Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Ukraynanın hədəfində

post-img

Erməni mediası Kiyevə qarşı “savaş açıb”

Azərbaycandan sonra Ukrayna da Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Arayik Arutyunyanı axtarışa verib. Onun nədə təqsirli hesab edildiyinə aydınlıq gətirəcəyik. Ancaq əvvəlcə bildirək ki, 2020-ci ilin mayından separatçıbaşı postuna yiyələnmiş A.Arutyunyan barəsində 2020-ci ilin oktyabrında Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb.

Araikin nə üçün Kiyevin qəzəbi ilə üz­ləşməsinə gəlincə, onun Rusiya–Ukray­na müharibəsində birincini aşkar şəkildə müdafiə etdiyi vurğulanmalıdır. Məlum ol­duğu kimi, Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə separatçı Donetsk və Luqansk bölgələrinin “müstəqilliklərinin” tanıması ilə bağlı təbrik məktubu göndər­mişdi. Heç şübhəsiz, bu “təbrik” Kreml rəhbərinin analoji addımı Qarabağda atmaqda həvəsləndirmək məqsədini da­şımışdı. 

Əlqərəz, Ukrayna Təhlükəsizlik Xid­məti Arayikin adını Ukraynanın “Sülh­məramlı” saytının “Rusiya təcavüzünün ortaqları” məlumat bazasına əlavə edib. Ukrayna mətbuatının yazdığına görə, o, “Ukraynanın suverenliyinə və ərazi bü­tövlüyünə qəsd etməkdə”, “Rusiya-faşist işğalçılarının və terrorçularının şəriki” kimi tanınır.

Əlbəttə, A.Arutyunyan müharibə cani­sidir və tutduğu əməllərə görə mütləq qa­nun qarşısında cavab verəcəkdir. Diqqət çəkən məqam onun Ukrayna tərəfindən, belə demək mümkünsə, “persona non-qrata” elan edilməsindən sonra Ermənis­tan mediasında Ukrayna əleyhinə fikirlə­rin tirajlanmasıdır. Bu fikirlərdən gəlinən qənaət isə belədir ki, Kiyev rəhbərliyinin Rusiya ilə apardığı mübarizə yersiz və mənasızdır. Deməli, Ukrayna imkan ver­məli imiş ki, rus qoşunları gəlib ölkəni tutsunlar. 

***

Erməni mediası və ekspert dairələri Ukraynanın Rusiyaya qarşı əks-hücu­munun alınmadığını, boşa çıxdığını bil­dirib ölkəni, sanki, məsxərə predmetinə çevirməkdədirlər. Onlar, hətta, Kiyevə nə qədər ki, gec deyil, Moskvanın şərt­lərini qəbul etmək “tövsiyəsi” də ünvan­layırlar. Ən maraqlısı və təzadlısı isə budur ki, Ukraynanın müharibə nəticə­sində tamamilə acınacaqlı və dözülməz duruma düşdüyünü iddia edən erməni başbilənlər Qərbin ölkəyə dəstəyinin də səmərə vermədiyini, ümumən Qər­bə bel bağlamağın düzgün olmadığını əsaslandırmağa çalışırlar. 

Belədə sual yaranır: İndiki Ermə­nistan hakimiyyəti kimə bel bağlayaraq kimə qarşı çıxır? Cavab birmənalıdır – baş nazir Nikol Paşinyan administrasi­yası Qərbə güvənib Rusiyanı saymaz­dan gəlir. Nəinki saymazdan gəlir, eyni zamanda, Moskvanı Cənubi Qafqaz siyasi akvatoriyasından çıxarmaq kimi son dərəcə təhlükəli oyuna baş vurub. İrəvan hazırda Ukrayna müharibəsi fo­nunda, faktiki olaraq, bölgədə Kremlə qarşı ikinci cəbhə açıb. Bunun müqa­bilində Arayik müdafiə olunur və Ukray­na rəhbərliyinin ona qarşı mövqeyinə qəzəb və hiddət püsgürülür. 

Təsəvvür edin, Ermənistan mediası Ukraynanı Rusiyanın mülki hədəflərinə hücumda günahlandırır. Belə absurd iddia yəqin ki, ancaq erməni yastığının altından çıxa bilər. Aydındır ki, necə deyərlər, ayının min oyunu bir armu­dun başındadır. Armud isə Qarabağ avantürasıdır. Erməni mediası bildirir ki, A.Arutyunyanın axtarışa verilməsi, onun adının “qara siyahı”ya salınması rəsmi Kiyevin Ermənistana və “Artsax”a münasibətinin növbəti sübutudur. Belə­də nəticəyə gəlinir ki, əslində, Ukrayna SSRİ dağılandan sonra başlanmış Qa­rabağ münaqişəsində həmişə Azərbay­canın tərəfində olub. 

Onu da təsəvvür edin ki, Kiyevin Ba­kını diplomatik səviyyədə dəstəklədiyini yazan erməni mediası bir qədər də “irəli gedir” və bildirir ki, sən demə, İkinci Qa­rabağ müharibəsi zamanı Azərbaycan Ordusunun tərkibində ukraynalı muzd­lular da iştirak edib ermənilərə qarşı dö­yüşüblər. Hər halda, bunu erməni beyin mərkəzlərinin gün üzü görməmiş cəfən­giyyatı kimi də qiymətləndirmək müm­kündür. Görəsən, belə beyin qıcqırması keçirənlər nə üçün bu vaxtadək susur­dular? Gözləyirdilər ki, Arayik axtarışa verilsin, sonra danışsınlar?

Nəhayət, erməni mediasının, belə demək mümkünsə, Arutyunyan sevda­lı anti-Ukrayna ritorikasındakı sonun­cu məqama diqqət yetirək. Sən demə, N.Paşinyanın həyat yoldaşı Anna Akop­yanı Kiyevə göndərməsi Ukrayna ilə dostluq dialoqu imiş. Ancaq qarşı tərəf Arayiki cinayətkar kimi tanımaqla, İrə­vana adekvat olmayan cavab verib. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət