Puççini “Toska” və “Turandot” operalarının Kazanda böyük uğuru

post-img

Tatarstanın paytaxtı Kazan şəhərində Musa Cəlil adına Dövlət Akademik Opera və Balet teatrında dahi italyan bəstəkarı Cakomo Puççininin iki sənət şedevri olan “Toska” və son operası “Turandot”un böyük uğurla ifası gerçəkləşmişdir.  Hər iki tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarəsi altında təqdim olunmuşdur.

Qeyd etmək lazımdır ki, azərbaycanlı dirijorun Kazan Opera Teatrı ilə əməkdaşlığı 2021-ci ilin may ayında başlamışdır - məhz həmin ildə Rudolf Nureyev Beynəlxalq Festivalı çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin xoreoqraf Eldar Əliyevin quruluşunda premyerası baş tutmuşdur.  

Ənənəyə sadiq qalaraq Tatarstan Dövlət Opera Teatrı hər zaman tamaşalarına müxtəlif teatrların məşhur və seçilən opera ifaçılarını dəvət edir. Bu dəfə də “Toska” və “Turandot”un tamaşalarında iştirak etmək üçün Moskva Gelikon Operasının solisti Elena Mixaylenko (soprano), Mariinski Teatrın solisti Ahmed Agadi (tenor), Moskva Bolşoy Teatrın solisti Marat Qali (tenor), Belarus Bolşoy Teatrının solistləri Stas Trifonov (bariton) və Andrey Valentiy (bas) dəvət edilmiş, eyni zamanda Kazan Dövlət Opera Teatrının aparıcı solistləri  Zoya Sererina, Gülnora Qatina, Yuriy İvşin və Oleq Maçin həmin tamaşalarda yer almışlar. Möhtəşəm səhnə əsərlərinin ifası zamanı böyük simfonik orkestr, böyük qarışıq xor, uşaq xoru, səhnə nəfəs alətləri orkestrinin ifaları gecəyə rəng qatmışdır.  

Xüsusi qeyd etmək lazımdır ki, tamaşalar tam anşlaq keçmiş və dinləyicilər tərəfindən böyük marağa səbəb olmuşlar. Səfər zamanı dirijor Əyyub Quliyevin Tatarstan Dövlət Akademik Opera və Balet Teatrının baş direktoru professor Raufal Muxametzyanovla səmimi görüşü baş tutmuşdur. Görüş əsnasında qarşıda keçiriləcək F. Şalyapin Beynəlxalq Opera Festivalının proqramı və digər yaradıcı planlar müzakirə edilmişdir.

 



Mədəniyyət