Bu yaxınlarda Nizami Kino Mərkəzində “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi çərçivəsində araya-ərsəyə gəlmiş “Sarı gəlinin sorağında” sənədli filmi təqdim olunub. Tammetrajlı filmin süjet xətti məşhur xalq mahnısının mənşəyi, onun yaranma tarixçəsi ilə bağlı xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsin təbliğidir.
Layihənin rəhbəri gənclik illərimizdən Sumqayıt ədəbi mühitində bir yerdə olduğum, şeirlərini və publisistikasını hər zaman maraqla oxuduğum Füzuli Sabiroğludur. Onunla görüşümdə Etnoqrafiya və folklordan başlıca ideyaya nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilmiş filmin seyrçilərə olduqca xoş təəssürat bağışladığını söylədim və bir daha təbriklərimi çatdırdım. Çay süfrəsi arxasında dostum mənə filmin çəkiliş prosesindən və ümumi ideyasından danışdı.
– “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz" layihəsi iki hissədən ibarətdir. Layihə çərçivəsində həm "Sarı gəlin"in sorağında tammetrajlı sənədli filmini, həm də "western-azerbaijan.az" saytını ərsəyə gətirdik. Həm film, həm də sayt Azərbaycan dili ilə yanaşı, ingilis və erməni dillərində də təqdim olunacaq. İstəyirik ki, Qərbi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimizlə gənclərimizi tanış edək, bu mövzuya maraq göstərən xarici vətəndaşlara əzəli yurd yerlərindəki tarixi izlərimiz haqqında informasiya çatdıraq.
Filmdə 1930-cu illərdə İrəvanda tarixi abidələrimizin dağıdılması, yeni şəhər yaratmaq adı altında şəhərin məhv edilməsi ilə bağlı kadrlar yer alıb. Filmin bədii səhnələrində Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb. Filmdə həmçinin vaxtilə Qərbi Azərbaycanda yaşamış və işləmiş, orada mövcud olmuş Azərbaycan ədəbi-mədəni mühitinə, o ərazilərin tarixinə yaxından bələd olan, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçıların da fikirlərinə yer verilib. Həmçinin, 1930-cu illərə dair arxiv kadrlarından və Moskvadan əldə edilmiş materiallardan da istifadə etmişik.
Söhbət zamanı öyrəndim ki, ekran işinin çəkilişləri Bakıda, İsmayıllıda, Gədəbəy və Kəlbəcərdə aparılıb. Füzuli müəllim dedi ki, quruluşçu rejissor Mübariz Nağıyev, quruluşçu operator Fahir Səmədoğlu, prodüsser Əli İsa Cabbarovla birlikdə çətin yaradlıcılıq işinin öhdəsindən layiqincə gəlməyə çalışıblar. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
Yeni sayta glincə isə qələm dostum bunları bildirdi:
– Vətən müharibəsindəki möhtəşəm zəfərimizdən sonra Qərbi Azərbaycan mövzusu daha böyük aktuallıq qazanıb. Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə tarixi torpaqlarımıza qayıdış konsepsiyasının hazırlanmasının vacibliyini qeyd etdi. Bu baxımdan indiki Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarının, orada xalqımızın əsrlərlə yaratdığı maddi-mədəni irs nümunələrimizin həm yeni nəslə tanıdılması, həm də bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Sözügedən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirilir. Məramımız son 200 ildə ermənilər tərəfindən dağıdılmış maddi-mədəni irsimiz haqqında həqiqətləri müxtəlif dillərdə hazırlanmış saytın köməyi ilə – tarixi mənbələr, rəsmi sənədlər, xəritələr, nadir foto və video materiallar, ikiölçülü və üçölçülü qrafik təsvirlər vasitəsilə dünyaya çatdırmaqdır.
Layihənin gələcəkdə daha da zənginləşdirilməsi nəzərdə tutulur. Qərbi Azərbaycan ərazilərinin inzibati və mədəni mərkəzi olan İrəvan şəhəri də daxil olmaqla, bütün mahallarda əcdadlarımızın yaratdığı qalalar, məscidlər, saraylar, habelə xalçalar, tətbiqi sənət nümunələri, ədəbiyyat, teatr, təhsil və mətbuat haqqında məlumatlar saytda geniş yer alacaq.
Əli NƏCƏFXANLI
XQ


