Cüdoçularımız Tbilisidə Böyük Dəbilqə turnirində

post-img

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, Novruz bayramı günlərində – 20-22 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Böyük Dəbilqə turniri keçiriləcək. 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək turnirdə 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) mübarizə aparacaq.

Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Azərbaycan bu mötəbər yarışda aşağıdakı heyətlə çıxış edəcək: 
Kişilər–Rəşad Yelkiyev, Turan Bayramov (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (73 kq), Camal Qamzatxanov, Kənan Nəsibov (+100 kq).

Qadınlar– Könül Əliyeva (48 kq), Leyla Əliyeva (52 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (70 kq) və Madina Kaisinova (+78 kq).

Qabil YUSİFOĞLU
XQ

İdman