İnsanlıq və humanistlik mücəssəməsi

post-img

Həmişəyaşar əsərləri ilə dünya mədəniyyətinə tükənməz xəzinə bəxş etmiş cahanşümul dahimiz Üzeyir bəy Hacıbəyli həm də qeyri-adi xeyirxahlığı və humanistliyi ilə ölməzlik qazanıb, qəlblərdə özünə əbədi abidə ucaldıb. Onun haqqında çox yazılsa da, sənəti və sənətkarlığı, insanpərvərliyi bütünlüklə tə­dqiq olunmayıb. 

Ü.Hacıbəyli yaradıcılıqda böyük qüd­rət sahibi olduğu kimi, bir insan kimi də qeyri-adi cəhətlərə malik idi. Sənətkar istedadı ilə insani keyfiyyətləri bir ahəng təşkil edib, biri digərini tamamlayıb. Aka­demik Mustafa Topşubaşov, Xalq şairi Rəsul Rza, şair-tərcüməçi Vladimir Qa­farov və başqaları Üzeyir bəy haqqında ürək sözlərini böyük məhəbbətlə qələmə alıblar. 

Biologiya elmləri namizədi Məmməd Abbasov isə ona həsr etdiyi “Böyük in­san” adlı xatirəsində yazırdı: “Yaxşı ya­dımdadır, 1943-cü ilin yanvar ayında hər­bi hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə gedirdim. Yolum Tbilisi şəhərindən keçirdi. Burada bir gün qala­sı oldum. Vaxtdan istifadə edib Tbilisidə hərbi hospitalda yatan uşaqlıq dostum, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrolun yanına getdim. Onunla bir saatadək söhbət et­dik...Əsasən, Ərtoğrol danışırdı. Deyirdi ki, Üzeyir bəy peyğəmbərdir. Onun kimi insan az-az tapılar. Atam tutulandan son­ra dostlarının, qohumlarının çoxu bizdən üz döndərdi. Bizə himayə duran, kömək­lik göstərən yalnız Üzeyir bəy Hacıbəyli oldu. O, heç nədən çəkinmədən, qorx­madan həmişə ailəmizə maddi və mənəvi yardım göstərirdi.”

Onun tələbələri, dostları, tanışları, müəllimləri, hətta tanımadığı adamlar belə Üzeyir bəyin qayğıkeşliyindən, yax­şılıqlarından danışırlar. Vaxtilə doğma Şuşa şəhərində Üzeyir bəy Hacıbəyliyə dərs demiş Mirzə Mehdi Həsənzadəyə, xanəndə İslam Abdullayevə, Keçəçi oğlu Məhəmmədə, tələbələrinə və başqalarına şəxsi pulundan kəsdiyi təqaüd, etdiyi yar­dımlar indi də o insanların özləri və yaxın­ları tərəfindən unudulmur. 

Deyirlər ki, bir gün Üzeyir bəy konser­vatoriyadan evə gələrkən yolda əl açıb dilənən bir qadına rast gəlir. O, qadına yaxınlaşaraq, dilənməklə əldə etdiyi qa­zancla maraqlanır. Qadın ayda 150 manat qazandığını və ailəsini dolandırdığını söy­ləyir. Azərbaycan qadınının dilənməklə pul qazanmasından narahat olan Üzeyir bəy ona deyir ki, türk qadınına yaraşmaz ki, yolda otursun, əl açaraq pul qazansın. Mən sənə ayda 300 manat təqaüd verə­cəm, bir şərtlə ki, səni bir də əl açan gör­məyim. Üzeyir bəy qadını evlərinə gətirir, həyat yoldaşı Məleykə xanımla tanış edir. Ona söyləyir ki, hər ay bu evə gələrsən və Məleykə xanımdan təqaüdünü alarsan.

Dahi bəstəkarın tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbə­yov, Cövdət Hacıyev, Süleyman Ələs­gərov, Əşrəf Abbasov, Hacı Xanməm­mədov, Məmməd Cavadov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ədilə Hü­seynzadə, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökümə Nəcəfova və başqa­ları bəyin onlara göstərdiyi atalıq qayğı­sından, xeyirxahlığından dönə-dönə söz açırdılar və hər dəfə də kövrəlirdilər. Fik­rət Əmirov yazırdı ki, Üzeyir bəydə Antey qüdrəti vardı. Biz hamımız bu dahi insa­nın “şinel”indən çıxmışıq.

Üzeyir bəy tələbələrinə maddi və mənəvi dəstək göstərməklə yanaşı, əy­ninin paltosunu, ayaqqabısını da çıxarıb onlara verərdi. Məmməd Cavadov xa­tirələrində yazırdı ki, bir gün Aydın adlı tələbə yoldaşımızın ayaqqabısının nim­daş olduğunu görən böyük ustadımız öz ayaqqabısını çıxarıb ona verdi. Özü isə evə zəng çalaraq, ayaqqabı göndəril­məsini xahiş etdi. O, öz əsərlərinə görə əldə etdiyi qonorarın bir hissəsini uşaq bağçalarına, İkinci Dünya müharibəsində cəbhəyə, əsgərlərə yardıma, ictimai fond­lara sərf edirdi.

Məmməd Cavadov daha sonra ya­zır: “1943-cü ilin 15 martı idi. Üzeyir bəy bir neçə tələbəni yanına çağırıb dedi:

– Uşaqlar, eşitdiyimə görə, Azər­baycanın qocaman xanəndəsi Keçəçi Məhəmməd xəstələnib. Gedin, onu yo­luxun və mənə bir xəbər gətirin. Xəstəyə mer-meyvə almaq üçün cibindən pul da çıxarıb verdi. Biz götürmək istəmədik. Ay müəllim, bizdə pul var, – dedik. Bizim bu sözümüzdən qeyzlənən Üzeyir bəy dedi: 

“Siz tələbəsiniz, pulunuzu özünüzə xərcləyin.”

Böyük xanəndəmiz doğrudan da xəstə idi. O, zəif səslə dedi: “Sağ olsun Üzeyir bəy, məni yada salıb, sizi göndərib. Lakin vəziyyətim ağırdır. Əgər mümkündürsə, Üzeyir bəyə deyin, mənə həkim də yolla­sın”. Biz bu xəbəri müəllimimizə çatdıran kimi, Üzeyir bəy dərhal Keçəçi Məhəm­məd üçün həkim də göndərdi”.

Dahi sənətkarla bağlı maraqlı xatirələ­ri olan böyük yazıçımız, ictimai xadim, akademik Mirzə İbrahimov bu əvəzsiz insan barədə belə yazırdı: “Sonralar bir sahədə, bir yerdə onunla işlədiyimiz, vacib məsələləri həll etdiyimiz zaman mən Üzeyir bəyin nə qədər alicənab, in­sanpərvər, mehriban, sadə təbiətli, müd­rik, eyni zamanda, inamından, idealından dönməyən bir adam olduğunu gördüm. Üzeyir bəy Hacıbəyli genişürəkli insan idi.”

Azərbaycan Milli Elmlər Akademiya­sında 1945-ci ildə Üzeyir bəy Hacıbəylinin yaratdığı və direktoru olduğu İncəsənət İnstitutunda onun müavini vəzifəsində çalışmış Qəzənfər Əlizadə isə öz xatirələ­rində yazırdı: “Üzeyir bəy özündən çox bizim qayğımıza qalırdı. Bilmirdik atadır, qardaşdır, qohumdur, tanışdır, dostdur, yoxsa idarə müdiri, rəhbər.”

Üzeyir Hacıbəylinin Ev Muzeyinin ya­radıcısı, uzun illər onunla birlikdə çalışmış və şəxsi katibi olmuş baldızı oğlu, “Şöhrət” ordenli professor Ramazan Xəlilov deyir­di ki, Üzeyir bəylə təmasda olarkən mən onda dərin insaniyyətlik kəşf etmişəm. Üzeyir bəyi xeyirxahlığın və humanistliyin dahi müəllimi adlandırardım. R. Xəlilov söhbətlərində dönə-dönə vurğulayardı: “ Tale mənə elə bir ömür bəxş edib ki, həyatım boyu çox insanlarla ünsiyyətdə olmuşam, amma Üzeyir bəy kimi ikinci bir insan qarşıma çıxmayıb. O, yeganə idi”. 

Sözün əsl mənasında, böyük insan olan Üzeyir bəy dünyaya, sanki, yaxşılıq, xeyirxahlıq etmək üçün gəlmişdi. Mərhum Ramazan Xəlilov danışırdı ki, bir gün ar­tırmada dayanıb muzey tərəfə baxırdım. Gördüm ki, yaşlı bir kişi muzeyin divarını öpür. Cəld onun yanına gedərək bunun səbəbini soruşdum. O, ahıl insan mənə dedi ki: “Bu ev pirdir. Burada peyğəmbər kimi insan yaşayıb. Mən onun pulu ilə bö­yümüşəm. Bura mənim üçün müqəddəs bir ocaqdır.”

Üzeyir bəyin muzey kimi fəaliy­yət göstərən evinin qarşısında böyük sənətkarın sağlığında uşaq evi fəaliyyət göstərib. Üzeyir bəy bütün bayramlarda, xüsusilə də özünün çox sevdiyi Nov­ruz bayramında uşaqlara çoxlu hədiyyə, pal-paltar, oyuncaq, ərzaq, şirniyyat gön­dərərdi. Bundan əlavə də həmin evin mü­dirinə pul verərdi ki, uşaqlar üçün bayram plovu bişirilsin. Valideyn himayəsindən məhrum olmuş bu uşaqlar da Üzeyir bəyə xüsusi hörmət və ehtiram bəsləyərdilər. Üzeyir bəy evdə olanda uşaqların otaq­larında xüsusi sakitlik hökm sürərdi . O, işdə olanda isə uşaqların səs-küyündən qulaq tutulardı.

Elə adam tapılmazdı ki, Üzeyir bəyə müraciət etsin və xahişi cavabsız qalsın. O, saysız-hesabsız insanlara əl tutmuş, onların ehtiyacını ödəmişdir. Kiminə pul­la köməklik edib, kiminə musiqi aləti alıb bağışlayıb, kimini işlə təmin edib, kiminə geyim verib, kiminin təhsil almasına yar­dım göstərib.

Belə insanlardan biri də nəğməkar şa­irimiz İslam Səfərli idi. 1946-cı ildə Üze­yir bəy Hacıbəyli Naxçıvanda seçiciləri ilə görüşə getdiyi zaman onunla tanış olmuşdu. Deməli, Üzeyir bəyin qaldığı “Qonaq evi”nə əsgər paltarında cavan bir oğlan gələrək yazdığı şeirləri bəstə­kara göstərib. Bu, müharibədən yenicə qayıtmış İslam Səfərli idi. Söz sərrafı olan böyük sənətkar şeirləri oxuyur və bəyənir. Gənc oğlana Bakıya gəlməyi tövsiyə edir. Bildirir ki, o, mütləq ali təhsilə yiyələnməli­dir. Gənc şair Bakıya getmək üçün maddi durumunun olmadığını söyləyir. Bunu eşi­dən Üzeyir bəy gənc oğlana zərfin içində pul verərək, onu Bakıda gözləyəcəyini deyir.

İslam Səfərli Bakıya gəlir. Birbaşa Üzeyir bəy Hacıbəylinin yanına gedir. Üzeyir bəy onu görüb çox sevinir və Azərbaycan Dövlət Universitetinin rekto­ru Abdulla Qarayevə telefon açaraq bu istedadlı gəncin universitetə qəbul olun­masını xahiş edir. Qəbul imtahanlarının vaxtından çox keçməsinə baxmayaraq, A. Qarayev Üzeyir bəy Hacıbəylinin sö­zünü yerə salmır. Deyir ki, Üzeyir bəy, gözüm üstə, sizin sözünüz bizim üçün qanundur, göndərin, gəlsin. Beləliklə, İs­lam Səfərli universitetə imtahansız qəbul olunur. Təqaüdünü isə hər ay Üzeyir bəy verir. Görkəmli şair bu yaxşılığı ömrünün sonuna qədər unutmur. Yeri gəldikcə, bu barədə həvəslə söz açardı. 

Qəzəlxan şairimiz Əliağa Vahidə ev verdirən də bu dahi insan olub. Ramazan Xəlilov danışırdı ki, bir gün Üzeyir bəylə köhnə məhəllələrin birindən keçirdik. Bir də gördük ki, Əliağa Vahid kiçik bir dax­manın yanında oturub. Ona yaxınlaşdıq. Üzeyir bəyi görən kimi, şair cəld ayağa qalxdı. Bəstəkar soruşdu ki, Vahid, bura­da nə edirsən? Vahid zirzəmini göstərərək dedi ki, Üzeyir bəy, mən burada yaşayı­ram. İçəri çox isti və rütubətlidir, nəfəs almaq olmur. Ona görə də çıxıb havada otururam. Üzeyir bəy evə gələn kimi, la­zımi yerlərə zəng edərək, Vahidin mənzil şəraitinin ağır olduğunu söylədi və şairə yeni tikililərdə ev verilməsinə nail oldu.

2005-ci ildə, 89 yaşında dünyasını də­yişmiş gözəl qadın bəstəkarımız, Əmək­dar incəsənət xadimi Ədilə xanım Hüsey­nzadə Üzeyir bəyi peyğəmbər adlandırar, onun insanpərvərliyindən, səxavətindən danışdıqca kövrələrdi.

Üzeyir bəy Hacıbəylinin xeyirxahlıq etdiyi insanlardan biri də gözəl səsə malik Fatma Mehrəliyeva olub. 

Deyilənə görə, Üzeyir bəy kin saxla­mağı sevməzdi. Özünün etdiyi xeyirxahlığı da tez unudardı. Hamıya yaxşılıqda bulun­mağı məsləhət görərdi. Pislik etmək çox asandır deyərdi. Çalışın, sizə pislik edənə yaxşılıq əlinizi uzadın. Bunun özü də elə həmin adam üçün bir cəza deməkdir. 

Səadət QARABAĞLI,
üzeyirbəyşünas

Mədəniyyət