Rusiya Prezidenti Türkiyəyə səfər edəcək

post-img

Gələn ilin əvvəllərində Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri planlaşdırılır. Bu barədə dövlət başçısı Rusiyada “Vladimir Putinlə ilin yekunları” proqramında birbaşa bağlantı zamanı türkiyəli jurnalistə açıqlamasında bildirib. Xəbəri “Anadolu” agentliyi yayıb. 

Məlumatda sonra deyilir ki, Qəzza bölgəsində vəziyyətə münasibətini bil­dirən Rusiya Prezidenti deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəzzada vəziyyətin bərpasında xüsusi liderlik rolunu qeyd etmək istəyirəm. O, sözsüz ki, bu faciəyə diqqəti cəlb edən və vəziyyətin yaxşılığa doğru dəyişməsi, uzunmüddətli sülh üçün şərait yaradılma­sı üçün əlindən gələni edən dünya lider­lərindən biridir. Bu, aydındır. Allah ona cansağlığı versin”.

V.Putin Qəzzada baş verənləri “fa­ciə” adlandırıb və vurğulayıb ki, Rusiya da Türkiyə kimi hesab edir ki, Fələstində paytaxtı Şərqi Qüds olmaqla dövlət qu­rulmalı, İsrail-Fələstin münaqişəsinin həl­li üçün fundamental zəmin yaradılmalıdır. “Biz Prezident Ərdoğanla bu məsələlərlə bağlı daim əlaqədəyik. Bizim mövqeləri­miz oxşardır. Düşünürəm ki, biz onunla görüşə biləcəyik”, - deyə V.Putin qeyd edib.

Rusiya Prezidenti əlavə edib ki, bir müddət əvvəl Türkiyəyə səfəri planlaş­dırılmışdı: “Prezident Ərdoğanın öz qra­fiki ilə əlaqədar səfər baş tutmadı. Ümid edirəm ki, gələn ilin əvvəllərində Tür­kiyəyə səfərimi həyata keçirə biləcəyəm”.

Qeyd edək ki, bu il “Vladimir Putinlə ilin yekunları” proqramı ənənəvi birbaşa bağlantı və böyük mətbuat konfransını özündə birləşdirib. İlk dəfə belə format 2021-ci ildə tətbiq olunub. Rusiya Pre­zidenti canlı yayımda 2023-cü ilə yekun vurub, jurnalistlərin və əhalinin çoxsaylı suallarını cavablandırıb. V.Putinin ilk bö­yük mətbuat konfransı 2001-ci ildə təşkil olunub. Ötən dövr ərzində o, 17 dəfə illik yekun mətbuat konfransında iştirak edib.

Xatırladaq ki, Vladimir Putin Rusiya­da 2024-cü ilin martında keçiriləcək pre­zident seçkilərində iştirakını təsdiqləyib. V.Putin birbaşa yayımda, həmçinin bildi­rib ki, Rusiya ilə Ukrayna arasında sülh xüsusi hərbi əməliyyatın məqsədlərinə tam nail olunduqdan sonra mümkündür.

V.Putin deyib ki, xüsusi hərbi əmə­liyyatın məqsədləri dəyişmir. Bu, Ukray­nanın denatifikasiyası, demilitarizasiyası və neytral statusudur. Eyni zamanda, V.Putin qeyd edib ki, ölkədə ümumi hərbi səfərbərlik elan olunması gözlənilmir.

XQ

Dünya