Ağsuda “yeraltı muzey”ə səyahət

post-img

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndi ərazisində aşkarlanan nekropolda tədqiqat işlərini başa çatdırıb. 

Ərazidəki 64 kvadratmetr sahədə qazıntı aparılıb. Uzun dövrlər ərzində şum işlərinin görülməsi, təsərrüfat quyu­larının qazılması nəticəsində qarışmış təbəqədən Ellin dövrünə aid nərgizava tipli qabların – küpə, parç və dolçaların parçaları seçilərək götürülüb. Orada 2 sadə torpaq qəbir də üzə çıxıb. Ümumi­likdə bu ilin sentyabr ayında Nərgizava nekropolunda 15 sadə torpaq qəbir öy­rənilib. 

Aşkarlanan qəbirlərin yarısı azyaşlı uşaqlara məxsusdur. Onların bəziləri iri küp parçaları ilə örtülüb, yanlarına is­tiqamət göstərən daşlar qoyulub. Uşaq skeletlərinin üzərindən tunc, dəmir, əqiq, pasta, şüşə bəzək əşyaları, üzüklər, qol­baq, sancaq və muncuqlar aşkar edilib. Böyüklərin skeletləri arasında kişilərə aid olanlar üstünlük təşkil edir. Onların baş və ya ayaq tərəfində dəmir nizə və bıçaq­lar olub. Maraqlıdır ki, bəzən kişi və qa­dınlar eyni quyuda dəfn edilib. Ona görə də Nərgizava nekropolu pilləli qəbirlər adlandırılır. 

İlk dəfədir ki, Nərgizava abidəsində qəbir avadanlığı içərisində oturacağında “tələf deşiyi” olan saxsı qablara rast gəli­nir. Bununla yanaşı, bu abidədə daş hey­kəlin başının qoparılaraq başıüstə qoyul­ması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar Qafqazla yanaşı, Ellin dövründə Ptolomeylər Misirinə xas­dır və daha əvvəlki dövrlərin dini ayinlə­rini əks etdirir.

Qazıntı dövründə orta əsr Ağsu şəhə­ri Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şa­girdləri üçün təlim və ustad dərsi keçilib.

XQ

Mədəniyyət