Bakıda Özbəkistan mədəniyyəti günləri çərçivəsində rəngarəng tədbirlər keçirilib. Azərbaycan Milli Kitabxanasında “Özbək ədəbiyyatı guşəsi”nin açılışı xüsusilə yaddaqalan olub.
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Əşrəfxanov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, Günay Əfəndiyeva, Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar “Özbək ədəbiyyatı guşəsi” ilə tanış olublar. Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışıb. O, kitabxananın fondunda mövcud olan özbək ədəbiyyatı və qardaş xalqın ədəbiyyatına dair Milli Kitabxanada yaradılan daimi guşə haqqında nümayəndə heyətinə məlumat verib.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov xalqlarımız arasında dərin tarixi-mədəni əlaqələrin olduğunu qeyd edib. Özbəkistan Mədəniyyət Günlərinin Azərbaycanın paytaxtında keçirilməsinin dost ölkənin tarixi, mədəniyyəti, adət-ənənələri ilə daha yaxından tanış olmaq, həmçinin iki ölkə arasında mədəni əlaqələri genişləndirmək üçün imkanlar yaratdığını vurğulayıb.
Sonra Abdulla Qədiriyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində Milli Kitabxanada özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin “Ötən günlər” əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşri təqdim olunub.
Kitaba “Ön söz”ü AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi yazıb. Müəllif yazıçının qələmə aldığı ağrı-acılı həyatın oxucunun qəlbini ağrıtdığını bildirdi: “Bu qədər ağır notların baş alıb getdiyi əsər niyə 100 ildir ki, sevə-sevə oxunur, təkrar-təkrar nəşr olunur, həm də dünyanın bir çox dillərinə tərcümə edilib. “Ötən günlər”in sadə və axıcı dillə yazılması, personajların xarakterlərinin təfərrüatında ilıq bir təbəssüm görünməsi, eşqin saflığı, ucalığı, ailə–el adət-ənənəsinin təqdimi və nəhayət, təbiət lövhələrindən yazılı etüdlər əsərə rəng qatır. Sanki göy qurşağı rənginə bələnmiş gözəllik faciə və tale ağrılarını öz sehrində gizlətməyə çalışır”.
Təqdimatdan sonra Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində keçirilən tədbirlər və iştirakçıların təəssüratları ilə bağlı müsahibə aldıq.
Filologiya elmləri doktoru, professor Bahodır Kərimov Azərbaycanla Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin çox qədim tarixinin olduğunu dedi. Azərbaycanlıların və özbəklərin eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olduğunu bildirən B.Kərimov vurğuladı ki, xalqlarımızın tarixində, milli maraqlarında, onların yaşadıqları həyat tərzində ümumi cəhətlər çoxdur: Qədim tarixə və mədəni irsə malik olan Azərbaycan və Özbəkistan xalqları arasında mədəni əlaqələr minillər boyu inkişaf etmişdir. Özbək ədəbiyyatıının dahi mütəfəkkiri Əlişir Nəvai Nizami Gəncəvi yaradıcılığından bəhrələnib və o da “Xəmsə” yazıb. Əlişir Nəvai və Nizami Gəncəvi öz irsləri ilə bütün dünya ədəbiyyatına misilsiz töhfələr vermişlər. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılıb. Bu gün görkəmli Azərbaycan və özbək klassiklərinin əsərlərinin qarşılıqlı şəkildə tərcümə olunub, kütləvi tirajla çap edilməsi Azərbaycan – Özbəkistan ədəbi, mədəni əlaqələrinin inkişafının parlaq nümunəsidir.
Bakıda Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramlarının təqdim edildiyini deyən qonaq qeyd etdi ki, bu musiqi nümunələrinin hər biri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bahodır Kərimov Bakıda ilk dəfə olduğunu, paytaxtımızın onda unudulmaz təəssüratlar yaratdığını da bildirdi: “Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Bakının arxitekturası heyrətamiz gözəlliyə malikdir. Gözəlliklər məskəni olan Bakını bəzən Xəzərin mirvarisi adlandırırlar. Xəzər Bakını sanki anatək qoynuna alıb. Sahil boyu uzanan və füsunkar gözəlliyə malik olan Dənizkənarı bulvardan xüsusi zövq aldım”.
Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində “Dutorchi” qızlar ansamblının təqdim etdiyi maraqlı musiqi nömrələri qəlbləri sanki ovsunlayır. Ansamblın üzvü Maftuna Torayeva Bakıda olmaqdan böyük məmnunluq duyduğunu bildirdi: “Ansamblımızın hər bir üzvü Bakıya vuruldu. Burada təqdim etdiyimiz musiqiləri insanlar böyük maraqla dinləyirlər. Repertuarımızda Azərbaycan musiqilərinə də yer virmişik. Doğrudan da, musiqi xalqları yaxınlaşdırır, birləşdirir, daha da doğmalaşdırır. Burada çoxlu dostlar qazanmışıq. Azərbaycanlılar çox qonaqpərvər və səmimidirlər. Musiqilərimiz oxşar olduğu kimi, insanlarımız da bir-birlərinə çox bənzəyirlər. Ötən günlər ərzində davam edən konsert proqramları, həmçinin ədəbi-mədəni tədbirlər çox xoşumuza gəlir”.
Abdulla Qədirinin nəvəsi, alim Xandamir Qədiri isə “Xalq qəzeti”nə açıqlamasında xalqlarımızın dost, qardaş münasibətləri, mədəni və ədəbi əlaqələrimiz haqqında həvəslə danışdı. O qeyd etdi ki, hazırda Abdulla Qədirinin Daşkənd şəhərindəki ev-muzeyinin rəhbəridir: “Günü-gündən yüksələn Azərbaycan-Özbəkistan əməkdaşlığının tarixi kökləri var. Ölkələrimiz arasında ədəbi-elmi və mədəni əlaqələr xalqlarımız və ədəbiyyatlarımız arasında möhkəm körpüdür. Abdulla Qədirinin “Ötən günlər” kitabının Azərbaycan dilində yenidən nəşr olunması məni çox sevindirir. Kitabın yüksək səviyyədə təqdimatı xalqlarımız arasında əməkdaşlığın uğurlu inkişafının daha bir parlaq nümunəsidir.
L.QURBANOVA, “Xalq qəzeti”

