İntibah dövrünün poeziya zirvəsi

post-img

Saraylardan uzaqlaşıb xalqa qucaq açan söz dahisi

Azərbaycan ədəbiyyatında İntibah dövrünün təşəkkülü və formalaşması ilk növbədə Xaqani Şirvaninin adı ilə bağlıdır. O, bütövlükdə Şərq ədəbiyyatının intellektual səviyyəsini dəyişən, poeziyaya dərin ictimai-humanist məzmun gətirən nadir şairlərdəndir. Nizami Gəncəvidən 15-20 il əvvəl yaradıcılığa başlayan Xaqani söz sənətini estetik çərçivədən çıxararaq fəlsəfi, sosial və mənəvi müstəviyə daşıyıb. Bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, İntibah dövrü ədəbiyyatının qüdrətli simalarından biri, böyük söz ustadı Əfzələddin Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyi qeyd ediləcək.

Əfzələddin Xaqani Şirvani 1126-cı ildə Şamaxı şəhərində dünyaya göz açmışdır. Əsərlərində  doğma şəhərini sevgi və qürurla xatırlayan Xaqaninin şeirə olan meyli 15–16 yaşlarında artıq ətrafındakıların diqqətini çəkir və  əmisi ona “Həssanül-Əcəm” təxəllüsünü verir. Təxminən 18 yaşında Şirvanşahlar sarayına dəvət olunan gənc şair  mədhiyyələr yazır. Lakin zaman keçdikcə saray həyatının süni parıltısı, ədalətsizliklər və asılılıq onu  mənən sarsıdır. Azad ruhlu şair saray mühitinə sığmır və  qurtuluş yolları axtarır. Bu barədə o, "Töhfətül-İraqeyn" poemasında yazır: 

Əvvəllər şahları mədh etdiyimçün, 
Dilim bulanmışdı çirkaba bütün

Xaqani Şirvani Azərbaycan ədəbiyyatında poema janrının ilk böyük nümayəndəsi kimi tanınır. Onun qələmə aldığı əsərlər ideya yükü etibarilə də yenilikçidir. Klassik Şərq poeziyasında əsasən tərif və mədhiyyə vasitəsi kimi qəbul edilən qəsidə janrı Xaqani yaradıcılığında tamamilə yeni məzmun qazanıb. Şair bu janrı ictimai tənqid, insan ləyaqətinin müdafiəsi və mənəvi üsyanın ifadə vasitəsinə çevirib.

Xaqani poeziyasında şərin açıq və barışmaz inkarı, xeyir, ədalət və gözəlliyin isə ehtirasla tərənnümü diqqəti  cəlb edir. Onun humanizmi mücərrəd deyil, real insan talelərinə, cəmiyyətin sosial ziddiyyətlərinə söykənir. Bu xüsusiyyətlər Xaqani yaradıcılığını dünya ədəbiyyatının İntibah dövrü sənətkarlarının ideyaları ilə eyni müstəvidə daşıyır.

Şərq ədəbiyyatının Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi böyük nümayəndələri Xaqani dühasına böyük ehtiramla yanaşmış, onun yaradıcılığından bəhrələnmiş, bəzi əsərlərinə nəzirələr yazmışlar. Bu fakt Xaqaninin təsir dairəsinin təkcə Azərbaycanla məhdudlaşmadığını, ümumşərq miqyasında qəbul edildiyini göstərir.

Şairin ədəbi irsinin əsasını təxminən 17 min beytlik lirik şeirlər toplusu – Divan təşkil edir. Bu divanda qəsidə, qəzəl, rübai, mərsiyə, mədhiyyə kimi klassik janr nümunələri toplanmışdır. Xaqani bu janrların hər birinə yeni nəfəs gətirərək onları fikrin ifadə vasitəsinə çevirmişdir. Xüsusilə qəsidə janrı onun yaradıcılığında ictimai-siyasi və fəlsəfi məzmunun daşıyır. Xaqaninin farsca əsərlərində də Azərbaycan ruhu, türk ahəngi həmişə özünü göstərmişdir. 

 “Şiniyyə” və “Mədain xərabələri”  əsərlərində dünyanın faniliyi, hakimiyyətin ötəriliyi və insan taleyinin ziddiyyətləri güclü poetik obrazlarla təqdim olunur. “Həbsiyyə” ruhlu şeirlərdə isə şairin şəxsi həyat təcrübəsi ilə ictimai düşüncə qovuşur. 

Xaqaninin ən irihəcmli əsəri olan “Töhfətül-İraqeyn” Azərbaycan ədəbiyyatı tarixində poema janrının ilk kamil nümunəsi hesab olunur. Əsər bəzən mənzum səfərnamə kimi təqdim edilsə də,  bu yanaşma tədqiqatçılar tərəfindən tam doğru hesab edilmir. Poema yalnız Ərəb və Əcəm İraqına  səfərlərin təsviri ilə məhdudlaşmır, əksinə, burada şairin  həyat yolu, qarşılaşdığı insanlar, şahidi olduğu hadisələr və bu hadisələrə verdiyi fəlsəfi qiymətlər əksini tapır. 

Şair  əsərini ilkin olaraq “Töhfətül-xəvatir və zibdətül-zəmair” adlandırmışdır. Sonrakı nəşrlərdə isə poema müxtəlif adlarla təqdim edilmişdir. Bu da əsərin daha geniş mənəvi və intellektual məzmun daşıdığını təsdiqləyir. “Töhfətül-İraqeyn”də şair öz daxili dünyasını, həyatla hesablaşmalarını, dövrün mənəvi və sosial problemlərinə münasibətini poetik dilə çevirir. Bu baxımdan poema həm avtobioqrafik, həm fəlsəfi, həm də ictimai məzmun daşıyır. 

Xaqani Şirvaninin ədəbi irsi bu gün də aktuallığını qoruyur. Onun sözündə zamanın sınağından çıxmış həqiqətlər, insanı düşünməyə vadar edən suallar və azad ruhun poetik ifadəsi yaşayır. Məhz buna görə Xaqani irsi Azərbaycan və Şərq ədəbiyyatının canlı mənəvi sərvəti kimi dəyərləndirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov qeyd etdi ki, Azərbaycan ədəbiyyatında İntibah dövrü kimi xarakterizə olunan mərhələnin ən qüdrətli nümayəndələrindən biri Əfzələddin Xaqani Şirvanidir:

–Onun yaradıcılığı dövrün cəmiyyətində və sonrakı əsrlərdə insanlığın mənəvi, etik və əxlaqi düşüncə tərzinin formalaşmasında mühüm rol oynamışdır. Xaqani sənəti Azərbaycan ədəbiyyatının ictimai məsuliyyət daşıyan, humanist mahiyyətini açıq şəkildə ortaya qoyur.

“Xaqani Şirvaninin dövrü, mühiti və həyatı” adlı məqaləmdə göstərmişəm ki,  XII əsrdə Şirvanşahlar dövləti xüsusilə xarici siyasətdə fəallığı ilə seçilir, qonşu dövlətlərlə diplomatik münasibətlərin qurulmasına və möhkəmləndirilməsinə xüsusi önəm verirdi. Şirvanşahlar sarayı dövrün tanınmış söz və fikir adamlarının toplandığı əsas mərkəzlərdən biri idi. Xaqani Şirvaninin saray mühiti ilə bağlı yaradıcılığı, əsasən, Şirvanşah III Mənuçöhrün (1120–1163) və onun varisi Axsitanın (1164–1196) hakimiyyət illərinə təsadüf edir. Həmin dövrdə sarayda Xaqani ilə yanaşı, Əbuləla Gəncəvi, Fələki Şirvani və İzzəddin Şirvani kimi görkəmli şair və ədiblər fəaliyyət göstərirdilər. Bu mühit poeziyanın və elmi-bədii düşüncənin inkişafında mühüm rol oynayırdı.

Saray mühitindən kənarda olan sənətkarlar da bu dövrün ədəbi mənzərəsinin ayrılmaz hissəsi idi. Qivami Mütərrizi, Nizami Gəncəvi, eləcə də həyatının son illərində saraylardan uzaqlaşan Xaqani Şirvani bu müstəqil ədəbi çevrənin əsas nümayəndələri idilər. Bu sənətkarların hər biri XII əsr Azərbaycan ədəbiyyatının formalaşmasında və zənginləşməsində mühüm rol oynayırdı. 

Xaqani Şirvaninin  poeziyasında insanın cəmiyyət qarşısında məsuliyyəti, ədalət anlayışı, mənəvi kamillik və yaradıcı azadlıq kimi mövzular mərkəzi yer tutur. Məhz bu xüsusiyyətlər Xaqani yaradıcılığını zamanın fövqünə çıxarır. Filoloji tərcümələrimin bir hissəsi “Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə” adı altında tam şəkildə çap olunub. 2017-ci ildə işıq üzü görən kitaba şairin ərəbcə yazdığı şeirlərin, eləcə də ərəbcə yazdığı iki müqəddimənin filoloji tərcüməsi daxil edilib. 

