Qısa Filmlər Festivalının açılış olub

post-img

Nizami Kino Mərkəzində 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirildi. 

Festivalın direktoru Fehruz Şamıyev festival iştirakçılarını salamladı. Hər il olduğu kimi, bu il də festival həyəcanı yaşadığını dedi: 

- Həmişə düşünmüşəm ki, hər il bu festivalı keçirəndə bizim üçün daha rahat olacaq. Amma heç də belə deyilmiş. Hər il yenidən bu həyəcanı yaşayırıq. Bu gərginliyin içində bir qələbə mesajı gizlənir. Hansı ki, qarşımıza çıxan bütün çətinliklərin öhdəsindən gəlməliyik, daha böyük auditoriyalara çıxmalıyıq, daha yaxşı filmləri izləyicilərə təqdim etməliyik və ən əsası, ölkəmizdə olan kino sənayesini inkişaf etdirməliyik. Son 30 ildə yaşadıqlarımızdan  sonra qələbə qazanmağımız bizim üçün çox böyük hadisə oldu. Bu, bizim şüuraltımızda qalibiyyət filmlərinin olacağına işarədir. Biz bundan sonra öz filmlərimizi dünya kino səhnəsinə ürəklə çıxara biləcəyik. 

Azərbaycan Respublikası Kino Agentliyinin nümayəndəsi Rəşad Qasımov Bakı Beynəlxalq Qısa Filmlər Festivalını Azərbaycanın ən uzunömürlü festivalı adlandırdı. Bildirdi ki, artıq bu festivalın öz komandası və tamaşaçısı var. Bu ən böyük uğurdur. 

Festival çərçivəsində milli kinomuzun 125 illiyi münasibətilə Azərbaycan kinosundakı xidmətlərinə görə Azərbaycan kinosunda peşəkar kadrların yetişdirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Film Fondunun direktoru, kinorejissor Cəmil Quliyev, dublyaj sahəsindəki xidmətlərinə görə Azərbaycanın səsləndirmə sənətçisi, Əməkdar artist Nəcibə Hüseynova və müəllif kinosunun inkişafındakı xidmətlərinə görə isə Əməkdar incəsənət xadimi, kinorejissor Elçin Musaoğlu “Qızıl nar” mükafatı ilə təltif olundular. 

Beynəlxalq Qısa Filmlər Festivalı tamaşaçılarına dünyanın nüfuzlu mükafatlarından olan “Bafta” nominantlarının və qaliblərinin filmlərini təqdim edir. Bu nümayiş festivalın Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və “British Council” ilə birgə əməkdaşlığı çərçivəsində baş tutur. 

Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab Fergus Auld festival ərzində Böyük Britaniya filmlərinin nümayişini təşkil etdiyinə görə  “British Council”ə minnətdarlıq etdi:

 - Ciddi və gülməli, animasiya və canlı döyüş, romantik komediya və qorxu, bədii və qısametrajlı  filmləri izləməyi çox sevirəm. Buna görə də bu axşam burada “Bafta” nın filmlərini görmək üçün səbrsizliklə gözləyirəm. “British Council” şirkətinin də burada əməyi çox böyükdür. Keçən ay biz bu şirkətin Azərbaycanda 30 yaşını qeyd etdik. Qeyd edim ki, onların Mədəniyyət Nazirliyi ilə də sıx əməkdaşlığı var. Sonda bir əlavəm olacaq. Azərbaycan dilini öyrənərkən, filmlərini  də izləməyi çox sevirdim. Çıxışımı bir sitatla bitirirəm: “Bu kino ki, var. Bu çox qəliz məsələdir. Həm də ki, vacib”.

Açılış mərasimində beynəlxalq müsabiqəyə qatılan və yerli müsabiqəyə qatılan filmlərin kadrları nümayiş etdirildi. “Azərbaycan” ritmq qrupunun ifasında musiqi nömrəsi səsləndirildi. Sonra, Britaniya Film və Televiziya Sənədləri Akademiyasının “Bafta” mükafatına namizəd olmuş, bu il ən yaxşı qısametrajlı bədii film nominasiyasında “Oskar” mükafatına layiq görülmüş “İrlandsayağı vida” filmi təqdim olundu. 

Qeyd edək ki, bu ilki festivala 78 ölkədən 704 film təqdim olunub. Seçim komisiyası festivalın beynəlxalq müsahibəsinə 32 ölkədən 42 film, yerli müsabiqəyə isə 26 film daxil edib. Asiya istedadları müsabiqəsində isə 11 ölkədən 17 film yarışacaq. “Sinema1” müsabiqə proqramı, nümayiş xarakterli ponorama və retrospektiv proqramlar da tamaşaçıların ixtiyarına veriləcək. 

Festivalın əsas tərəfdaşları Nizami Kino Mərkəzi, Azərbaycan Film Fondu, Azərbaycanfilm kinostudiyası, Azərbaycan Prodüserlər Gildiyası, Yunus Əmrə İnstititu, “ÖzFilm” şirkəti, “Sinetur” Dünya Film Festivallarının Beynəlxalq Komitəsi, “Radisson” hoteli və “Özsüt” restoranıdır. 

Bu il festivalın qonaq ölkəsi Türkiyədir. 

Fidan SALMANOVA

XQ

 

















Mədəniyyət