Soyuq əllərin qızındığı məkan

post-img

REPORTAJ

Paytaxtın “Fantanlar bağı” Yeni il qabağı şənliklərin mərkəzidir

Paytaxt “Fantanlar bağı”nda ilayrıclarında “Soyuq əl­lər, isti ürək” adlı yarmarkasının keçirilməsi artıq nəcib ənənəyə çevrilib. Yeni il ovqatlı çal-çağır, əyləncə və gö­rüş məkanına ziyarətçi axını həmişəki kimi güclüdür. 

Yeni il ərəfəsində insanlar burada həm bayrama aid hə­diyyələr alır, həm də əylənirlər. Yarmarkada müxtəlif əyləncəli oyunlar təşkil olunur, milli və xarici mətbəxlərin geniş çeşid­də məhsulları təqdim edilir. 

Biz də bu yarmarka işti­rakçılarının əhval-ruhiyyəsini öyrənmək, onların ürək söz­lərini eşitmək üçün şəhərin mərkəzindəki “Soyuq əllər, isti ürək”lə təmasda olduq. Artıq 10-cu dəfədir ki, yarmarka qapılarını paytaxt sakinlərinin üzünə açır. Yeni il ovqatını, şəfqət duyğularını özündə tə­cəssüm edən bu layihədə həm əylənmək, həm də faydalı ol­maq mümkündür.

Yarmarkanın təşkil olun­duğu məkana giriş sərbəstdir. Geniş meydanda yaşanan izdiham xeyriyyə aksiyasına göstərilən böyük maraqdan xə­bər verir. Bir tərəfdən isti şaba­lıd qoxusu, digər tərəfdən ləz­zətli təamların ətri gəlir. Builki yarmarka möhtəşəm Yeni il yolkası, 64 böyük və 20 bala­ca ev, 3 ədəd ikimərtəbəli res­toran, fotozona, 4D kinoteatrı, müxtəlif əyləncə zonaları və di­gər tematik guşələrdən ibarət­dir. Biz də şənlənən gənclərə baxıb ürəkləndik və özümüzü “Ziq-zaq” oyununda sınadıq. Uduzsaq da, bu, əhvalımızı qətiyyən pozmadı. Ən azından əyləndik və aksiyanın iştirakçı­sı olduq. 

İsti ürəkləri bir araya gə­tirən xeyriyyə yarmarkası tək­cə yerli sakinlərin deyil, xarici qonaqların da marağına səbəb olur.

Bu baxımdan ilk diqqəti­mizi cəlb edən Azərbaycan, Türkiyə və Şimali Kiprin bay­raqlarının asıldığı köşk olur. Orada çalışan Alper Sunçla söhbət edirik. 

– Artıq səkkiz ildir ki, Azər­baycandayam, – deyə o, bil­dirir. – Burada ailə həyatı qur­muşam və Azərbaycan artıq 2-ci vətənimə çevrilib. Fırında makaron bizim milli yeməyi­miz hesab olunur. Kiprdə hər evdə bişən bu yemək dadlı və doyumludur. Buyurun, siz də qonaq olun.

Alper bəyə təşəkkür edib gəzintimizə davam edirik. Zi­yarətçilər burada münasib qiymətə hədiyyələr də əldə edir, xatirə şəkilləri çəkdirir, sevdikləri ilə birgə əsl bayram ab-havası yaşayırlar. Hamı­nın çöhrəsindən sevinc, fərəh yağır. Sanki yarmarka Yeni il ərəfəsində insanları bir-birinə daha da yaxınlaşdırıb.

Paytaxtımızın gənc saki­ni Elsevər fikirlərini qəzeti­mizlə bölüşür: 

– Bu yarmarkanın ilbəil təşkil olunması məni sevindi­rir. İnsanlar asudə vaxtlarını keçirərək müxtəlif oyunlara qatılır, eyni zamanda, bir sıra xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliy­yat xərclərinin ödənilməsinə yardımçı olurlar. Mən də oyunlra qatılıb, üstəlik hədiy­yələr də qazanmışam. Soyuq havada qaynar mühit adama zövq verir. 

Yarmarkaya qatılan As­lan adlı sakin isə belə deyir: 

– Bilirik ki, yarmarkada yığılan pullar xəstə uşaqla­rın sağalması üçün xərclənir. Biz ailəmizlə birgə hər il həm bu işə kömək olmaq, həm də əylənmək üçün dəfələrlə yar­markaya gəlirik. Qoy, sağlam­lığında nasazlıq olan uşaqlar da tezliklə sağalıb, hamı kimi şən oyunlara qatılsınlar. 

Əlbəttə, insanlarımızın bu cür düşünməsi sevindi­rici haldır. Elə təşkilatçıların məqsədi də insanları sadəcə əyləndirməkdən, çal-çağırdan ibarət deyil. “Soyuq Əllər, İsti Ürək” ölkənin hər yerindən bu yarmarkanın əsas təşkilatçısı olan “Nargis” Fonduna üz tu­tan onlarla ailə üçün bir ümid çırağıdır. “AzerCell”, “BirBank”, “Nescafe” və digər qurumlar, şirkətlər yarmarkada əsas tərəfdaşlar kimi iştirak edirlər. 

Sonda qeyd edək ki, əvvəlki illərdə bu yarmarkada kitab satışı da həyata keçirilərdi. Təəssüf ki, indi bu, deyəsən, unudulub. Fikrimizcə, bu cür kampaniyalarda kitablara da yer ayrılsa, yaxşı olar. Belədə ziyarətçilərin mütaliə həvəskarı olan kəsimi də, necə deyərlər, darıxmaz.

Ümumilikdə isə, “Soyuq əl­lər, isti ürək” xeyriyyə yarmar­kası zəngin təəssürat yaradan bir məkandır. 

 

Ceyhun MİRZƏLİ,
Əli ƏLİYEV
XQ

Mədəniyyət