Eskişehirdə “Qarabağ – İnancın Zəfəri” adlı bayram tədbiri təşkil edilib

post-img

Türkiyənin Eskişehir şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Qarabağ – İnancın Zəfəri” adlı təntənəli bayram tədbiri keçirilib.

XQ-ə verilən məlumata görə, Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonra Türkiyədə yaşayan azərbaycanlı bəstəkar, dirijor və pianoçu Turan Manafzadənin Türkiyə Cümhuriyyətinin qurulmasının yüzüncü ildönümü münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Eskişehir şəhər qeyri-hökümət təşkilatlarının sədri Nihat Bahar, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu türk dünyasını Azərbaycanın Zəfər Günü münasibətilə təbrik ediblər. “8 Noyabr 2020-ci ildə haqqın zəfəri olaraq əldə etdiyimiz qələbənin üçüncü ildönümü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 19 Sentyabr 2023-cü il tarixində başladığı 23 saatlıq antiterror lokal tədbirləri nəticəsində indi qürurla Zəfər coşğusunu yaşayırıq”, - deyə S.Yaquboğlu söyləyib. 

Bədii hissədə tələbələr Zaur Cahangirov, Fidan Hüseynli, Tuqay Cəfərli, Türkan Vəlizadə və Eskişehir Azərbaycanlıları Dərnəyinin qadınlar şöbəsinin rəhbəri, opera sənətçisi Fidan Hüseynova konsert proqramı ilə çıxış ediblər. Onların ifasında Qarabağ haqqında hekayə, Zəfər şeiri, “Sarı gəlin” və “Naz eləmə” rəqsləri, Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən “Cənab leytenant” mahnısı təqdim edilib. 

Tədbirin sonunda Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın maraqlı proqramın hazırlanmasında iştirak edən hər kəsə minnətdarlığını bildirib. 











Sosial həyat