Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayon Mədəniyyət Mərkəzi və Qərbi Azərbaycan İcması (QAİ) Göygöl rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə tibb üzrə fəlsəfə doktoru, yazıçı-publisist Abbas Göyçəgölün tərtib və nəşr etdirdiyi “Nərimanlı–Hüseynquluağalı aşıqları və şairləri” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, idarə, müəssisə və təşkilatların əməkdaşları, tanınmış söz adamları, ziyalılar, elm və mədəniyyət xadimləri, eləcə də bölgənin məşhur aşıqları iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən natiqlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən ətraflı bəhs edərək, nəşrin aşıq sənətinin və bölgənin zəngin ədəbi-mədəni irsinin öyrənilməsi və təbliği baxımından mühüm mənbə olduğunu vurğulayıblar. Bildirilib ki, əsər milli-mənəvi dəyərlərin qorunması, folklor irsinin sistemli şəkildə gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində müəllif Abbas Göyçəgölün yaradıcılığı ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb, kitab haqqında ətraflı məlumat verilib. Çıxışlarda müəllifin uzun illər apardığı elmi araşdırmaların nəticəsi olan bu əsərin ədəbiyyatşünaslıq və folklorşünaslıq sahələrinə dəyərli töhfə olduğu xüsusi qeyd edilib.
Səmimi müzakirələr şəraitində keçən təqdimat mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yadda qalan mədəni hadisə kimi dəyərləndirilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri






