Rusiyalı alim hər mühazirəsində “Azərbaycan – Heydər Əliyev” deyirdi

post-img

Keçən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda ali təhsil almağa göndərilmiş çoxsaylı azərbaycanlı  gənclərdən biri də mənəm. 1975-1980-ci illərdə Voronej Kənd Təsərrüfatı İnstitutunda (indiki Voronej Dövlət Aqrar Universiteti) yerquruluşu fakültəsinin tələbəsi olmuş, sonra orada aspiranturada təhsil almışam.

“Xalq qəzeti”ndə “Heydər Əliyev İli” çərçivəsində oxuduğum maraqlı xatirələr,  görkəmli şəxslərlə müsahibələr Ulu öndərin mənalı həyatını bir daha gözlərim önündə canlandırır, məni tələbəlik illərinə və ondan sonrakı illərə qaytarır. İlk növbədə onu deyim ki, Azərbaycan KP MK-ya rəhbərlik edən zaman Heydər Əliyevin gəncləri respublikadan kənara oxumağa göndərməsi böyük uzaqgörənlik idi. Bu, bir tərəfdən, Azərbaycanın ucqar kəndlərindən olan  gənclərə keçmiş İttifaqının qabaqcıl ali təhsil müəssisələrində təhsil almaq, digər tərəfdən, dünyaca məşhur sovet alimlərinin tələbələri, aspirantları olmaq imkanı yaradırdı.   

O vaxtlar Azərbaycanda yer quruluşu üzrə  mütəxəssislər az idi. Ona görə də mən Rusiyaya bu ixtisası öyrənməyə   göndərildim. 1975-ci ilin yayında Voronej şəhərinə, Kənd Təsərrüfatı İnstitutuna oxumağa  getdim. Ruscanı akademik səviyyədə zəif bilirdim. Xeyirxah insanlar – tələbə yoldaşlarım, müəllimlərim, xüsusilə də professor Vladimir Zapletin  bu çətinliyi yenməyimə kömək etdilər. Yeri gəlmişkən qeyd edim ki, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor,   Əməkdar elm xadimi olan Zapletinin də bu günlərdə (dekabrın 25-də) 100 yaşı tamam olur.

İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərində Azərbaycandan olan insanlara xüsusi rəğbət bəsləyən bu  rus zabiti müharibədən  uzun müddət keçməsinə baxmayaraq yenə də həmin hisslərə sadiq qalmışdı. Bunu ona görə vurğulayıram ki, görkəmli alim  həmişə Azərbaycana və azərbaycanlılara böyük hörmətlə yanaşır, Ulu öndərin kadr hazırlığı üzrə siyasətini dəyərləndirir,  gənclərimizin gələcəkdə yüksək ixtisas sahibi,  intellektli ziyalı kimi formalaşması üçün səylərini əsirgəmirdi. Elə mühazirəsi olmazdı ki, Heydər Əliyevdən söz salmasın. Sevimli professorumuz yerquruluşu ixtisası üzrə dissertasiyalar müdafiə etmiş və alimlik dərəcəsi almış ilk azərbaycanlı alimlərin elmi işlərinin rəhbəri olub. Vladimir Zapletinin elmi-tədqiqat işləri aqrar iqtisadiyyat elminə böyük yeniliklər gətirmişdir. Zəngin  torpaq, iqlim potensialına malik olan Sovetlər İttifaqında  landşaft əsaslı ərazi planlaşdırmasının konseptual əsaslarına ilkin  olaraq məhz onun elmi əsərlərində rast gəlinir. Yazdığı dərsliklər, dərs vəsaitləri keçmiş SSRİ məkanında ali təhsil ocaqlarında   istifadə edilirdi. “Zapletin yerquruluşu məktəbi”nin  azərbaycanlı məzunları sonradan   müstəqil respublikamızda torpaq islahatlarının müvəffəqiyyətlə həyata keçirilməsində əməli fəallıq göstərdilər. Onlar Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında, Azərbaycan   Memarlıq   və İnşaat Mühəndisləri İnstitutunda yerquruluşu və torpaq kadastrı istiqaməti üzrə mütəxəssis hazırlığında, İqtisadiyyat Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Kənd Təsərrüfatı Nazirliyində, keçmiş Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, digər dövlət orqanlarında ölkəmizin təbii sərvətlərindən, o cümlədən torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, onların mühafizəsinə dair dövlət əhəmiyyətli proqramların hazırlanmasının və həyata keçirilməsinin bilavasitə iştirakçıları oldular. Bu gün həmin məzunlar arasında 1 professor, 2 elmlər doktoru, 3 elmlər namizədi,1 general var.

Ali və akademik təhsil illərini Voronej şəhərində keçirən bir azərbaycanlı kimi, yarım əsr sonra bu böyük şəxsiyyəti yad etməyim onu göstərir ki, böyük insanlar təkcə öz millətinə yox, bəşəriyyətə məxsusdurlar. Onlar xeyirxah əməlləri ilə təkcə öz xalqının deyil, digər xalqların da qəlblərində abidələrini ucaldırlar.

...90-cı illərin əvvəlləri idi. Müəllimlərimdən birinə zəng edib hal-əhval tutarkən dedi ki, sabah institut partiya komitəsinin iclasında V. Zapletinin məsələsinə baxacaqlar. Donub qaldım. Çünki o, çox nizam-intizamlı bir adam idi və heç vaxt səhvə yol verməzdi. Səbəbini soruşanda müəllim bildirdi ki, V.Zapletin erməni tələbələrinin də iştirak etdiyi mühazirə  auditoriyasında Ermənistanın işğalçı dövlət olduğunu demiş, Qarabağ torpaqlarının Azərbaycan Respublikasına aid olduğunu bəyan etmişdir.

Doğrudur, erməni əsilli birisinin rəhbərlik etdiyi institut partiya komitəsində professor Zapletinin “məsələsinə baxıldı”, amma onun alim nüfuzu, çoxminli kollektiv içərisində qazandığı imici erməni partkomun qarayaxmasını heçə çıxardı...

Bax, beləcə, Heydər Əliyev dühasına böyük ehtiram bəsləyən rus alimi daim onun təbliğatçısı və Azərbaycanın təəssübkeşi kimi çıxışları ilə yadda qalıb. Onun yetirməsi kimi, mən də hədsiz dərəcədə fəxr edirəm ki, Ulu öndərin ən layiqli davamçısı, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin iradəsi, şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına torpaqlarımız erməni işğalından azad edilib, ölkəmizin suverenliyi tam təmin olunub və yurdlarından didərgin düşmüş soydaşlarımız öz ata-baba ocaqlarına  qayıdırlar.

Bəli, biz bu Qələbəni 30 ildən artıq müddət ərzində səbirsizliklə gözləmişdik. Bu gün   qalib xalqımız hədsiz sevinir, şadyanalıq edir. Elə Azərbaycan sevdalısı olmuş professor Vladimir Zapletinin də ruhu şaddır.  

Ramiz QULİYEV,  

kənd təsərrüfatı elmləri doktoru, professor

 

Sosial həyat