Dünən Şimali Avropa dövlətləri – Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç liderləri Norveçin paytaxtı Osloda bir araya gələrək Rusiya–Ukrayna müharibəsindəki mövcud durumu və rəsmi Kiyevə hərtərəfli yardım yollarını müzakirə ediblər. Xəbəri “Reuters” agentliyi yayıb.
Xəbərdə deyilir ki, danışıqlar zamanı Şimali Avropanın yuxarıda adları çəkilən 5 ölkəsinin liderləri Rusiya işğalına qarşı mübarizədə Ukraynaya “nə qədər lazımdırsa” dəstək verməyə hazır olduqlarını bildiriblər.
Müzakirələrdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib. O, ABŞ-dan qayıdan kimi “Köhnə qitə”nin şimalında yerləşən ölkələrin liderləri ilə Kiyevə dəstəyin genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün Norveçə gedib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan keçən təqribən 20 ay ərzində Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç Ukraynaya ümumilikdə təxminən, 11 milyard avro həcmində yardım edib. Bu ölkələr Osloda yenidən Kiyevə geniş hərbi, iqtisadi və humanitar dəstək verməyə hazır olduqlarını bildiriblər.
Bu barədə beş dövlətin birgə bəyanatında deyilib. Sənəddə “Rusiya təcavüzünü dayandırmalı, qoşunlarını dərhal və qeyd-şərtsiz Ukrayna ərazisindən çıxarmalıdır”, – deyə vurğulanıb.
Danimarkanın Baş naziri M.Frederiksen bildirib ki, onun hökuməti bu həftə parlamentə Ukraynaya 1 milyard avro (1,08 milyard dollar) dəyərində yeni yardım paketini təqdim edəcək. Norveçin Baş naziri C.Q. Store ölkəsinin Ukraynaya 3 milyard kron (273 milyon dollar) ayıracağını bəyan edib. Bu vəsait daha əvvəl Norveç Parlamenti tərəfindən 5 il ərzində 75 milyard kronla razılaşdırılmış paketin bir hissəsidir.
Osloda Şimali Avropa dövlətləri liderləri ilə birgə mətbuat konfransında Prezident V.Zelenski “Bu gün biz minlərlə ukraynalının həyatını xilas edə biləcək, həmçinin təcavüzkara təzyiqi artıra biləcək konkret şeylər haqqında danışdıq və danışacağıq” deyib. Onun sözlərinə görə, hazırda Kiyevin prioriteti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdir.
M.HACIXANLI
XQ

