“Axırıncı aşırım”da qalan kişilər

post-img

Yəqin, duydunuz ki, söhbət hansı aşırımdan, hansı kişilərdən gedəcək. Bəli mövzumuz unudulmaz yazıçı-ssenarist Fərman Kərimzadənin “Qarlı aşırım" romanı əsasında 1971-ci ildə ekranlaşdırılmış “Axırıncı aşırım” filmindəki atlarını çapıb gedən kişilərin mənəvi dünyasıdır.

Əvvəla, deyək ki, filmdəki hadisələr tarixi faktlara əsaslansa da, dəqiq ye­rin göstərilməməsi epoxal ümumiləş­dirməyə xidmət edib. Önəmli olanı film çəkilən vaxtlarda sovet ideologiyasına xidmət etmək idi. Yəni Kərbəlayi İsma­yıl, Qəmlo kimi kişilər “sinfi düşmən” qismində qələmə verilməklə bərabər, həm də öz xalqının bədxahı kimi təqdim olunmalı idilər. Onlara qarşı çıxanlar isə, guya, şura hökumətinə sadiq olan kasıb camaat imiş. Sonda ikincilər qa­lib gəlməli idilər. Axı kommunistlər “qur­banlar verib, xalq hakimiyyəti” qurmuş və hamını bərabərləşdirmişdilər. Bəli varlını da kasıb eləmişdilər.

Bunlar o vaxt filmə baxanda görə bildiklərimizdir. İndi isə həmin filmlə­rin arxa planında və alt qatında qalmış məqamlar daha çox diqqət çəkir. “Sinfi düşmən”lərin öz məntiqi olmuşdu. İndi onların o vaxt dediklərinin “neqativ”ini dəyişən zamanın işığı aşkarlayır. Mə­lum olur ki, “sonuncu aşırımda” kişilər cismən məhv edilsələr də, mənəvi qa­liblər elə onların özləri imiş. 

Bəylik – milli ləyaqət

Kinonun qızıl dövrü adlandırılan həmin illərdə güclü kişi obrazları yara­dılmış 3 ekran əsəri daha çox diqqət­çəkəndir: Tofiq Tağızadənin “7 oğul istərəm”, Hüseyn Seyidzadənin “Dəli kür” və Kamil Rüstəmbəyovun “Axırın­cı aşırım” filmləri. Hər 3 film eyni ide­yaya xidmət edir: sovet ideologiyasına görə, Kərbəlayi İsmayıl, Gəray bəy və Cahandar ağa düşməndirlər. Bu 3 film məhz Adil İsgəndərovun kinoya rəhbərlik etdiyi illərdə çəkilib. Səbəbini düşünəndə anlayırsan ki, Adil müəlli­min özü də həmin kişilərin xəmirindən yoğrulubmuş. 

Filmlərin hər birində sətiraltı mənalar aydın sezilir. Onların dialoqlarda əksini tapmış əyilməzliyi vaxtilə “sinfi düş­mən”in kəskinliyi, yeni quruluşa qarşı barışmazlığı anlamına gəlirdi və onların məhv edilməsinin zəruriliyini əsaslandı­rırdı. İndi isə bu məşhur dialoqlar üsyan qaldırır, bəraət istəyir. Bu günün nəzəri ilə baxdıqda üç obrazın hər biri əslində millətin dayağı, xalqın, Vətənin, torpa­ğın azadlığını düşünən, əyilməz əsilza­də bəylərin mükəmməl obrazlarıdır. 

Bəyliyin izi itmir...

Sovet sisteminin qılıncının qəbzəsi də kəsən vaxtlarda bu gerçəyi kütləvi filmə gətirmək, hakim imperiya qayçı­sından salamat keçirmək o qədər də asan məsələ deyildi. Bunun üçün onla­rın “sinfi düşmən”liyini də gərək ortaya qoya idin. Kimin dost, kimin düşmən ol­duğunu isə zaman ayırd etməli imiş. İndi məlum olur ki, həmin 3 obrazın arxasın­da elə Adil İsgəndərovun öz bəyliyi giz­lənibmiş. Nə yaxşı ki, bu möhtəşəm kişi də sovet senzurası ilə ideologiya vuru­şunda qalib gəlib. 

“Axırıncı aşırım” filmi müxtəlif son­luqlarla iki variantda lentə alınıb. Azər­baycan dilində olan versiyada Qəmlonu Kərbəlayi İsmayıl, ruscasında isə Yə­dullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında giz­lənən bir qaçaq öldürür. Hazırda hər iki variant Dövlət Film Fondunda qorunub saxlanılır. 

Rejissor Kamil Rüstəmbəyov filmin sonunu elə çəkmişdi ki, Qəmlo Kərbə­layinin sözünə məhəl qoymayıb atlıla­rın ardınca yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə atını Qəmlonun ardınca çapır, amma gecikir və Abbasqulu bəyi xilas edə bilmir, qəzəblənib Qəmlonu öldürür. Kərbəlayinin belə ədalətli göstərilməsi Moskvadakı senzuranın xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyiş­məsini tələb edirlər. Rejissor məcbur olub daha bir epizod əlavə edir. Qəmlo­nu Xudayarın qardaşı öldürür.

Film yenidən montaj edildikdən son­ra ekranlara çıxır. Amma əvvəlki varian­tın izləri qalır. Diqqətlə baxanlar görürlər ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir: Kərbəlayi Qəmlonu gəbərtdi. Senzorun gözündən yayındırılaraq filmdə saxlanı­lan bu səhnə milli kinematoqrafın uğuru idi. 

