Milli Kitabxana – 100
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dünya milli kitabxanaların rəhbərlərinin iştirakı ilə “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov konfransı açıq elan edib.
Mədəniyyət naziri Adil Kərimli Milli Kitabxananın 100 illik yubileyi münasibətilə kitabxananın əməkdaşlarına təbriklərini çatdırıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva və başqaları çıxış edərək Milli Kitabxananın xalqımızın intellektinin formalaşmasındakı rolundan danışıblar.
Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsinin təkcə kitabxanaçılar üçün deyil, həmçinin bütün oxucu nəsli üçün də əlamətdardır. Konfrans plenar iclaslarla davam edib.
Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Pakistan, Rusiya, Litva Milli Kitabxanaları, Roma Mərkəzi Milli Kitabxanası və Makedoniyanın Kliment Ohrid Universitet və Milli Kitabxanası (Skopye) arasında qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.
Həmçinin Milli Kitabxananın tarixinə aid “Milli Kitabxananın qızıl fondundan”, “Milli musiqi xəzinəmizdən” və “Milli Kitabxananın nəşrləri” adlı kitab sərgiləri də təşkil edilib.
XQ