Əl enerjisi ilə müalicə elmə istinad edirmi?

post-img

Sosial şəbəkələrdə, əl enerjisi ilə müalicə edən, özbək əsilli İqbol Soliyevin saxlanıldığı və Bakıdan deportasiya edildiyi bildirilir. Müzakirələrə səbəb olan bu müalicəyə münasibət isə, ziddiyyətli və fərqlidir. Bu məsələyə aydınlıq gətirmək üçün səhiyyə eksperti, tibb elmləri doktoru Musa Qəniyevin münasibətini öyrəndik. Öncə professordan elmi cəhətdən tarixən belə müalicənin mümkünlüyü və tətbiqi ilə bağlı fikirlərini soruşduq. Həmsöhbətimiz dedi:

- Əslində bütün tarixi dövrlərdə, müalicəyə dözümlülük göstərən xəstəliklərin hamısı  özünəqapanma və ümüdsüzlük hissi yaratdığından, insanlar daima qeyri-ənənəvi müalicə üsullarına müraciət etmişlər. Bunlardan biri də, manual, yəni əl enerjisilə müalicədir. Bu haqda ilk məlumat Bizim eradan 1560 il əvvəl Ebers papirusunda  verilmişdir. İnduslar bunu- "Prana", çinlilər -"Çi", misirlilər –"Ka", yəhudilər –"Ekoq", yunanlar –"Təbiətin müalicəvi gücü", əlkimyacılar –"Həyat şirəsi" adlandırırdilar. Bu üsulun yayılmasının səbəbkarı Tokio universitetinin müəllimi, xristian-monax Mikao Usyu olmuş və onu "Reyki" ("Universal həyat enerjisi") adlandırmışdı.

Bütün dövrlərdə bu cür müalicəyə münasibət elmi deyil, sırf dini-sxolastik xarakterli olmuşdur.

- Bu müalicəyə elmin münasibəti necədir?

- Məsələnin elmi mahiyyəti ilə bağlı bunları  söyləyə bilərəm:  Cismani mövcud­lu­ğunun təməl əsası hərəkətdir. Hərəkət impulsiv sinir aktivliyinin- elektirik yukünün, orqan və sistemlərə ötürülməsidir.

Dölün ana bətnində ürək döyüntüləri başladığı andan, yəni hamiləliyin 1-ci ayının sonundan, postnatal inkişafın sonuna, yəni təbii ölümün başladığı ana qədər, canlı orqanizmdə həm lokal, həm də akson potensialının (elektrik yükü) olması mütləqdir.

Fərdin tipi, etnik, coğrafı, irqi və genetik xüsusiyyətindən asılı olaraq, bu elektrik yükünün voltaj, tezlik və amplitudası müxtəlif olur. Elektrik yükünün ətrafında isə, daima bu və ya digər dərəcədə elektrik və maqnit sahəsi mövcud olur. Sağlam insanların energetik sahəsi, yəni elektriklə əhatə olunmuş biosahəsi, onun bədənini bərabər şəkildə 2-3 metr məsafədə bürüyür. 

Odur ki, “elektrik koefisenti” yüksək olan adamlarin bədəninə dəmir əşyalar yapışır, kiçik voltajlı elektrik lampalarını bədənə toxundurduqda işıq saçır, bəzi adamlara əllə toxunduqda adamı sankı tok vurur və s. Yəni elmli insan üçün, burada qaranlıq olan, qeyri-adi bir şey yoxdur. Bu klassik fizikadır. Sadəcə, savadsızlıq və dini fanatizm bunu dərk etməyə imkan vermir.

Söylədiyim səbəbdən, insan bədənindən, xususən ətraf amillərə son dərəcə həssas olan əl barmaqlarından, daima (ayaq barmaqları ilə müqayisədə 4 dəfə çox) enerji itkisi- ətraf mühitlə enerji mübadiləsi, gedir. Başqa sözlə, bədəndə olan elektrik enerjisi istilik enerjisi şəklində xarici aləmə verilir. Odur ki, əl enerjisilə müalicə, bir şəxsin digərinə istilik enerjisi şəklində bioyükün ötürülməsidir. Fiziki qanunlara görə bu halda, lokal sahədə qan dövranı yaxşılaşmalı, ağrı reseptorlarının həssaslığı azalmalı və yayındırıcı təsir meydana çıxmalıdır. Digər faktor, xəstədə yaranan daxili inam hissidir.

-  Bu müalicə üsulunu təqdir edirsiniz?

-  Xeyr, etmirəm. Əsasında "Suqqestiya"- təlqin duran bu hal, spesifik müalicə üsulu deyildir və uğurlu nəticəyə təminat vermir  Digər tərəfdən, bilmək  lazımdir ki, üzvi-destruktiv gedişli heç bir xəstəlik və patoloji proses zamani bu üsuldan istifadə etmək olmaz. Əks hal, hər iki şəxs üçün (həm xəstə, həm də bu işlə məşğul olan) faciəli nəticələrə- birinin ölümü, digərinin qəsdən adam öldürməsi ittihamı ilə həbsinə, səbəb ola bilər. Qeyri-peşə sahiblərinin isə, müalicə işi ilə məşğul olması (eyni zamanda özünü-müalicə) ümumiyyətlə cinayət məsuliyyətidir və bu haqda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində xüsusi ağırlaşdırıcı maddə nəzərdə tutulur.
P.S. Söhbətin sonunda professor qeyd etdi ki, Azərbaycan polisinin İqbol Soliyevə qarşı qərarı, ən düzgün və alqışlanası qərardır.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat