“Keçmişimizə baxanda Özbəkistan və Azərbaycan xalqları arasında daim ədəbi əlaqələr mövcud olub. Təəccüblü deyil ki, bir çox Azərbaycan yazıçıları Özbəkistanda yaşayıb-yaradıblar. Eyni zamanda Özbəkistan yazıçıları Azərbaycanda yaşayıb-yaradıb, ədəbiyyatına böyük töhfə veriblər”.
Bu fikirləri Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərində iştirak etmək üçün ölkəmizə gəlmiş nümayəndə heyətinin rəhbəri, qardaş ölkənin Mədəniyyət naziri Ozodbek Nazarbekov jurnalistlərə müsahibəsində söyləyib.
Nazir qeyd edib ki, üç gün müddətində Azərbaycanda keçirilən Özbəkistanın mədəniyyət günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər ədəbiyyat sahəsini də əhatə edir.
“Nümunə kimi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrini göstərə bilərik. Tədbirdə alimlərin qeyd etdiyi kimi, Azərbaycanla birlikdə görəcəyimiz vacib işlərimiz var. İki ölkə arasında tarixən formalaşan ədəbi tərəfdaşlıq bu gün də davam edir və bu əlaqələr sayəsində dünyada böyük nailiyyətlər qazanacağıq. Bu, bütövlükdə, türk ədəbiyyatının nüfuzunun dünya miqyasında artmasına kömək edəcək. Bu gün biz bunun şahidiyik. Ədəbi əlaqələrimizin qədim zamanlardan bəri möhkəm təməli var. Lakin mədəniyyət sahəsində əlaqələr Özbəkistan və Azərbaycan xalqının, bütün türk dünyasının ədəbi potensialını dünyaya nümayiş etdirməsinin bəlkə də ən düzgün yoludur”, - deyə nazir Ozodbek Nazarbekov əlavə edib.
“Xalq qəzeti”