Bu ölməz ekran əsərinin uğurunun bir qaynağı da Adil İsgəndərov, Həsən Məmmədov, Məlik Dadaşov tandemidir. Bu da kinostudiya rəhbərliyinin və rejis­sorun düzgün seçimi idi. Sonrakı nəsil kişi obrazlarını canlandıran Həsən Tu­rabov, Hamlet Xanızadə, Şahmar Ələk­bərov onların təcrübə məktəbini keçib­lər. 

Bəyliyə layiq oyun

Aktyor Əbdül Mahmudov (Bəy­lər) filmin çəkilişi zamanı aktyorların bəyliyə layiq oyun və davranışlarını belə xatırladı: 

– İki epizodu danışacağam. Birincisi odur ki, Məlik müəllimin şapalağının izi dodağımda hələ də qalır. Şillə, əslində, Fazil Salayevə vurulmalı idi. Boğazında zobu vardı, dedi partlaya bilər. Odur ki, epizod mənim üstümdə çəkilməli oldu. Kamil Rüstəmbəyovla Məlik Dadaşov sözü bir yerə qoyublar. Mənə də sel­lafonda mürəbbə suyu veriblər, qoymu­şam ağzıma ki, şillədən sonra yıxılanda onu da ağzımda dişləyib yayam doda­ğıma. 

Sözü bir yerə qoyublar ki, təbii alınsın deyə şillə həqiqi olsun. Məlik müəllim də mənə tutarlı bir şillə çəkdi. Mən də özümü yıxılmağa hazırlamış adam kimi, zərbədən arxası üstdə necə getdmsə, başım dəydi arxadakı pən­cərəyə. Dodağım həqiqətən də partladı, ağzımdakı sellafon isə getdi qarnıma. Özümü güclə ələ aldım. 

Rəhmətlik Adil İsgəndərov çox əsə­biləşdi və qorxdu ki, mənə nə isə olar. Qalxdım, dedim, eybi yox, ustad, qoy, belə canlı çıxsın. 

İkinci epizod isə Abbasqulu bəyin ölüm səhnəsidir. Vurdular onu, qayadan yıxıldı. Qobustanda çəkilirdik. Kaskad­yor bəzi məqamlarda onu əvəz etmə­li idi, nə qədər başa saldılar ki, üzünü kameraya çevirmə, xeyiri olmadı. Axır­da Həsən Məmmədov rəhmətlik dedi ki, özüm çəkiləcəm. Qayadan aşanda yazığın qolu-qıçı şiltikləndi. Çəkilişlər başa çatanadək ona toxunmaq olmur­du, yaraları sızıldayırdı. Aktyorlar çəkiliş zamanı bəy obrazlarının dərin təsiri al­tında idilər və özlərini onlara layiq apar­mağa çalışırdılar. Adil müəllim isə canlı bəylik timsalı idi.

Kamil Rüstəmbəyov Adil İsgəndəro­vun yetirməsi idi. Adil müəllim həm onun ustadı, həm də kinostudiyanın direktoru olduğundan rejissor ona söz deməyə ürək eləmirmiş. Bunu anlayan Adil İs­gəndərov deyir: Qadam, nə qədər ki, çəkiliş gedir – mən aktyoram, sən rejis­sor. 

Bəyliyi yaşadan kişilik

Film 1972-ci ildə Tbilisidə V Ümu­mittifaq kinofestivalında uğurla qarşı­lanıb. Festivalın “Ən yaxşı kişi roluna görə” mükafatını 2 aktyor alıb – Həsən Məmmədov Abasqulu ağa, Adil İsgən­dərov isə Kərbəlayi roluna görə. Adil İsgəndərov elə tədbirdəcə öz mükafa­tını Qəmlonun ifaçısı Məlik Dadaşova təqdim edərək deyib: “O məndən də yaxşı kişi obrazı yaradıb”. Xatırladaq ki, həmin vaxt onlar küsülü olublar. Bax bu özü də gerçək bir kişilikdir. 

Filmin bəstəkarı və dirijoru Arif Mə­likov, redaktoru İntiqam Qasımzadədir. Ceyhun Mirzəyevlə Nicat Feyzullayev filmdə rejissor assistenti olublar. 

“Axırıncı aşırım”ın bəzi dialoqları dillər əzbəridir: “Abasqulu ağanın nazı ilə çox oynayırsan ha, Kərbəlayi”, “Hö­kumət adamı görəndə əllərim gicişir”, “Bir dəli şeytan deyir, bunların atlarının ayaqlarının altını tut atəşə, qalxsınlar şahə, çırpsınlar bunları yerə”, “Namu­sumuz, qeyrətimiz var, dözərik”, “Evin kişisini soruşarlar”, “Sel gələndə bi­rinci çör-çöp gətirər, ağır kötüyü onun gur yeri gətirər. İndi kötüyü qabağa ve­riblər.”, “Adə, Səməd, ölmüsən?”, “Qı­şın günündə bu nə yaylağa çıxmaqdır, Kərbəlayi?”, “Canımıza elə bir od sal­mayıblar ki, aranda otura bilək”, “Evi­mi aldılar, dinmədim, malımı aldılar, dinmədim. Əşi, naxırımı otaranın biri gəlib mənimlə bərabər olsun? İndi də deyirlər torpağını ver. Sabah deyəcək­lər papağını da ver, namusunu da. Mən belə hökuməti tanımıram, vəssalam”, “Kərbəlayi başını itirib, oğlu da yadın­dan çıxıb”, “Oğlum Yadullanın müsibəti belə olmamışdı” və s. 

Bütün bu deyimlərdə əksini tapan əsas keyfiyyət “Axırıncı aşırım”da qa­lan kişilərin mənəvi dünyasıdır – kişilik dəyərləridir.

 

R. QURBANLI
XQ

Mədəniyyət