Teatr sənətimizin parlaq ulduzu – Ulduz Rəfili

post-img

Dünya şöhrətli bəstəkarımız Qara Qarayev deyib ki, əgər insan öz dövrünün amalları və duyğuları ilə yaşayırsa, həm də həmin amal və duyğulara dövrün tələblərinə cavab verən müvafiq dəqiq forma tapırsa, bu, novatorluqdur”. Bu mənada ilk milli peşəkar qadın teatr rejissoru olmuş Ulduz Rəfili–Əliyeva əsl novatordur. 

O, böyük bir nəslin zəngin və yüksək mədəniyyətli nümayəndəsidir. Atası Saleh bəy Oksford Universitetinin hüquq fakültə­sini bitirib. Anası Dilşad xanım isə Gəncə gimnaziyasında təhsil alıb və orada müəl­lim kimi işləyib. O gimnaziyada ki, onun yaradıcısı və direktoru Dilşad xanımın qar­daşı Cavad bəy Rəfibəyli idi.

Keçən il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında unudulmaz professor, Əməkdar incəsənət xadimi Ul­duz Rəfilinin anadan olmasının 100 illiyinə həsr edilmiş musiqili elmi konfras keçiril­miş və vaxtilə onun quruluş verdiyi teatr tamaşası göstərilmişdir. 

Ulduz xanımın həyatından bəzi maraq­lı hadisələri xatırlatmaq istəyirəm... 

Uzun müddət Moskvada yaşamağa məcbur olan Ulduz xanım bacısı Səmayə xanımla birlikdə 1945-ci ildə Bakıya qa­yıdırlar. Onun əmisi oğlu, görkəmli ədə­biyyatşünas alim, professor Mikayıl Rəfili Ulduzun ssenariləri, pyesləri və şeirləri ilə yaxından tanış olan kimi ona deyir ki, sən mütləq Azərbaycan Dövlət Teatr İnstitutu­nun rejissorluq fakültəsində oxumalısan. O, imtahanları uğurla verir, təhsil illərində fərqlənir və ali məktəbi fərqlənmə diplo­mu ilə bitirir. Diplom işi Sezar Solodarın “Ulduzlar aləmi” dramına verdiyi quruluş olur. Beləliklə, Ulduz Rəfili ilk Azərbaycan qadın rejissoru kimi yaradıcılıq fəaliyyətinə başlayır. O, 1952-ci ildən Gənc Tamaşaçı­lar Teatrında işləməyə başlayır. İlk rejissor işlərində öz üslubunu yaradır və getdikcə bu üslubu daha da zənginləşdirir.

Ulduz xanım Rəfili 1975-ci ildə Üzeyir bəy Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Aka­demiyasına) işləməyə dəvət olunur. Vokal və opera hazırlığı kafedrasının professoru kimi ömrünün sonuna qədər bu müqəddəs sənət ocağında pedaqoji fəaliyyətlə məşğul olaraq, gözəl kadrlar yetişdirir.

O, S.Raxmaninovun “Aleko”, P.Çayko­vskinin “İolanta”, F.Əmirovun “Sevil”, V.A.Motsartın “Fiqaronun toyu” və s. əsərləri zövqlə, sənətkarlıqla səhnələşdirir. Mən öz tələbələrimlə birgə bu əsərlərin premyera­larında iştirak edərək tamaşaların necə böyük anşlaqlarla qarşılanmasının şahidi olmuşam. Yaxşı yadımdadır, bir dəfə mü­zakirə zamanı alimlərimizdən biri dedi ki, Ulduz Rəfili bir yaradıcı şəxsiyyət kimi hə­mişə axtarışdadır. Dramaturji baxımdan və məzmunca müxtəlif əsərlərə orijinal quru­luşlar verib. Bir də alim qeyd etdi ki, Ulduz xanım Milli və Avropa klassiklərinin faciə və komediyalarında fəlsəfi-psixoloji düşün­cələri, ideyaları tamaşanın ali məqsədinə çevirməyi ustalıqla bacarır. İtalyan drama­turqu Qoldoninin “İki ağanın bir nökəri” və italyan yazıçısı – romantik Viktor Hüqonun “Səfillər” əsərini Azərbaycanda ilk dəfə ta­maşaya hazırlayan məhz Ulduz Rəfili ol­muşdur. 

Əslində, bu kimi əsərlərin siyahısını uzatmaq da olardı. Mən isə oxucularımı­za Ulduz xanımın insanlara olan səmimi və xoş münasibətindən bir hadisəni xa­tirə kimi söyləmək istərdim. Bir gün anam Müsalət xanım Quliyeva mənə dedi ki, Ulduz xanım sənin həmkarındır, ona zəng et, evinə gedək. Xatırladım ki, Ulduz xa­nımın həyat yoldaşı Qurban Əliyev uzun illər Respublikanın Ali və Orta İxtisas Təh­sili naziri olub. Anamın bir xahişi vardı. O istəyirdi ki, mənim rəssam qardaşım Fəd­lunu nazirimiz işə düzəltsin. Açığını deyim ki, mən çox narahat idim. Onların evinə getməyə utanırdım. Axır ki, anamın xahi­şini yerinə yetirdim. Ulduz xanım telefonun dəstəyini özü götürdü və çox məlahətli səslə dedi: “Buyurun, sabah axşam saat 7-də sizi gözləyirəm”. 

Səhəri gün biz onlara qonaq getdik. Qapını Ulduz xanım açdı və sevinclə dedi: “Mənim əziz bacılarım, xoş gəlmisiniz, bu­yurun qonaq otağına. Böyük bir masanın üstündə müxtəlif şirniyyatlar və mürəb­bələr düzülmüşdü. Biz əyləşdik və bizə çay süfrəsi açıldı. Ulduz xanım dedi ki, Qurban müəllim iş yoldaşları ilə görüşüb hansısa məsələni həll etməlidirlər.Təxminən, 20 dəqiqədən sonra Qurban müəllim gəldi və o da bizi sevinclə salamlayaraq dedi: “Bu gözəl və ləzzətli şirin məhsulların (şəkər­bura, paxlava, tort və s.) hamısını Ulduz özü hazırlayıb, o, olduqca qabiliyyətli və işgüzar xanımdır. Qapımız hamı üçün açıqdır”. Bir qədər sonra anam gəlişimizin məqsədini söylədi. Qurban müəllim cavab verdi ki, qoy, sabah Fədlun gəlsin yanıma. Beləliklə, qardaşım rəssam kimi işə baş­ladı...

Ulduz xanım olduqca diqqətli və mə­suliyyətli bir insan idi. O 1983-cü il mayın 30-da A.M.Şərifzadə adına Aktyor evində mənim atam – görkəmli dövlət və ictimai xadim, yazıçı və teatrşünas (qeyd olun­muş bu sözlər memorial lövhənin üstündə yazılıb) Əfəndiyev Məmməd Sadıx Mirzə Əhməd bəy oğlunun 80 illik yubileyinə gəl­miş və bizim ailəmizi gözəl gül dəstəsi ilə təbrik etmişdir.

Gözəl insan, dərin bilikli professor, Əməkdar incəsənət xadimi Ulduz Rəfi­li–Əliyevanın onu tanıyan hər kəsin yad­daşında belə silinməz izlər buraxdığına əminəm. O, daim xoş duyğularla yada salınır. 

Dahi fransız yazıçısı Viktor Hüqo vax­tilə demişdir: “Ya elə yaz ki, səni oxusunlar, ya da elə yaşa ki, səndən yazsınlar”. Fikri­mizcə, onun haqqında sanballı bir monoq­rafiya da yazılmalıdır. 

İmruz ƏFƏNDİYEVA,
sənətşünaslıq doktoru, professor,
Əməkdar incəsənət xadimi

 

REDAKSİYADAN: Təəssüf ki, Azər­baycanda teatr sənətinin, musiqinin, incəsənətin və mədəniyyətin inkişa­fında böyük xidmətləri olmuş, 50-dən çox teatr tamaşasına quruluş vermiş unudulmaz bir insanın vaxtilə yaşadı­ğı Bakının Lermontov küçəsindəki 107 nömrəli binaya nə xatirə lövhəsi vurul­muş, nə də Bakı şəhərində onun adı­na bir küçə var. Ümid edirik ki, əlaqə­dar təşkilatlar bu məsələnin həllinə köməklik göstərəcəklər.



Mədəniyyət