Kukla Teatrında yeni mövsüm açıldı

post-img

“Melisa” tamaşasının premyerası uğurla keçdi 

Sevinc Nuruqızının eyni adlı nağılının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru – “Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyeva “XQ” yə açıqlamasında səhnə əsərini belə xarakterizə edib: “Tamaşa üzərində 6 aydan çoxdur ki, məşq edirdik. Səhnə əsəri 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Melisa öz rahat və rəngli dünyasından çıxmış, həyatın hər üzünü görmüş gəlincik kukladır. Yaşadığı çətinliklərə baxmayaraq, ümidini itirmir. Tamaşa vasitəsilə uşaqlara istənilən çətinliyə düşsələr belə, ümidlərini itirməməyi, hər vəziyyətdən çıxış yolu tapmağı bacarmağı aşılayırıq”. 

Birhissəli tamaşada fərqli texnika­lı kuklalardan, işıq həlli və tərtibatdan istifadə olunub. Səhnə işinin quruluş­çu rəssamı Əfşan Əsədova, bəstəkarı Röya Hüseynovadır. Tamaşada musiqi seçimi ideyanı tamamlayır, mövzunun açılmasını asanlaşdırır.

Səidə xanım yeni mövsümdə oyna­nılacaq digər tamaşalar haqqında da məlumat verdi: “Rejissor Anar Məm­mədovun quruluşunda “Ələddin” tama­şasının nümayişi gözlənilir. Həmçinin, teatrda məşqləri gedən növbəti səhnə işi – böyüklər üçün nəzərdə tutulan və əsasən də festivallarda nümayiş üçün hazırlanan “İtki” adlı kukla tamaşasıdır. Uzun illər səhnədə oynanılan “Cik-cik” tamaşasını da yeni quruluşda təqdim etməyi düşünürük”. 

Teatrın direktoru Əməkdar mədə­niyyət işçisi Rəşad Əhmədzadə ümu­mi yaradıcılıq atmosferini dəyərlən­dirdi: “Bu gün uşaqlar, ələlxüsus da, kiçik yaş qrupu üçün bədii nümunələr tapmaq və kukla estetikasında səh­nəyə tamaşa qoymaq elə də asan de­yil. Çünki o yaş qrupu daha çox ani­masiya dilini – özü də valideynlərinin çox vaxt başları qarışsın deyə, onlara verdikləri “ağıllı” telefonlardakı effektli oyun və animasiyaları gördükləri üçün – daha asan qavrayırlar. Amma bütün bunlara rəğmən, biz bacardığımız kimi işimizin öhdəsindən gəlməyə çalışı­rıq. Bu baxımdan əminəm ki, “Melisa” tamaşası balaca teatrsevərlərimizin xoşuna gəldi. Fürsətdən istifadə edib, uşaq yazıçı və dramaturqlarından belə əsərlər yazıb bizə göndərmələrini xa­hiş edirəm”.

Aktrisa Ülviyyə Əliyeva “Melisa” ta­maşasının ilk məşqlərinə başlayanda çox kövrəldiyini dedi: “Tamaşa o qədər təsirli idi ki, öz rolumu oynayanda belə çox kədərlənmişdim. Səhnə əsərində 4 obraz canlandırıram. Bunların hər biri mənə doğmadır. Tamaşa oynanıldıqca daha da gözəl olacaq. Hər kəsi tama­şaya baxmağa dəvət edirəm”. 

Premyeradan sonra uşaqların üz­lərindəki razılıq hissini görməmək, duymamaq mümkün deyildi. Məktəbli dostumuz Firuz İbrahimov teatrın açılı­şı üçün hədsiz darıxdığını və tamaşanı çox bəyəndiyini dedi. İradə Allahverdi­yeva da Kukla Teatrını sevdiyini, tez-tez tamaşalara gəldiyini və zövq aldığı­nı bildirdi. 

Qeyd edək ki, Kukla Teatrının kol­lektivi Ümummilli lider Heydər Əliyevin 100, Peşəkar Azərbaycan Teatrının 150 illik yubileyi münasibətilə sentyabrın sonlarında “Melisa” tamaşası ilə Gəncə şəhərinə qastrol səfərinə yollanacaq. 

 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto)
XQ



Mədəniyyət