Xəbər verildiyi kimi, görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Ramiz Məlik 2023-cü il dekabrın 14-də dünyasını dəyişib. Paytaxtın Heydər Məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, ölkənin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə mərasimdə görkəmli aktyorun milli mədəniyyətimizə göstərdiyi səmərəli xidmətdən danışıb: “Ramiz Məlik çağdaş səhnəmizin istedadlı və fədakar simalarından biri idi. Uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi, amma biz ümid edirdik o qayıdacaq. Hətta teatrda rol da ayırmışdıq. Baxmayaraq ki, xəstəliyi ağır idi, amma yaşamaq və sənət eşqi yüksək idi. Təəssüflər olsun ki, onu itirdik. Ramiz Məlikin sənət irsi dogma xalqına layiqli yaradıcılıq töhfəsi kimi daim yaşayacaq, xatirəsi əbədi olaraq yaddaşlarda qalacaq”.
Xalq artisti Hacı İsmayılov bir çox tamaşalarda Ramiz Məliklə birgə oyununu, xüsusən “Ad günü” filminə çəkilişləri xatırlayıb: “Ramiz Məlik çox bacarıqlı, çalışqan və iradəli aktyor idi. Uzun müddət xəstə olmasına baxmayaraq, sənət eşqi ilə yaşayır, yenidən səhnəyə can atırdı. Təəssüf ki, bu, mümkün olmadı. Akademik Milli Dram Teatrının kollektivi və Azərbaycan Teatr Xadimləri İttifaqı adından Ramiz Məlikin ailəsinə, doğmalarına başsağlığı verirəm”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev isə Ramiz Məlikin hər zaman tamaşaçıların sevimlisi olduğunu, rəngarəng və təsirli obrazlar yaratdığını diqqətə çatdırıb: “Bizim Ramiz müəllimlə yaxşı münasibətimiz olub. Bir aktyor kimi onu çox sevmişəm. Bu gün onu ürək ağrısı ilə son mənzilə yola salırıq”.
Əməkdar artist Ayşad Məmmədov isə mərhum sənətkarla ilk dəfə Hüseyn Cavidin yubiley mərasimində təqdim edilən tamaşada eyni səhnəni bölüşdüyünü deyib: “O, Hüseyn Cavidi, mən isə Arif obrazını oynayırdım. O da vaxtilə Arif rolunu oynamışdı. Buna görə sonralar zarafatla məni Arif deyə çağırırdı. Daha sonra Cəfər Cabbarlının “Yaşar” pyesində birgə oynamışıq. Allah rəhmət eləsin, ruhu şad olsun”.
Mərasimdə bildirilib ki, Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib, həmin ildən taleyini Akademik Milli Dram Teatrı ilə bağlayıb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib. Onun aktyorluq məharəti kino və televiziya teatrı sahəsində də parlaq əksini tapıb. “Mehman”, “Bir cənub şəhərində”, “O qızı tapın”, “Sevinc buxtası”, “Babək”, “Qəm pəncərəsi”, “Qara gölün cəngavəri” və s. bədii, “Şərqin səhəri”, “Günahsız Abdulla”, “Kimin sualı var?” və s. televiziya tamaşalarında yaratdığı obrazlar onun orijinal yaradıcılıq yolunun yadigarlarıdır. Bacarığını rejissorluqda da sınayıb.Uzun illər film dublyajına böyük zəhmət sərf edib.
Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən Xalq artisti Ramiz Məlik 1984-cü ildə respublikanın Dövlət mükafatına, 2019-cu ildə “Şöhrət” ordeninə, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Görkəmli aktyorun sənət dostları da XQ-yə açıqlamalarında milli səhnəmizə üz vermiş ağır itki barədə kədər və hüznlərini yanğı ilə ifadə ediblər.
Sənubər İsgəndərli: – Ramiz Məlik həyatda da, sənətdə də səmimi, məğrur, görkəmli bir şəxsiyyət idi. Onun sənət yolu canlı örnəkdir. Layiqli sənət irsi qoyub getdi. Onun adı milli teatrımızın tarixində əbədi qalacaq.
Nurəddin Mehdixanlı: – Təəssüf ki, biz bu gün Ramiz Məliki itirdik. Xeyli müddət idi ki, xəstə idi, müalicə olunurdu, ona xüsusi diqqət, qayğı ilə yanaşılırdı. Ramiz Məlik Azərbaycan kino və teatrının görkəmli xadimi idi. Ramiz Məliklə uzun illər tərəf-müqabil olmuşuq. O, işinə, sevdiyi peşəsinə məsuliyyətli idi. Xatirəsi sənətsevərlərin qəlbində əbədi yaşayacaq. Allah rəhmət eləsin.
Vida mərasimindən sonra Xalq artisti Ramiz Məlik çoxsaylı sənətsevərin iştirakı ilə II Fəxri xiyabanda son mənzilə yola salınıb.
XQ


