İgidlərin sözü

post-img

“Xalq qəzeti”ndə vaxtaşırı Vətən müharibəsində şəhid və qazi olan, iştirak
edən oğulların şeirləri, esseləri dərc olunur. Onlar Qarabağ sevgisini, yurd
həsrətini təkcə silahlarının şaqqıltısı ilə deyil, həm də qələmlərindən süzülən
poetik duyğuları ilə ifadə edib, ruhumuzun yaylım atəşlərinə dönüblər. 

Ötən il Şuşada Vaqif Poeziya Günlərində çıxış edən qazi şairlərdən biri də Eyvaz Əyyub idi. Oxuduğu şeirlərdən də görünürdü ki, qalib əsgər və zabitlərimizin ağrı-acılarını inandırıcı boyalarla ifadə edə bilir. Onun bir şeirini təqdim edirik.

Salam, ata yurdum, ana ocağım
Salam, ay illərin həsrəti, salam,
Bizsiz darıxmısan, hövsələn darmı?
Salam, ev içində bitən gül, çiçək,
Bizi kənd etməyə həvəsin varmı?

Salam, ata yurdum, ana ocagım,
İllərin həsrəti bitdi, gəlirik.
Sən bizsiz, biz sənsiz çox darıxmışıq,
Vüsal arzusuna yetdi, gəlirik.

Salam, “Səngər” qala, salam, daş evim,
Balan üşüyübdü, qucagını aç.
Tanrım, bu torpağa ayaq basanda,
Göydən nur səpələ, ömrə sevinc saç.

Gizli cığırları bağlayan ağac,
Bizi düşmənlərdən qorumaq çətin.
Yerimə bitmisən evin içində,
Ağacı olaydım bu məmləkətin.

Bu qaya babama necə oxşayır,
Dözümü, qüruru görürəm onda.
Biz yurdu sahibsiz qoyub gedəndə,
“Mən çıxıb getmərəm!” demişdi o da.

Salam, buz bulaqlar, kövsər bulaqlar,
Həsrətdən göz yaşı tökdün, bilirəm.
Həzin gümüldənib, xəfif ağlayıb,
Nə qədər qəm, qüssə çəkdin, bilirəm.

Otuz ilə qədər keşik çəkdiniz
Sağ olun, bu evin yiyəsi gəlib.
Babam qaya, nənəm çəmən, anam gül,
Paslı qılıncların tiyəsi gəlib...

Eyvaz ƏYYUB,
qazi şair

Mədəniyyət