Uğurlar yeni qələbələrin təməlidir

post-img

Tarixin yaddaşına qovuşmasına saatlar qalan 2023-cü il Azərbaycan idmanı üçün də çox uğurlu olub. Dünya, Avropa çempionatlarında və digər nüfuzlu yarışlarda təmsilçilərimiz yüksək səviyyədə çıxış edərək adlarını idman tariximizə yazıblar. Yeni il ərəfəsində onların bir neçəsi ilə görüşüb arzularını dinlədik.  

İrina Zaretska, Tokio Olimpiadasının gümüş mükafatçısı:

–2023-cü il mənim üçün xüsusilə mühüm nailiyyətlərlə yadda qalıb. Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanmaqla 3 qat dünya çempionu tituluna layiq görüldüm.

Ondan əvvəl, 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da qızıl medal qazanmışdım. Azərbaycanda karate üzrə dünya və Avropa çempionatlarının qalibi olan birinci və yeganə qadın təmsilçiyəm. Bu böyük nailiyyətlərin əldə edilməsində məşqçim, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun böyük zəhməti var. İdmançı kimi yetişməyimdə, inkişafımda əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Qürur duyuram ki, güclü və qüdrətli Azərbaycanı dünyada layiqincə təmsil edirəm.

2024-cü ildə bizi bir sıra nüfuzlu yarışlar gözləyir. İlin yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı qadın idmançısı” nominasiyası üzrə mükafatlandırıldım.

Biz idmançılar dövlətimizin diqqət və qayğısını hər zaman hiss edirik və bu, bizi daha böyük qələbələrə ruhlandırır.

Hacı Əliyev, Olimpiadanın gümüş və bürünc mükafatçısı:

–2023-cü ildə güləş karyerama daha bir zəfər əlavə etdim. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında birinci yeri tutdum. Bu, mənim üçün vacib qələbə və medal idi. Çünki Azərbaycan güləş tarixinə düşdüm. Yeganə güləşçiyəm ki, 4 dəfə qitənin ən güclüsü olmuşam.

“Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra güləşçi karyeramı bitirməyi düşünürdüm. “Olimpiada-2016”-da bürünc, Tokio Oyunlarında gümüş medal qazandım. “Tokio 2020”-dən sonra karyeramı başa vurmağı düşünürdüm. Amma sonra potensialıma güvənərək bəzi məsləhətlərdən sonra Paris Olimpiadasında da iştirak etmək qərarına gəldim. Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ciddi səy göstərəcəyəm. Əsas hədəf Olimpiya “qızıl”ıdır. Bunun üçün əlimdən gələni edəcəyəm. Yalnız çox çalışmaq və çempion olmaq vacibdir. Paris Olimpiadasından sonra artıq 34 yaşım tamam olacaq. Təbii ki, bu yaşdan sonra güləş meydanlarında mübarizə aparmaq çətindir. Dünya çempionu tituluna ilk dəfə 23 yaşda ikən sahib olmuşam. 2015-ci ildə Las-Veqasda bu nailiyyəti təkrarladım. 2 il sonra isə Parisdə  dünya çempionatının 3 qat qalibi adını qazandım. Təbii ki, gənc yaşlarda idmançılar daha enerjili və çevik olurlar. Ona görə də karyeramı yüksək nəticə əldə edərək başa vurmaq istəyirəm.

2024-cü ildə Azərbaycan idmanını, xalqımızı daha böyük uğurlar və nailiyyətlər gözləyir. Azərbaycan dünyada, həm də idman ölkəsi kimi tanınır. Buna görə də biz idmançıların üzərinə böyük məsuliyyət düşür. İndiyədək meydana ancaq qələbə üçün çıxmışıq, bu, bundan sonra da davam edəcək. Azərbaycanın bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırmaq, Dövlət Himnimizi səsləndirmək bizim üçün böyük şərəfdir.

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli:

–2023-cü il Azərbaycan idmanı, bütünlükdə xalqımız üçün çox uğurlu olub. Bu il Azərbaycanın öz suverenliyinin tam bərpa etməsi ilə yadda qalıb. İdmançılarımız, o cümlədən cüdoçularımız böyük qələbələr qazanıblar.

Bu uğurlarda yeniyetmə cüdoçular böyük pay sahibidirlər. Təmsilçilərimiz bu il 37-si qızıl, 22-si gümüş, 44-ü bürünc olmaqla 103 medala sahib olublar.  

Avropa Gənclər Olimpiya festivalında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan komandamız ümumi hesabda birinci oldu. Daha bir turnirdə –Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk yerə sahib oldular ki, bu da tarixi nəticə hesab olunur. Yığmamız fərdi yarışlarda da parlaq nailiyyət qazandı. Daha bir yüksək nəticə Xorvatiyanın Zaqreb şəhərində dünya çempionatında qazanıldı. Komandamızda uzun illər sonra ilk dəfə qızıl medal əldə edildi. 2-si qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olmaqla, ümumilikdə 8 medala sahib olan millimiz bu nəticə ilə də bütün komandaları üstələyərək birinci yeri tutdu.

Biz bu qələbələrlə kifayətlənmirik. Növbəti ildə daha böyük nailiyyətləri hədəfləyirik. Yığmamızın hər bir üzvü meydana çempionluq üçün çıxacaq.

2023-cü ilin “Ən yaxşı məşqçisi” nominasiyasında mükafatçılar sırasında yer aldım. Bizə verilən dəstəyə, diqqət və qayğıya görə minnətdarıq.

Leyla QURBANOVA

XQ







İdman