Bakı Dövlət Universiteti türkologiya kafedrasının professoru Elbrus Əzizovun “Elm və təhsil” nəşriyyatında yeni çapdan çıxmış kitabı “Türkoloji dilçilik məsələləri” adlanır. Dilçilik sahəsində çalışan elmi işçilər, ali məktəblərin filoloq müəllimləri və tələbələri üçün nəzərdə tutulan kitaba müəllifin türkoloji dilçiliyin, o cümlədən Azərbaycan dilçiliyinin nisbətən az öyrənilmiş məsələlərinə həsr olunmuş məqalələri daxil edilib.
Akademik Nizami Cəfərovun elmi redaktoru, professor İsmayıl Məmmədli və dosent Afaq Məmmədovanın rəyçiləri olduğu kitabda eyni mənşədən gələn türk dillərinin fonetik sistemində, leksik tərkibində və qrammatik quruluşunda diqqətçəkən ümumiliklərə nəzər salınıb. Ayrı-ayrı türk dillərinin formalaşması prosesi ümumtürk kontekstində, bu dillərdə danışan xalqların tarixi ilə əlaqəli bir şəkildə və dillərin spesifikliyi nəzərə alınmaqla təhlil edilib.
Kitabda Mahmud Kaşğarinin türk xalqlarının qiymətli yazılı abidəsi səviyyəsində qəbul edilən “Divanü-Lüğat-it-Türk” əsəri, “Kitabi-Dədə Qorqud” eposunun Oğuz dilləri kontekstində tədqiqi, eləcə də Vilhelm Tomson və qədim türk yazılı abidələrinin öyrənilməsi, 100 illiyi tamam olan Birinci Türkoloji Qurultayda dillərimizin tarixi və inkişafı məsələləri, Azərbaycan dilinin dərin qatları, dialektologiya mövzusunda maraqlı araşdırmalar təqdim olunur. Professor Elbrus Əzimov, eyni zamanda, yeni toplusunda ulu Nizami, Nəsimi, Vaqif, Mir Cəlal, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və digər görkəmli qələm sahiblərinin bədii üslubları, əsərlərində xalq danışıq dili xüsusiyyətləri araşdırıb və klassiklərin dil haqqında fikirlərinə də yer verib.
Azərbaycan dilinin müxtəlif coğrafi şivələri haqqında elmi məqalələr də toplunun maraqla oxunan səhifələrindəndir. Dilimizin Meğri və Şimal-şərq şivələrinin özəllikləri, Naxçıvan dialektoloji atlası barədə məqalələr bu sıradadır.
Ə.DOSTƏLİ
XQ

