Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri
Ölkələrimiz dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan və qazax xalqlarının dərin kökləri olan dostluq münasibətləri, xüsusilə də mədəni əlaqələr sahəsində əməkdaşlığı daha da genişlənib.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayında Qazaxıstana rəsmi səfəri zamanı humanitar sahədə əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirərək deyib ki, ənənənin davamı olaraq Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda isə Azərbaycan mədəniyyəti günlərinin təşkili xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək.
Xatırladaq ki, ötən ilin iyulunda Almatı şəhərindəki “Milli Dombra Günü”nə həsr olunmuş bayram tədbirində Azərbaycan nümayəndələri də fəal iştirak ediblər. Son tədbirlərdən biri isə bu ilin oktyabr ayında Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı statusunu daşıması ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa Günləri” layihəsi üzrə təntənələrin Bursa, Daşkənd və Budapeştdən sonra qardaş ölkənin Astana və Türkistan şəhərlərində təşkili olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbüssü ilə Füzulidə qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa olunması da qardaşlıq münasibətlərinin parlaq təzahürlərindəndir.
Dekabrın 2-də Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb. Beynəlxalq Muğam Mərkəzində mədəniyyət günlərinin açılışı olub. Mərasimdə diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər. Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel çıxışında bildirib ki, türksoylu Azərbaycan və qazax xalqlarını ortaq mədəniyyət birləşdirir. Diplomat mədəniyyət günlərinin iki ölkə arasında münasibətlərin bir göstəricisi olduğunu deyib və tədbirin proqramı barədə məlumat verib. Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafı qürur doğurur.
Sonra Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo-konserti təqdim edilib. Qazax milli musiqisini Böyük Çölə aid 30 alətdə ifa edən tanınmış kollektiv yüksək performans nümayiş etdirib. Ansambl, eyni zamanda, milli kukla teatrı ənənələrindən istifadə etməsi ilə tamaşaçıların alqışını qazanıb. 2013-cü ildə yaradılan bu ansambl ötən illər ərzində xalq musiqisi sahəsində bir çox nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Ansambl “Etnik musiqi” nominasiyası üzrə “World folk vision” beynəlxalq müsabiqəsinin Qran-pri, “Central Asia Got Talent” beynəlxalq istedad müsabiqəsinin “Qızıl düymə” mükafatlarının sahibidir.
Mədəniyyət günləri çərçivəsində Qabit Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı sənətsevərlər qarşısında "Qaragöz" tamaşası ilə çıxış edib. Teatrsevərlər bu kollektivi hələ 2014-cü ildə keçirilmiş Birinci Şəki Beynəlxalq teatr festivalındakı uğurlu çıxışı ilə xatırlayırlar. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Fərhad Moldağali, bəstəkarı Oljas Jakypbek, səs tərtibatçısı isə Rahat Törejandır. Qazaxıstanlı yazıçı-dramaturq Muxtar Auezovun faciə janrında qələmə aldığı əsər köhnə adətlərin qurbanı olmuş iki sevən gəncin – Sırım və Qaragözün taleyindən bəhs edir. Tamaşada əsas rolları Mədinə Öserbayeva, Nurjan Asılxan və Maksat Raxmet canlandırıblar.
Dünən isə Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi nümayiş etdirilib və qardaş ölkənin incəsənət ustalarının qala-konserti keçirilib.
Qeyd edək ki, 2024-cü ildə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
XQ