Xalq TV-nin budəfəki qonağı Xalq artisti Mənsum İbrahimovdur
Ustad sənətkar, ünlü muğam ifaçısı ilə söhbətimizin mövzusu xalqımızın Vətənə dərin bağlılığında, qəhrəmanlıq ruhunun yüksəldilməsində musiqi yaddaşının misilsiz önəmi barədə oldu.
– Mənsum müəllim, Qarabağın bəlalı taleyini yaşadığımız ötən 30 ildə “Qarabağ şikəstəsi”, “Yaddan çıxmaz Qarabağ!” nidası itirilmiş torpaqlarımızın nisgilini ifadə etməklə, Qarabağ yaddaşını qoruyub gücləndirməklə yanaşı, həm də xalqımızı qarşıdakı ölüm-dirim savaşına ruhlandırırdı. Sizin də davamlı olaraq dünyanın hər yerində tüğyana gətirdirdiyiniz “Qarabağ şikəstəsi” mənəvi bir savaş aparırdı. Şükürlər olsun ki, bu milli yaddaş himni 3 ildir ki, Zəfər təntənələrimizi zirvə nöqtəsinə yüksəldir.
– Bu gün biz elə bir qələbə qazanmışıq ki, bundan sonra neçə-neçə illər keçəcək, neçə-neçə nəsillər gələcək – həmişə bu barədə ən yüksək öyünclə danışılacaq. Bu qəhrəmanlıq dastanı dillər əzbəri olacaq. Bu barədə kitablar yazılacaq. Bilirsiniz, sanki, biz bu hadisələrin içərisində olduğumuz üçün bu Zəfərin böyüklüyünü bir o qədər dərk edə bilmirik. Ancaq bir qədər məntiqlə düşündükdə qazanılan qələbənin nə qədər böyük olduğunu anlayırıq.
– Bu qələbəni xalqımıza qazandıran Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyir ki, Qarabağı bizə qaytaran Qarabağdan kənarda doğulan nəsil oldu. O nəsil isə “Yaddan çıxmaz Qarabağ” harayı ilə tərbiyələndi.
– Həqiqətən, Azərbaycanın igid övladları, gənclərimiz Vətən uğrunda canlarını sipər eləməklə bu unudulmaz tarixi qələbəni bizə bəxş elədilər. Biz həmin qələbəni o gənclərin hünəri ilə, onların canı-qanı bahasına qazandıq. Hamı deyir canım Vətənə fəda olsun. Ancaq zaman gələndə hamı onu bacarırmı? Məhz Azərbaycan gəncləri bunu bacardı. O gənclər ki, onlar Xocalı xatirəsi ilə böyüdülər, şəhidlərimizin abidəsini ziyarət edərək tərbiyələndilər, Birinci Qarabağ müharibəsində iştirak etmiş qazilərin xatirəsi ilə qeyrətə doldular.
Analarımız onları döyüşkən, qorxubilməz tərbiyələndirdilər. Prezident İlham Əliyev də dönə-dönə deyib ki, Azərbaycan anaları böyütdü o igid övladları. Həmin gənclər isə Vətən sevgisi ilə getdilər Qarabağı azad elədilər. Bu çətin və şərəfli işi gələcək nəsilə saxlamadılar. Bu gün bizim tarixi torpaqlarımız geri qaytarılıb. Xalqımız torpaq itkisi töhmətini üstündən atıb. 30 il ərzində Azərbaycan xalqı hamı bir nəfər kimi, öz əməlində bu iş üçün çalışmışdı. Mən özüm bir sənətkar olaraq 30 il əvvəl “Qarabağ muğam qrupu” yaratmışdım. Məhz həmin Qarabağ adı altında biz dünyanın dörd bir yanında “Qarabağ şikəstəsi”, Qarabağı vəsf edən mahnıları ifa etmişik.
Bütün çıxışlarımızda da qeyd edirdik ki, muğam üçlüyümüzün üzvlərinin doğulduğu Ağdam, Fizuli, Zəngilan və digər bölgələr işğal altındadır. Bax, bu cür biz təbliğat aparmışıq. Şükürlər olsun ki, gözlədiyimiz, can atdığımız Zəfər günü gəldi yetişdi. Xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi – əsgərimiz ön xətdə, xalqımız arxa cəbhədə. Sonda isə biz torpaqlarımızı düşmən tapdağından azad elədik.
– Sizin ifanızda “Yaddan çıxmaz Qarabağ!”, sadəcə, bir musiqi harayı deyildi. O bir fəlsəfə, bir çağırış, bir qayıdış, bir Zəfər proqramı idi. Siz o proqrama musiqinin ecazı ilə elə bir ton, elə bir yanğı verirdiniz ki, sanki, insanların qeyrətinə od basılırdı. Bəlkə də Qarabağı azad edən həmin nəsil, o yanğıdan, o alovdan, o qınağdan doğuldu.
– Bəli, bu belə idi. Lakin həm də bu qınağın cavabı olaraq bizə irad tutanlar olurdu ki, “Qarabağ şikəstəsi”ni hansı günümüzə oxuyursunuz?! Biz isə deyirdik ki, insanların yarasının qaysaq bağlamasına imkan vermək olmaz. O yara unudulmamalıdır. Torpaq, Vətən elə bir anlayışdır ki, insan oradan kənarda yaşaya bilməz. Xatirinizdədirsə, Ağdamın üçdəbirində ümumi əhalinin yarısı – 100 minədək insan məskunlaşdı. Çətin də olsa, dəfələrlə atəş altına düşsələr də insanlarımız öz yurduna yaxın yerdə məskunlaşdı, doğma obasından gələn yellərlə nəfəs aldı. Yəni, demək istəyirəm ki, Qarabağın havasına, suyuna və təbiətinə bağlanan insan başqa yerdə yaşaya bilməzdi.
– Bax beləcə, 30 illik işğal və erməni təcavüzü bütün Azərbaycanı qarabağlılaşdırdı.
– İtirilmiş Qarabağ 30 il bütün Azərbaycanın qibləgahına çevrildi. Azərbaycan xalqı üçün o torpaqlar müqəddəs sayılır. Çünki o torpaqda milli qürurumuza vurulan ləkə minlərlə şəhidin qanı ilə yuyulub. Bir də ki, bəli, bütün Azərbaycanda qarabağlı olmayan da özünü qarabağlıdan artıq qarabağlı hesab eləyib. Elə qazanılan qələbənin özülündə də bu birlik, sevgi dayandı.
Bundan başqa, bir məsələyə də toxunmaq istərdim. Biz müharibədə yağmaçı düşmənə qalib gəldik. Torpaqlarımızı mərdliklə azad etdik. Ordumuz düşmənin quldur dəstələri kimi, heç bir mülki şəxsi hədəfə almadı. Silahlı Qüvvələrimiz yaşayış olan heç bir şəhəri artilleriya atəşinə tutmadı. Amma erməni vandallarının Qarabağda dinc insanların başına gətirmədikləri müsibət qalmadı.
Şükürlər olsun ki, torpaqlar azad olduqdan sonra Qarbağa, Ağdama getmək və orada ermənilərin tövləyə çevirdiyi Allah evində azan vermək nəsib oldu mənə. Sonra xarici ölkələrin səfirləri Ağdama dəvət olundu və mən həmin yerdə Qarabağın muğam qrupu ilə birgə kiçik bir konsert verdim. Və biz sonra Şuşaya səfər etdik, orada birinci Xarıbülbül festivalında iştirak etdik. Ansamblın üzvlərindən Elçinə dedim ki, sən hiss edirsənmi ki, biz Cıdır düzündəyik... İnanın ki, baş verənlər bizə yuxu kimi gəlirdi.
