“Azərbaycanda din: ən qədim dövrdən bu günədək” kitabı rus dilində nəşr olunub

post-img

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub. Kitab ilk dəfə 2012-ci ildə Azərbaycan dilində çap edilib.

Azərbaycan dinşünaslığında dinlərin tarixini, bütövlükdə, özündə əks etdirən ilk fundamental monoq­rafiya 4 böyük bölmədən ibarətdir. “Qədim və orta əsrlərdə Azərbay­canda dövlət və din münasibət­ləri”, “Yeni dövrdə Azərbaycanda dövlət və din münasibətləri”, “Ən yeni dövrdə Azərbaycan Res­publikasında dövlət və din mü­nasibətləri” adlı bölmələrdə döv­lət-din münasibətlərinin ayrı-ayrı ictimai-siyasi formasiyalar siste­mində özünəməxsus keyfiyyətlər qazanaraq böyük intibah dövrü keçməsi, onun müstəqil Azərbay­can Respublikasının timsalında formalaşmış tarixi xronologiyası mükəmməl şəkildə təqdim olu­nur. Həmçinin nəşr Azərbaycanda dövlət-din münasibətlərinin tarixi, müxtəlif dinlərin yayılması və onların müasir vəziyyəti, o cümlədən ölkə ərazisində mövcud olan dövlətlərin din siyasəti barədə obyektiv məlu­matlar əldə etmək imkanı yaradır.

Əsərin böyük bir hissəsi döv­lətin həyata keçirdiyi din siyasəti problemlərinin işıqlandırılmasına həsr edilib. Kitabda Ümummilli lider Heydər Əliyevin müstəqil milli dövlət quruculuğu sahəsində işləyib hazır­ladığı din siyasəti, dini etiqad azad­lığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi, dini abidələrimizin bərpası və dini dö­zümlülük ənənəsinin möhkəmləndi­rilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açılıb. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi istiqamə­tində atılan addımlara diqqət yetiri­lib.

Qeyd edək ki, monoqrafiyaya tarixi-dini məbədlər barədə məlu­matlar və fotolar da daxildir. Kitabın redaktorları ilahiyyatçı Gündüz İsmayılov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, filo­logiya üzrə fəlsəfə doktoru Elçin Cabbarov, tərcüməçisi isə Azər­baycanın Əməkdar jurnalisti Əli Səidovdur.

Rusdilli oxucu kütləsi üçün nəzərdə tutulan kitab din­lə əlaqəli tədqiqat aparan mütəxəssislər, dinşünaslar, ila­hiyyatçılar, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün qiymətli töhfədir.

Kitab Azərbaycan Respubli­kası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyər­lərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini ic­ması tərəfindən çap olunub.

XQ

Mədəniyyət