Təsadüf

post-img

Bu gün səhər küçənizin tinindən keçdim,
Gedib-gələn, gəlib-gedən:
Adam doluydu.
Bu yol sənli günlərimin nicat yoluydu,
Gündə yüz yol uzunundan, enindən keçdim.
Gördüm həyat davam edir öz axarında,
Günəş doğub küçənizin baş tərəfində.
Bir kişi piştaxta qoyub yol kənarında,
Lotoreya biletlərin düzüb rəfində
Səsləyirdi: gəl, qalmadı “Ailə sevinci”.
Düşündüm ki, olmayan şeyin nə sevinci?!
Nə mən səni bağışlayım,
Nə sən rəhm elə,
Yaşa getsin ürəyimin daş tərəfində.
Bəlkə də heç o son görüş olmamalıydı...
Ömrüm ötdü “bəlkə”lərin “kaş” tərəfində.
Təsadüfən küçənizin tinindən keçdim...
Qürur sevgi, məhəbbəti boğur - deyirlər.
Təəssüf ki, anlamadın hələ sən bunu.
Təsadüflər zərurətdən doğur - deyirlər,
Təsadüfə inanmıram, biləsən bunu.
Təsadüfən binanızın önündən keçdim...

Elvin ƏLİZADƏ,
Sumqayıt

Mədəniyyət