Silsilə nəşrin ilki
“Heydər Əliyevin Aforizmləri: Motivasiya” (müəllif Nərgiz İsmayılovadır) kitabı “Qanun” nəşriyyatının Ulu öndərin 100 illik yubileyi münasibətilə hazırladığı və silsilə təşkil edəcək kitabların ilkidir.
Ulu öndər həyat və fəaliyyətinin müxtəlif dönəmlərində müdrik və uzaqgörən zəkasından süzülüb gəlmiş həyat həqiqətlərini zaman-zaman ifadə edib və bu həqiqətlər aforizmlər şəklində xalqın qəlbinə, yaddaşına həkk olunub.
Oxucuların diqqətinə təqdim edilən bu kitabda Ümummilli liderin insanı gələcəyə səsləyən, ona ümid və təpər verən, mübariz olmağa çağıran, həyatda dönməzliyi, sarsılmazlığı təlqin edən, məqsədə çatmaq üçün bütün qüvvələrini səfərbər edərək fədakar fəaliyyətə səsləyən müdrik kəlamları toplanıb.
Arif Məlikov və müasirləri
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva–İbrahimovanın “Heydər Əliyev” ordenli görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Arif Məlikov: Tarix və müasirlik” kitabı Mədəniyyət Nazirliyinin dəstəyilə Qara Qarayevin ev-muzeyində təqdim olunub.
Kitabda görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr yer alıb. Sonuncu bölmədə Arif Məlikovun yetirmələrinin ürək sözləri verilib. Əlavəyə isə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər Arif Məlikovun şəxsi arxivindən götürülüb.
Kəlağayı dünyası
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi “Kəlağayı əlvan qıyqacı” layihəsi çərçivəsində yeni kitab nəşr etdirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə çap olunan şeirləri layihə rəhbəri Güllü Eldar Tomarlı uzun illər ərzində toplayıb. Qız-gəlinlərin ismət, gözəllik və yaraşıq rəmzi sayılan kəlağayını vəsf edən şeirlər kitabında 76 müəllifdən nümunələr yer alıb. Birinci vitse-prezident Mehriban Əliyevanın milli baş örtüyü olan kəlağayıya diqqət və marağını əks etdirən məqalə və şəkillər də toplanaraq oxucuların ixtiyarına verilib.
Kitabın redaktoru Vüsal Sehranoğludur. Üz qabığındakı ''Kəlağayı əlvan qıyqacı'' rəsm əsəri Gülnarə Məmmədliyə, qədim "Heratı" kəlağayısı isə basqallı usta Abbasəli Talıbova məxsusdur.
Hazırladı:
Ə.DOSTƏLİ
XQ