Əsas vacib məqamlardan biri isə odur ki, torpaqlar azad edildikdən sonra, sanki, Azərbaycan xalqının əhvali-ruhiyyəsi dəyişdi. Pandemiyadan sonra dünyada və ölkəmizdə olan sıxıntılar, çətinliklər, elə bil, heç olmamış kimi təsir bağışladı. Bütün bunların kökündə isə Vətən müharibəsində qazanılmış qələbə dururdu. O qələbə, sanki, xalqımızı daşlaşmış bir ümidsizlikdən qurtardı. Axı, biz təkcə erməni ilə yox, onun arxasında dayanan namərdlik dünyası ilə üz-üzə gəlmişdik. Bizi ağır bir savaş gözləyirdi.
– Bu ağır durumun, çətinliyin ağuşunda insanlar başqa heç nəyin deyil, töhmət damğasından qurtulmağın ehtiyacını yaşayırdı, qələbənin acı idi.
– Təkcə biz yox, xaricdə yaşayan soydaşlarımız da eyni üzüntünü yaşayırdılar. Oradakı insanlar indi nə qədər sevinirlər. Onlar nə qədər xoşbəxtdirlər. İnanın ki, bizdən ikiqat artıq dərəcədə sevinirlər. Çünki onlar yad ölkələrdə, yad millətlərin içində başlarını qaldıra bilmirdilər ona görə ki, dünya bizə qorxaq və aciz xalq kimi baxırdı. İşğalçı bizə həqarətlə baxırdı. Lakin bu qələbə ilə alnımıza yazılmış bu ləkə təmizləndi.
Bu yaxınlarda biz Kubada və Meksikada xarici səfərlərdə olduq. “Qarabağ muğam qrupu” ilə həm Havanada, həm də Mexikoda konsertlər verdik. Artıq biz Qarabağ harayı ilə deyil, Qarabağ zəfəri ilə yaşayırdıq. Mexikoda dostluq parkı açıblar, Azərbaycanın xəritəsinin abidəsini qoyublar. Orada da Azərbaycanın xəritəsini bütöv gördük. Artıq orada Xankəndi, Kəlbəcər, Şuşa – hamısı bir yerdədir. Deməli, dünyada artıq bizim haqlı olduğumuz qəbul edilir. Bizim üçün o mənzərəni, həmin epizodu görmək çox qürurverici oldu. Orada bir Qarabağ abidəsi də var idi. O da Qələbəmizin əks-sədasıdır. Bürtün bunlar bizə Azərbaycan adına fəxarət hissi yaşatdı.
Artıq bizim xaricdəki diaspor nümayəndəliklərimiz və təşkilatlarımız da çox böyük və gözəl işlər görürlər. Demək olar ki, Azərbaycan və Türkiyə diasporası birləşib və bizim bütün tədbirlərimizdə iştirak edirlər. Əllərində Azərbaycan bayraqları hamısı meydanlardadırlar. Şükürlər olsun ki, bu gün bizim sənətimiz də qalibdir.
Bu gün Qarabağda güllə səsi eşidilmir. Bundan sonra inanırıq ki, Qarbağda yalnız sülh və əmin-amanlıq olacaq. Bütün bunların əsasında isə Ali Baş Komandanın yüksək sərkərdəlik bacarığı dayanır. Çünki sərkərdə güclü olanda ordunu bada vermir. Əgər biz birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsini müqayisə etsək görərik ki, 90-cı illərdə təkcə Ağdam 6 mindən çox şəhid verib. Ölkədə isə bu rəqəm daha böyükdür.
İkinci Qarabağ müharibəsində isə itkinin az olması güclü dövlət, iqtisadiyyat və ordu sayəsində mümkün oldu. Bütün bunlar isə Ali Baş Komandanın müdrik siyasətinin bəhrəsi idi. Ayyarımlıq Vətən müharibəsi günlərində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək bu qələbənin qazanılmasına töhfə verdi. Hətta döyüşə getməyən insanlarımız öz kiçik payları ilə – apardıqları isti geyim, ərzaq yardımları ilə ordumuza dəstək olmağa çalışırdılar. Şəhid verən ailələrin isə qələbədə iştirakı və payı misilsizdir. Onların doğmaları Vətənə qurban gedib.
Bizim ailəmizdə də Vətən müharibəsi iştirakçısı var idi. Bu, mənim qardaşım oğlu – şəhid İsrafil İbrahimovdur. Ümumiyyətlə, mənim üç qardaşım Birinci Qarabağ mühatibəsi qazisidir. İsrafilin atası da Birinci Qarabağ müharibəsinin qazisidir. O, gənc yaşlarından deyirdi ki, istəyirəm hərbçi olum, düşməndən qisasımızı alım. Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi, könüllü olaraq irəli atıldı. O, getdi və 30 gün döyüşdü. Oktyabrın 26-da Laçının Səfiyar kəndində şəhidlik zirvəsinə ucaldı.
– O torpaqlarımız ki, işğalda olarkən bizim muğamlarımızdan, musiqimizdən də qəlbimizə hüzn-kədər süzülürdü. Sanki, müsiqimizin ruhu işğal olunmuşdu. Gəlin, indi bu gün azad edilmiş o ruhumuzdan söz açaq. Çağlayan muğamımızdan danışaq. Onun daha böyük qəhrəmanlar yetişdirəcəyinə inanaq.
– Əlbəttə, 30 il ərzində, təbii ki, bizim musiqimiz də işğal altında idi. Sanki, musiqimizin ruhu azad deyildi. Amma buna baxmayaraq, bizim ustadlarımız, musiqiçilərimiz dövlətimizin dəstəyi ilə muğam müsabiqələri, festivallar və müxtəlif tədbirlər keçirirdilər. Çünki Azərbaycanın haqq sözünü biz musiqi ilə dünyaya çatdırırdıq. O dövrdə Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Milli Konservatoriya yarandı. 2005-ci ildən başlayaraq, Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə muğam televiziya müsabiqələrinə start verildi. Bu muğam müsabiqələri də, sanki, xalqı özünə qaytardı.
Prezident İlham Əliyevin dövründə isə – 2014-cü ildə Milli Konservatoriyanın yeni binasının açılışı oldu. Bu gün bizim Milli Konservatoriyada çox gözəl şərait yaradılıb. Muğamın tədrisi üçün bütün imkanlar var. Bununla yanaşı, muğama bağlı gənclər də çoxdur. Bunun özü çox sevindirici haldır.
Artıq tarixi zəfərimiz hər şeyi öz yerinə qaytarıb. Bu gün hər şey tamamilə dəyişib. Həm də bu dəyişmədə bəzi mahnılarımıza yeni sözlər də əlavə olunub. Məsələn, Qarabağa həsr edilmiş mahnılara məşhur sənətkarlarımızın, qəhrəmanlarımızın adları əlavə edilib: “Cabbarın, Xanın səsi, Arifin xoş nəfəsi, Şuşamızda səslənir Qarabağın şikəstəsi.
Mənim Bəhram Nəsibovun “Qarabağ” mahnısına əlavəm isə belədir: “Vətənimizin neçə qəhrəman övladı var, Surxayı, İsrafili, Mübarizi, Poladı var”. “Şuşanın dağları”, “Qarabağ şikəstəsi” isə Qarabağ zəfərinin himninə çevrilib.
– Sovet dövründəisə ifrat beynəlmiləlləşmə və yad təsirlər milli musiqimizə öz neqativ təsirini göstərmişdi. Lakin buna baxmayaraq, o dövrdə də kiçik bir qrup muğamı bir milli yaddaş bayarağı kimi yuxarı qaldırmış, onu qoruyub saxlamışdı.
– Mən deyərdim ki, Ulu öndərimizin hakimiyyətə qayıdışı ilə muğam yeni nəfəs qazandı. Onun qorunub saxlanması və təbliği milli dövlət siyasətinə çevrildi. Xatırlayırsınızsa, Füzulinin 500 illik yubileyi keçirildi. İraqda, Bakıda və bir sıra başqa ölkələrdə Dədə Qorqud dastanının 1300 illik yubileyi də qeyd olundu. Bunlar Ulu öndərin dövründə milli mədəni mühiti öz məcrasına qaytardı.
2004-cü ildən sonra isə Heydər Əliyev Fondunun yaradılması ilə bizim milli musiqimiz, muğamımız yüksəliş dövrü yaşadı. Bunu ona görə əminliklə deyə bilirəm ki, mən bu işin əvvəl günündən bütün Muğam müsabiqələrində münsif kimi iştirak etmişəm. Bugünədək 8 muğam televiziya müsabiqəsi keçirilib, 6 beynəlxalq muğam festivalı təşkil edilib. Bunların da nəticəsində onlarla gənc ifaçı bizim sənətimizə gəlib.
– Bütün bunların nəticəsi idi ki, necə deyərlər, muğamımız yüksəldi. Azərbaycan öz muğamı ilə Şərq ölkələrinin bayraqdarına çevrildi. Həm də xalqımızın ümidsizliyi əridildi, cəmiyyət qələbə əhvalına kökləndi.
– İnsanın əhvalını müsiqi qədər ikinci bir sənət yüksəldə bilməz. Musiqi ruhun qidası, yaralı qəlbin məlhəmidir. Biz çalışırdıq ki, çıxışlarımızla xalqımızın qəlbiqırıqlığını sağaldaq. Beynəlxalq aləmdəki çıxışlarımızla sübut olundu ki, muğam Azərbaycanın milli musiqisidir. Onun beşiyi Azərbaycandır. Dünya gördü ki, bu sənəti yaradan xalqın mədəni səviyyəsi necədir. Bu musiqinin kökləri bizim qədim tariximizdədir. Deməli, biz bu torpağın qədim və həqiqi sahibiyik. Artıq bizdə bu sahənin mükəmməl tədrisi və tədqiqi də var. 3 pilləli tədris forması – uşaq musiqi məktəbi, musiqi kolleci və milli konservatoriya sistemi qurulub. Yəni, uşaqlarımız gözünü açandan bu məktəbin içində böyüyürlər.
– Başqa Şərq ölkələrində də belə tədris varmı?
– Yox. Çünki bu məktəbin əsasını Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli qoyub. Elə muğamımızın da tədrisinin əsasını Üzeyir bəy qoyub. Bu gün həmin məktəb davam edir. Eyni zamanda, Üzeyir bəy muğamı operaya gətirib. Təbii ki, müxtəlif vaxtlarda da təkmilləşmə gedib. Ancaq bu işlərin əsasını Üzeyir bəy qoyub. Bu gün çox sevindirici hallardan biri də odur ki, Azərbaycanda ustad sənətkarlar üçün Milli Konservatoriya bir muğam məbədi rolunu oynayır. Leylilər və Məcnunlar, Aşıq Qəriblər, Koroğlular yetişir.
Yəni, artıq baza var. Dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində bu gün bu işlər uğurla həyata keçirilir. Onu da qeyd edim ki, biz həm Qarabağ savaşında, həm digər sahələrdə, həm də muğam məktəbində qalibik. Bunun da başlıca səbəbi arxamızda güclü Azərbaycan dövlətinin və onun müdrik rəhbərinin dayanmasıdır.
Sonda onu da xüsusi qeyd etmək istərdim ki, dövlət başçımızın rəhbərliyi və göstərişi ilə Ağdamda Muğam Mərkəzinin tikilişinə başlanılması sənətə verilən dəyərin növbəti təzahürüdür. Bu, respublikada ən böyük muğam mərkəzi olacaq. Orada neçə-neçə Seyidlər, Cabbarlar, Xanlar, Ariflər, Qədirlər, Səxavətlər yetişəcək. Çünki Ağdam tarixən Qarabağın mədəniyyət mərkəzi rolunu oynayıb. Bu torpağın iqlimi – saf havası və təmiz suyu şirin, şaqraq səsin yetişməsində böyük rol oynayır. Artıq bu torpaq bizimdir. Dünyaya səs salmış Qarabağ bülbülləri öz yuvasına qayıdır. Çünki yaddan çıxmadı Qarabağ!
– Maraqlı söhbətə görə təşəkkür edirik.
Hazırladı:
Tahir AYDINOĞLU
XQ