Şair Hüseyn Faxralının kitablarının təqdimatı olub

post-img

“Borçalı” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, şair Hüseyn Hüseynovun (Hüseyn Faxralı) “Dağlardan gəlmişəm” və “Borçalıdan gələn var” adlı kitablarının təqdimatı keçirilib.

Bu barədə XQ-yə “Borçalı” İctimai Birliyindən məlumat verilib.

Birliyin idarə heyətinin sədri, şair-publisist Dəyanət Osmanlı Hüseyn Faxralının Vətənin müdafiəsində hərbçi fəaliyyətindən, habelə poeziya yaradıcılığına xas olan əlamətlərdən danışaraq onun bir vətəndaş-yazar kimi müraciət etdiyi mövzuların ictimai məzmun daşıdığını - vətənpərvərlik, millilik, doğma yurda bağlılıq ruhunda qələmə alındığını vurğulayıb.

Tədbirdə ziyalılar, müharibə veteranları, yazarlar və QHT nümayəndələri Hüseyn Faxralının ictimai, ədəbi fəaliyyətinin əsas cəhətləri haqqında fikirlərini bölüşüblər. Natiqlər onun ictimai, milli-mənəvi məsələlərdə də fəallıq göstərdiyini qeyd edərək, müəllifə ədəbi yaradıcılığında uğurlar arzulayıblar. İstedadlı aşıq Fikrət Borçalı saz havaları üzərində şairin şeirlərindən nümunələr səsləndirib.

Təqdimat mərasimində İctimai Birlik adından Hüseyn Faxralıya “Borçalının vətənpərvər şairi” diplomu təqdim olunub.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına diqqətə, xoş sözlərə görə təşəkkürünü bildirib, yaradıcılıq planlarından bəhs edib.





Mədəniyyət