Tarixi film və bir filmin tarixi

post-img

“Nəsimi” filmi – 50

 

Bu il 125 yaşını qeyd edən Azərbaycan kinematoqrafiyasının tarixində seçilən hadisələrdən biri 50 il əvvəl “Nəsimi” filminin ərsəyə gəlməsidir. 

Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tut­ması ötən əsrin 70-ci illərində tarixi-mə­dəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu öndə­rin təşəbbüsü ilə Azərbaycan ədəbiyya­tının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO sə­viyyəsində qeyd edilib. Həmin il “Nəsimi” filminin çəkiliməsi qərara alınıb və bu iş rejissor Həsən Seyidbəyli ilə yazıçı İsa Hüseynova həvalə edilib. 

Nəsimişünaslar, dilçilər, filoloqlar, re­jissor və ssenaristlərin ssenari müzakirə­sində İsa Hüseynovun “Məhşər” romanı­nın süjetinin film üçün əsas götürülməsi məqsədəuyğun sayılıb. Filmin çəkilişləri boyunca da görkəmli filoloq və tarixçilər məsləhətlərini veriblər: onlar çəkilişlərdə iştirak ediblər ki, Nəsimi dövrü, dili, fəlsəfi baxışı ilə bağlı yanlışlığa yol verilməsin, şairin qəzəlləri düzgün ifa olunsun. Ən böyük əziyyət isə təbii ki, rejissorla sse­nari müəllifinin çiyinlərinə düşüb. 

Daim çəkiliş meydanında olan İsa Hüseynov sonradan ssenariyə çoxlu əlavələr edib. Yaradıcı heyətə ona aid ol­mayan köməklikləri də göstərib. Məsələn, Teymurləng obrazını oynayan Xalq artisti Yusif Vəliyev yaddaşında problem oldu­ğundan obrazın sözlərini unudurmuş, İsa müəllim isə ona suflyorluq edirmiş. Nəsi­mi ilə Teymurləngin dialoqu səhnəsində o, Yusif Vəliyevə kömək edərkən kadra düşməsin deyə, at arabasının altında giz­lənərək sözləri oradan pıçıldayırmış. 

“Nəsimi”yə qədər “Azərbaycanfilm”də lentə alınan filmlərdə dekorasiyadan isti­fadə olunsa da, bu filmdə heç bir qurama səhnə yoxdur. Çəkilişlər pavilyonda deyil, təbiətin qoynunda, uyğun tarixi məkanlar­da çəkilib. Bu coğrafiya isə Qobustandan tutmuş, ta Özbəkistanın Xivə şəhərinə qədər geniş ərazini əhatə edib. Teymur­ləngin əsgərlərlə yürüşü Mərəzə yolunda – Cəngidə çəkilib. Həmin kütləvi səhnəyə yığılmış 5 minə qədər könüllü tələbə ki­nostudiyada kostyumlarını geyinib 50–60 avtobusla Cəngiyə gediblər. Nəsiminin edam səhnəsi isə Özbəkistanın Hələ­bi xatırladan tarixi Xivə şəhərində lentə alınıb. Naxçıvandakı Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, Ramana qalasında da çəkilişlər aparılıb.

Baş rolun ifaçısı Rasim Balayev de­yir ki, İncəsənət İnstitutunu bitirəndən Nəsimi roluna çəkilincəyə qədər çox­saylı sınaq çəkilişlərində olub, hamısı uğursuzluqla nəticələnib. Gənc aktyor mənəvi çətinliklərin məngənəsində ağır depressiya ilə xəstəxanaya yerləşdiri­lib:– Xəstəxanada yatırdım, filmin 2-ci re­jissoru mənə bir ssenari verdi ki, Həsən Seyidbəyli deyir, bunu oxusun. Dedim ki, mən bu yaxınlarda öləcəm, başqa adam tapın. Həmin gün həkimlər yığışıb məni bir daha müayinədən keçirdilər, sonra konsilium etdilər və sanatoriyaya göndə­rildim. Həsən müəllim dedi ki, get, dincəl, amma hər günorta gəl məşqlərə. Beləcə, 2 ay məşq etdik, sonra çəkilişlər başlan­dı. Məni Həsən Seyidbəyli Nəsimi obrazı ilə həyata, həm də sənətə qaytardı. 

Həmin səhnədə günün altında üzün­də əzab ifadəsi inandırıcı olsun deyə, ak­tyora içməyə su da verməyiblər. Kadrlar çəkilib bitən kimi ətrafda çəkilişi izləyən sadə adamlar hamısı əllərində hazır tut­duqları su dolu stəkanla Rasim Balayevi dövrəyə alıblar. Aktyor deyir ki, ən çətin anlarımda o sevgi məni yaşadıb. 

Hürufiliyin banisi Fəzlullah Nəiminin qızı Fatimə obrazının ifaçısı aktrisa Xa­lidə Quliyeva o zaman tələbə olub. Onu Həsən Seyidbəyli Tofiq Tağızadənin “Qı­zıl qaz” filmindən bəyənibmiş. Xalidə xa­nım ssenarini oxuyub, rejissora “Fatiməni oynayaram”, – deyib. “Elə mən də onu istəyirəm” – deyə, rejissor cavab verib. 

Filmdə Dərviş rolunu oynayan Əbdül Mahmudbəyov isə danışır ki, Dərvişi boğ­ma səhnəsində özünü rəsmən boğulmuş hesab edib: “Necə yapışdısa boğazım­dan, Nəimi məni xilas edəndə elə bildim daha ağzımı açıb danışa bilməyəcəm, ona görə də səhnə təbii alınmışdı”. 

“Nəsimi” filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalın­da tarixi mövzuda çəkilmiş ən yaxşı filmə görə mükafat alıb. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayev II mü­kafatı qazanıb. Zaman göstərdi ki, Yusif Vəliyevin Teymurləngi, İsmayıl Osmanlı­nın Fəzlullah Nəimisi, Məmmədrza Şeyx­zamanovun Şeyxi, Səməndər Rzayevin Şirvanşah I İbrahimi, Kamal Xudaverdi­yevin Yusifi, Tofiq Mirzəyevin Dövlət bəyi, Muxtar Maniyevin Miranşahı, Əbdül Mah­mudovun dərvişi də kişi rolu kimi ölməz obrazlardır. 

Bu il “Nəsimi” filminin 50 illik yubileyi­dir. Amma hər dəfə ekranlarda göstərilən­də təzə çəkilibmiş kimi, maraq və məhəb­bətlə izləyirik, kinomuzun “Nəsimi”sinin yaradıcılarına əhsən deyirik. 

R.QURBANLI
XQ

Mədəniyyət