“Bakı Metropoliteni” QSC-nin “Ulduz” və “Nərimanov” stansiyaları arasında 1995-ci il 28 oktyabr tarixində baş vermiş yanğın hadisəsinin 30-cu ildönümü anım tədbiri ilə qeyd edilib.
“Ulduz” stansiyasında təşkil olunan mərasimdə hadisə qurbanlarının, eləcə də neçə-neçə insanın həyatının xilas edilməsində böyük fədakarlıq göstərən qəhrəmanlar - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev, liseyin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədovun xatirəsini əbədiləşdirən, hadisənin təfərrüatlarını özündə əks etdirən yeni memorial kompleks təqdim olunub.
Kompleksin önünə gül dəstələri qoyulub, faciədə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, igid Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb.
Mərasimdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, hadisə zamanı qəhrəmancasına həlak olanların ailə üzvləri və hadisənin şahidi olmuş metropolitençilər çıxış edib, Hərbi Liseyin kursantları xüsusi hazırladıqları şeir-kompozisiyanı təqdim ediblər.
XQ

