Qırğız ədibin kitabı ana dilimizdə

post-img

Çingiz Aytmatov – 95

Dekabr ayında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyi ölkəmizdə geniş qeyd ediləcək. Yubiley ərəfəsində yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının çevirməsində görkəmli ədibin “Dağlar yıxılanda” adlı nəsr toplusu işıq üzü görüb. 

Qırğızıstan Respublikasının ölkə­mizdəki səfirliyində toplunun təqdimatı keçirilib. Mərasimdə yazıçının oğlu, Bey­nəlxalq Çingiz Aytmatov Fondunun prezi­denti Eldar Aytmatov da iştirak edib. 

Qırğızıstanın Bakıdakı səfiri Kayrat Osmanaliyev ölkələrimiz arasında dost­luq və tərəfdaşlıq münasibətlərinin inki­şafından və mədəni əlaqələrin möhkəm­lənməsindən söz açıb. O, böyük ədibin yaradıcılığına Azərbaycanda göstərilən marağı yüksək qiymətləndirib, yeni kita­bın yazıçının yubileyinə dəyərli töhfə ol­duğunu vurğulayıb. 

Nəriman Əbdülrəhmanlı çıxışında Çingiz Aytmatovun Azərbaycanı özünün ikinci Vətəni saydığını, ölkəmizdə böyük ədibin əsərlərinin çox sevildiyini, Qır­ğızıstan səfirliyinin dəstəyi ilə işıq üzü görən yeni nəşrin də maraqla qarşılana­cağını əminliklə bildirib. 

Ədibin oğlu Eldar Aytmatov yeni nəşrin onun atasının xatirəsinə sonsuz hörmət nişanəsi olduğunu bildirib, tər­cüməçiyə və səfirə təşəkkür edərək, hər ikisinə Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun xatirə medalını təq­dim edib. 

TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlı Çingiz Aytmatovun 95 illik yubileyinin Azərbaycanda keçirilməsini və kitabın nəşrini türk xalqlarının mənəvi birliyinə verilən sanballı töhfə adlandırıb.

Qeyd edək ki, “Qanun” nəşriyyatında nəfis şəkildə nəşr olunmuş kitaba yazıçı­nın sonuncu “Dağlar yıxılanda” romanı, “Üz-üzə” povesti və hekayələri daxil edi­lib. Kitabın rəyçisi filologiya elmləri dokto­ru, professor Bədirxan Əhmədli, mətndə­ki şeirlərin tərcüməçisi Nurafiz, redaktoru isə İlqar İlkindir.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət