daha da artırıb. Qərbdə yaranan neqativ  tendensiyalar həm “örnək xarakteri daşımasına”, həm də daha ciddi nəticələr doğurmasına görə diqqət çəkib. Bu sırada ifadə azadlığını  məhdudlaşdıran qanunların qəbul edilməsi, ictimai yayım sektorunun imkanlarının daraldılması önə çəkilir. Polşada, Fransada bu istiqamətdə atılan addımlar qeyd edilən tendensiyaların mahiyyətini  daha yaxşı izah edir. Motivi budur ki, Avropa ölkələrinin əksəriyyətində “təhlükəsizlik problemlərini” əsas götürərək, yeni qanunlar qəbul edilir. Həmin qanunlar bir sıra sahələr kimi, media azadlığını da məhdudlaşdırır. Qeyd edilən tendensiyanın bünövrəsi 2000-ci illərin əvvəllərinə gedib çıxır. 

2001-ci ildə ABŞ-da  baş vermiş terror aktlarından sonra Qərb ölkələrinin əksəriyyətində anti-terror qanunları qəbul edildi ki, həmin qanunlarda ifadə azadlığını məhdudlaşdıran müddəalar yer tutdu. Problem ondadır ki, qeyd edilən tendensiya bu gün də davam edir və daha sərt müddəalarla diqqət çəkir. Məsələn, Fransa “Qlobal təhlükəsizlik qanunu” təşəbbüsünü 2019-cu ildən sonra müzakirəyə çıxarıb və ciddi etirazlarla qarşılaşıb. Digər Avropa ölkələrində də neqativ tendensiya özünü büruzə verib. Hazırda qitə üzrə ciddi narahatlıq doğuran problemlərdən biri də ictimai-yayım sektorunun imkanlarının məhdudlaşdırılmasıdır. Sosial  media ilə kəskin rəqabət mühitində olan ictimai yayım sektoru əlavə bir zərbəni də hökumətlərdən və qanunlardan alır. Polşada 2023-cü ildə yaşanan insident bu kontekstdə qabardılır. 

Medianı təhdid edən problemlərin aradan qaldırılması üçün 2023-cü ildə çoxsaylı təkliflər hazırlanıb. Bir sıra proqramların gerçəkləşdirilməsinə nail olunub. Bu kontekstdə ən yadda qalan hadisə Avropa Media Azadlığı Aktının ( EMFA- European Media Freedom Act) qəbul edilməsidir. Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən hazırlanan bu Akt uzun müddətli müzakirələrdən sonra nəhayət 2023-cü ilin dekabr ayında qəbul olunub. Media azadlığını, media plüralizmini və redaksiya müstəqilliyini qorumaq üçün nəzərdə tutulmuş bu qanun ilkin mərhələdə Avropa Birliyinin 27 üzv dövlətində tətbiq ediləcək. Daha sonra isə Avropa Şurasına üzv olan dövlətlərdə qəbul edilməsinə təşəbbüs göstəriləcək. 

Yeni Akt jurnalistlərin və KİV subyektlərinin peşəkar fəaliyyətlərinin səmərəli müdafiəsini təmin etmək öhdəliyini müəyyən edir. Aktın əsas prinsipi budur ki, dövlətlər yeni qanunlar qəbul edərkən, həmin qanunlara media mühitini məhdudlaşdıran maddələr daxil edə bilməzlər. 

Paralel olaraq, Beynəlxalq urnalistlər Federasiyası daha bir təşəbbüsü Birləşmiş Millətlər Təşkilatı qarşısında irəli sürüb. “ urnalist təhlükəsizliyi üzrə BMT konvensiyası”nın qəbul edilməsi üçün BMT Baş Assambleyasına müraciət edilib. 

“Konvensiya layihəsi”nin əsaslandırılması bölümündə qeyd edilir ki, jurnalistlərin  həm gündəlik fəaliyyətləri zamanı, həm də riskli bölgələrdə çalışdıqları zaman təhlükəsizliklərini təmin etməyə çağıran çoxlu beynəlxalq sənədlər mövcuddur. Bu sırada 1949-cu il tarixli Cenevrə Konvensiyası, BMT Təhlükəsizlik Şuranın 2006-cı il tarixli 1738 saylı Qətnaməsi,  BMT TŞ-nin  2015-ci il tarixli  2222 saylı Qətnaməsi və digər sənədlər xüsusi qeyd edilir. Amma bu sənədlərin mövcudluğuna baxmayaraq, jurnalistlər hələ də ciddi  təhlükələrlə  üzləşirlər. urnalistlərin təhlükəsizliyi üzrə vəziyyət daha da  pisləşməkdə davam edir.1990-cı ildən başlayaraq aparılan qlobal səviyyəli monitorinqlərin nəticələri göstərir ki, 30 il ərzində  dünyada 2.778 nəfər jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilib. Digər bir problem ondan ibarətdir ki, jurnalist qətlləri üzrə hər 10 işdən 9-u cəzasız qalır. Cəzasızlığın kəmiyyəti 90 faizi ötür.

Bütün bunları nəzərə alaraq BMT-dən jurnalist təhlükəsizliyi üzrə əlahiddə bir konvensiyanın qəbul edilməsinə ehtiyac duyur. 2023-cü il bu konvensiyanın reallşaşdırılması üçün atılan addımlarla yadda qalıb. 

Müşfiq Ələsgərli

XQ-nin media eksperti

Sosial həyat