Gənc Tamaşaçılar Teatrı – 95
Bu, ölkədə yeganə teatrdır ki, aktyorlar gündüz uşaq tamaşalarında, axşam klassik əsərlərdə dramatik rollarda oynayırlar. Söhbət 96-cı mövsümünü açmağa hazırlaşan Gənc Tamaşaçılar Teatrından gedir.
Teatr ötən mövsümü uğurla tamamladı. Mövsümün sonlarında ərsəyə gələn və uğurlu premyerası olan bir neçə tamaşa yaddaşlarda qaldı. Yeni mövsümdə həmin əsərlər yenə repertuarda olacaq. Onlardan biri Mehriban Ələkbərzadənin quruluşunda “Kod adı V.X.A.”, ikincisi İlqar Fəhminin pyesi əsasında Nicat Kazımovun quruluş verdiyi “Balaca kişilər” tamaşasıdır.
“Kod adı V.X.A” tamaşasında tarixi-sənədli faktlara istinadla XX əsrin 30-cu illərində Stalin repressiyalarından əziyyət çəkən qadınların sürgündəki həyatları təsvir edilib. Tamaşa Əhməd Cavadın 130 illiyinə, repressiya qurbanı olmuş böyük fikir adamlarına və onların ailə üzvlərinə ithaf olunub. 4 saat çəkən tamaşa birnəfəsə baxılır. Tarixilik baxımından önəmli sənət nümunəsidir.
“Balaca kişilər” isə 44 günlük Vətən müharibəsində döyüşüb şəhid, qazi olan, qələbə qazanan gənc oğlanların həyatını əks etdirir. Nicat Kazımovun quruluş verdiyi bu tamaşa yeni, 96-cı mövsümdə 2-ci təqdimatı ilə mövsümü açacaq.
Gənc Tamaşaçılar Teatrı 96-cı mövsümü zəngin və şərəfli tarixinin yeni inamlı səhifəsi kimi açır. Xatırladaq ki, bu sənət ocağı Bakı Uşaq Teatrı adı altında Azərbaycan Xalq Maarif Komissarlığının 1928-ci il 20 sentyabr tarixli qərarı ilə fəaliyyətə başlayıb. Teatrın ilk truppasında Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev kimi sənətkarlar cəfakeşliklə çalışıblar.
Teatr 1930-cu il yanvarın 30-da N.İvanterin “Qırmızı qalstuk əleyhinə” adlı əsərinin ilk tamaşası ilə qapılarını tamaşaçıların üzünə açıb. 1936-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlanır. Sovet dönəmində Gənc Tamaşaçılar teatrı bir çox mükafatlara layiq görülüb.
Hazırda teatr kollektivi beynəlxalq teatr festivallarında iştirak edib, uğur qazanan tamaşalara imza atır. Son 10 ildə yaradıcı kollektiv müxtəlif ölkələrdə keçirilən onlarla festivalda iştirak edib. Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra qocaman sənət məbədi daha uğurla fəaliyyət göstərir.
Gənc Tamaşaçılar Teatrı uzun illərdir ki, səhnə məkanında məktəb rolunu oynayır. Burada yetişib püxtələşən bir çox aktyor və rejissorlar sonradan ölkənin müxtəlif teatrlarında və kino sahəsində uğurla çalışıblar. Onların arasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yoluna davam edənlər daha çoxdur.
Teatrda hazırda 8 Xalq artisti, 19 Əməkdar artist, 3 Əməkdar incəsənət xadimi, 2 Əməkdar mədəniyyət işçisi, 5 Prezident təqaüdçüsü, 10 Prezident mükafatçısı çalışır.
Hazırda teatrın repertuarında A.Şa-iqin “Tıq-tıq xanım” və “Göyçək Fatma” nağılları, P.Pançevin “Dörd əkizin nağılı”, A.Tolstoyun “Buratinonun macəraları”, R.Kiplinqin “Mauqli” tamaşaları, Ə.Haqverdiyevin “Pəri Cadu”, H.Cavidin “Şeyx Sənan”, T.Vəliyevanın “Mənim ağ göyərçinim”, M.F. Axundzadənin “Hekayəti Xırs quldurbasan”, Ə.Əmirlinin “Hasarın o üzü”, K.Qaldoninin “Mehmanxana sahibəsi”, M.Füzulinin “Leyli və Məcnun” , A.Çexovun “Qağayı”, M.Ələkbərzadənin “Kod adı – V.X.A.” kimi maraqlı tamaşaları aparıcı yer tutur.
Teatrda uzun illərdir həm aktyor, həm rejissor kimi çalışan Nicat Kazımov yubiley ilinin mövsümü ilə bağlı bildirdi: 96-cı mövsümünü açmağa hazırlaşan teatrımızda 33-cü mövsümdür ki, çalışıram. Bu teatr evimdən çox olduğum bir məkandır. Burada həm qocaman sənətkarlar, həm də gənc aktyorlar çalışırlar. Lətifə Əliyeva, Tariyel Qasımov təqaüdə çıxan aktyorlarımızdır, amma teatrla əlaqələri kəsilmir, gənclərə yol göstərirlər. Çox istərdim ki, bütün xidmətləri nəzərə alınaraq teatrımızın statusu barədə təklifə yubiley ilində həssaslıqla yanaşılsın.
Hazırda Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Jan Anuyun "Antiqona" əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb. Dünyanın bir çox səhnələrində hazırlanan bu əsərin quruluşcu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Uşaq və gənclərimizin sevimli teatrına yeni mövsümdə yeni sənət uğurları arzulayırıq.
R.QURBANLI
XQ