Masallıda aztəminatlı ailəyə fərdi yaşayış evi tikilib
Rahim Əliyev gənc ailə başçısıdır. Masallı rayonunun Meşəkənarı kəndində yaşayır. Ailədə 5 qız uşağı böyüyür. Böyüyü Güldəstənin 11 yaşı var, sonbeşik Şəbnəm isə 1 yaş 4 aylıqdır.
Çoxuşaqlı ailə uzun müddət heç bir məişət şəraiti olmayan yarımçıq tikilidə yaşayıb. Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə aztəminatlı ailə üçün üçotaqlı fərdi yaşayış evi tikilib. Mənzillər, mətbəx tam təmirlidir. Mebel, məişət əşyaları, lazımi avadanlıqlar və kommunal xidmətlərlə təmin edilib. Ümumi yaşayış sahəsi 100 kvadratmetrdir.
Əliyevlər ailəsi hədsiz sevinc, fərəh içindədir. Daha çox sevinən 5 azyaşlı qız: Güldəstə, Səma, Nur, Ayan və Şəbnəmdir. Ailənin təzə mənzilə köçməsi ilə əlaqədar keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin üzvlərindən Fəzail İbrahimli, Anar İsgəndərov, Cavanşir Paşazadə, Elman Nəsirov, Məşhur Məmmədov, rayon icra hakimiyyəti aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid, aztəminatlı ailələrin yanında olduqlarını, bu qəbildən olan ailələrin sosial problemlərinin həllinə dövlətimiz tərəfindən yüksək qayğı göstərildiyini diqqətə çatdırıb. Rayonda şəhid, qazi, əlil, ehtiyac içində yaşayan ailələrin problemləri daim diqqət mərkəzindədir, hazırda 2 şəhid ailəsi üşün fərdi yaşayış evi tikilir, 3 şəhid aləsinə məxsus ev tam təmir edilib.
İcra başçısı “Viləş” uşaq bağçasının direktoru Şəfa Allahverdiyevanın təşəbbüskarlığını, əməyini yüksək qiymətləndirib, bu evin ərsəyə gəlməsində dəstəyi olan sahibkarlara, iş adamlarına təşəkkürünü bildirib. Beş qız uşağının böyüdüyü ailəyə xeyir-dua verərək xoşbəxtlik, firavanlıq arzulayıb, uşaqların müstəqil Azərbaycanın layiqli vətəndaşı olacağını əminiklə söyləyib. RİH başçısı Araz Əhmədov bu cür təşəbbüslərin davamlı olacağını, rayonda şəhid, qazi, müharibə iştirakçıları və aztəminatlı ailələrin sosial problemlərinin həllinə qayğının artırılacağını qeyd edib.
Milli Məclisin üzvü Məşhur Məmmədov son illər belə bir xeyirxah layihə çərçivəsində Ərkivan qəsəbəsində 3 azyaşlı, Banbaşı kəndində gələcəyin əsgəri olacaq 5 oğlan uşağının olduğu aztəminatlı ailələr üçün fərdi evlərin tikildiyini bildirib. Milli Məclisin üzvlərindən Fəzail İbrahimli, Anar İsgəndərov, Cavanşir Paşazadə, Elman Nəsirov möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini, insanları narahat edən sosial problemlərin davamlı şəkildə həll olunduğunu vurğulayaraq gənc ailəyə xeyir-dua verib, xoş arzularını söyləyiblər.
Xeyriyyəçi xanım Şəfa Allahverdiyeva aztəminatlı ailə üçün təzə, yaraşıqlı yaşayış evinin inşa edilməsini dövlət başçısının uğurlu sosial siyasətinin Masallıda yüksək işgüzarlıqla həyata keçirildiyinə bariz nümunə olduğunu, ailənin sevincinə yaxından qoşulduğunu qeyd edib.
Doğrudan da el gücü, sel gücüdür. Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayonun idarə və müəssisə rəhbərlərinin, xeyirxah masallılıların, Rusiyada yaşayan soydaşlarımızın dəstəyi ilə bu ev ərsəyə gəlib. Gəlin, hamımız bir-birimizə arxa-dayaq olaq, yardıma, köməyə ehtiyacı olanlara dəstəyimizi əsirgəməyək, – deyə Şəfa xanım bildirib.
Ev sahibi Rahim Əliyev ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, xeyirxah insanlara dərin minnətdarlığını bildirib.
Sonra hamı çay süfrəsi arxasında ailənin sevincinə qoşulub.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri


