Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 30 dekabr tarixli qanuna əsasən, fevralın 1-dən etibarən ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti əhəmiyyətli dərəcədə sərtləşdirən yeni qaydalar qüvvəyə minir.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, “tarix və mədəniyyət abidələri” sözləri “mədəni sərvətlər” sözləri ilə əvəz edilərək anlayışlarda dəqiqləşdirilmə aparılmışdır. Beynəlxalq təcrübə nəzərə alınaraq daşınar və daşınmaz mədəni sərvətlərə qarşı törədilən cinayətlərin xarakteri və tətbiq olunan cəzalarda fərqləndirilmişdir. Mədəni sərvətlərə münasibətdə “korlama” və “məhv etmə” əməllərinin və mütənasib olaraq həmin əməllərə görə tətbiq edilən cəzalar bundan sonra fərqli olacaq.
Yeni qaydalarda mədəni sərvətlər ilə bağlı cinayət əməllərinə görə hüquqi və vəzifəli şəxslərin də cinayət məsuliyyəti müəyyən edilmişdir. Bundan əlavə, “Mədəni sərvətlərin ehtiyatsızlıqdan məhv edilməsi” əməlinin cinayət məsuliyyətinə səbəb olması müəyyən edilmiş və Cinayət Məcəlləsinə müvafiq maddə (246-1) əlavə edilmişdir.
Mədəni sərvətlərin korlanması və məhv edilməsi üzrə əməllər cinayət məsuliyyətinə səbəb olduğuna görə, İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq Cinayət Məcəlləsinə əlavə edilmişdir.
İnşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsi, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 231.3-2-ci maddə əlavə edilmişdir. Yalnız xüsusi mühafizə dərəcəsi tətbiq olunan deyil, dövlət tərəfindən mühafizə olunan bütün mədəni sərvətlərə qarşı törədilən əməllərə tətbiq olunan sanksiyalar isə proporsionallaşdırılmışdır.
Qeyd edək ki, yeni qaydalar bu sahədə hüquqi məsuliyyətin gücləndirilməsi isə mədəni irsin qorunmasına dövlət səviyyəsində verilən xüsusi əhəmiyyətin göstəricisidir.
XQ

