Samuxda Novruz sevinci yaşandı

post-img

Novruz Bayramı münasibətilə Samuxda ümumrayon tədbiri böyük coşqu ilə qeyd olunub. Bayram şənliyi Samux şəhərində, Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Bayram tədbiri sakinlərin bir araya gəlməsi və birlik ruhunun hiss olunması ilə yadda qalıb.

Çıxış edən Firdovsi Əliyev sakinləri bayram münasibətilə təbrik edərək bildirib ki, Novruz Bayramı xalqımızın milli-mənəvi dəyərlərini yaşadan ən əziz bayramlardan biridir. Onun sözlərinə görə, bu cür tədbirlər həm birliyi möhkəmləndirir, həm də qədim adət-ənənələrin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Tədbir çərçivəsində müxtəlif sərgilər təşkil olunub, yerli məhsullar və əl işləri nümayiş etdirilib. Bayram ab-havasını daha da yüksəltmək üçün konsert proqramı təqdim olunub, musiqiçilər və rəqs kollektivləri çıxış edərək iştirakçılara xoş anlar yaşadıblar.

Sakinlər bayram təəssüratlarını bölüşüb.
Günel Məmmədova: “Belə tədbirlər bizi bir araya gətirir. Uşaqlar da bayramın ruhunu hiss edir, bu isə çox sevindiricidir.”

Bəhram Xəlilov : “Novruz bizim üçün ən doğma bayramdır. Bu cür təşkil olunmuş şənliklər insanlara xüsusi əhval verir, hamı birlikdə sevincini bölüşür.”

Şənlik boyu parkda səmimi və mehriban atmosfer hökm sürüb. Sakinlər tonqal ətrafında toplaşaraq, musiqi sədaları altında bayram sevincini birlikdə yaşayıblar. Bu onu bir daha sübut edir ki, Samux rayonunda həmrəylik və birlik ənənələri daha da güclənib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri 





























Sosial həyat