Müsahibimiz bildirdi ki, şairin əsərlərinin fars dilində yazılması bəzən yanlış interpretasiyalara səbəb olur. Halbuki bu, dövrün ədəbi və mədəni tələbi idi və Azərbaycan ədəbiyyatının zənginliyini, onun regional və beynəlxalq əlaqələrinin genişliyini göstərirdi:

– Fars dili o dövrdə Şərq ədəbiyyatının əsas yazı dili olmaqla yanaşı, Azərbaycan ədəbi mühitinin də ayrılmaz tərkib hissəsi idi. Bu mövzu ayrıca elmi yanaşma tələb edir və Xaqani irsi beynəlxalq konfranslarda da bu kontekstdə dəfələrlə müzakirə olunmuşdur. Eyni zamanda, Xaqani Şirvani yalnız fars dilində deyil, ərəb dilində də yüksək səviyyəli əsərlər yaratmışdır. Onun ərəb dilində qələmə aldığı şeirlər XII əsr Şərq ədəbiyyatında yenilikçi məzmun və poetik yanaşma baxımından seçilir. Bu, Xaqaninin çoxdilli yaradıcılıq imkanlarını və geniş intellektual dünyagörüşünü təsdiqləyir.

Xaqani Şirvani XII əsrdə Şərq ədəbiyyatında İntibah dövrü adlandırılan mərhələnin aparıcı simalarından biri kimi çıxış edir. Onun yaradıcılıq xüsusiyyətlərini bir neçə cümlə ilə ifadə etmək çətindir, çünki Xaqani bütövlükdə bir poeziya məktəbi, bir düşüncə sistemidir. Onun adı çəkilən kimi, poeziyanın cəmiyyətdə tutduğu yer, sözün əxlaqi və mənəvi gücü, insan yaradıcılıq potensialının ucalığı göz önünə gəlir.

Xaqani yaradıcılığının əsas cəhətlərindən biri də mövzuya yanaşma tərzindəki yenilikdir. Məsələn, adi bir xarabalığın təsviri onun poeziyasında ictimai, siyasi, mənəvi və insani düşüncələrin cəmləşdiyi fəlsəfi məkandır. “Mədain xərabələri” kimi əsərlərdə bu yanaşma xüsusilə aydın görünür.  Xarabalıqlar burada keçmişin, hakimiyyətin faniliyinin və insan taleyinin dərindən düşünülməsi üçün bir vasitəyə çevrilir.  

Professor söylədi ki, Xaqani Şirvani dövlət idarəçiliyində humanizmi əsas prinsip kimi göstərir. Onun baxışlarında humanist qanunlar sadəcə hüquqi mexanizm deyil, mənəvi dəyər sistemidir. Belə qanunlar ədalətli köklərə söykənir və cəmiyyətin daxili tarazlığını qoruyur: 

– Xaqani üçün qanunun gücü onun insanı qorumaq qabiliyyəti ilə ölçülür. “Mədain xərabələri” adlanan məkan vaxtilə yüksək mədəniyyətə malik şəhərlərdən ibarət olub, buradakı “Mədain” sözü də məhz şəhərlər mənasını verir. Zaman keçdikcə bu şəhərlər viranəyə çevrilmiş, diqqətdən kənarda qalmış, həyatın yerini sükut və xarabalıq almışdır. Xaqani Şirvanini  fərqləndirən cəhət də məhz budur. O, bu xarabalıqlara biganə qalmır, onları sadəcə dağıntı kimi deyil, keçmişin canlı şahidi kimi təqdim edir. 

Bu məkandan ondan əvvəl də çoxsaylı şairlər keçmişdi, lakin onların heç biri Mədainə bu cür fəlsəfi və tarixi baxışla yanaşmamışdı. Xaqani isə dayanır, düşünür və bu xarabalıqları keçmişlə bu gün arasında körpüyə çevirir. O, burada yaşamış insanları, onların talelərini və yaratdıqları mədəniyyəti sözün gücü ilə göz önünə gətirir. O dövrdə ərəb poeziyasında xarabalıqlar qarşısında dayanaraq keçmişi xatırlamaq, sevgili və xatirələr üzərindən düşünmək qədim ənənə idi. 

Xaqani bu motivi yeni məzmunla zənginləşdirərək  ictimai, tarixi və fəlsəfi düşüncənin ifadə vasitəsinə çevirir. Məhz bu yanaşmaya görə “Mədain xərabələri” klassik poeziyanın ən dəyərli nümunələrindən biri hesab olunur.  

Ləman TƏHMƏZ
XQ

 



Mədəniyyət