Azərbaycanda 2 fevral Gənclər Günü münasibəti ilə ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları, diasporumuzun üzvləri, ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli tədbiri açaraq bildirib ki, Gənclər Günü 1997-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və ölkənin ictimai həyatında mühüm yer tutur. O vurğulayıb ki, həm Azərbaycanda, həm də Özbəkistanda gənclər dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunur, fəal, savadlı və milli dəyərlərə sadiq gənc nəslin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Akif Marifli çıxışında qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də gənclərə xüsusi diqqət yetirilir, onların xaricdə təhsil alması, yaradıcılıq və ictimai fəaliyyət sahəsində inkişafı üçün geniş imkanlar yaradılır. O, eyni zamanda Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verərək burada Azərbaycan dili, rəsm kursları, eləcə də teatr və rəqs dərnəklərinin fəaliyyət göstərdiyini, bu dərnəklərdə Azərbaycan və Özbəkistan gənclərinin fəal iştirak etdiyini qeyd edib.
Tədbirin mədəni proqramı Özbəkistan Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun Hərbi Orkestrinin musiqi əsərlərinin ifası ilə başlayıb.
Sonra proqramda Azərbaycandan xüsusi olaraq dəvət olunmuş gənc müğənni Zülfü Əsədov iştirak edərək Azərbaycan musiqilərini səsləndirib.
Daha sonra Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin çıxışları təqdim olunub. “Xarı bülbül” teatr truppası teatr tamaşalarından parçalar ilə yanaşı musiqi nömrələri də nümayiş etdirib. “Qarabağ zəfəri” rəqs ansamblı isə Azərbaycan xalq rəqsləri əsasında hazırlanmış xoreoqrafik kompozisiyalar təqdim edərək milli səhnə və musiqi elementlərini əks etdirib.
Tədbirin sonunda Azərbaycan mədəniyyətinin təbliğində göstərdikləri fəal xidmətlərə görə fərqlənən gənclərə sertifikatlar təqdim olunmuşdur. Azərbaycanın Hüseyn Quliyev və Akif Marifli Azərbaycan mədəniyyətinin Özbəkistanda təbliğində fəal iştirak edən gənclərə və yaradıcı kollektivlərə, o cümlədən “Qarabağ zəfəri” rəqs ansamblının və “Xarı bülbül” teatr truppasının üzvlərinə sertifikatlar təqdim ediblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd






