Azərbaycanın Lənkəran və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərləri arasında qardaşlıq əlaqələri 2011-ci ildən başlayıb. Qarşılıqlı səfərlər, birgə tədbirlər sayəsində ünsiyyət körpüsü daha da genişlənib.
Xatırladaq ki, Montereydəki Hərbi Dəniz Donanması Ali Məktəbinin azərbaycanlı tələbələrinin təşəbbüsü ilə yaradılan Lənkəran-Monterey qardaşlaşmış şəhərlər münasibətləri Azərbaycanın multikultural siması və zəngin irsini Monterey yarımadasında tanıda bilib.
Monterey–Lənkəran Dostluq Assosiasiyasının həmsədri, ABŞ şəhərinin sabiq vitse-meri Nensi Selfric bizə müsahibəsində həyata keçirilən birgə layihələrdən danışaraq demişdi: “Mən bura hər səfərimdə Azərbaycana daha böyük rəğbət bəsləyirəm, amma Lənkəranın yeri mənim üçün xüsusidir”.
Azərbaycanla ABŞ arasında dostluq və tərəfdaşlıq münasibətlərinin 30 illiyi münasibətilə montereyli qonaqların iştirakı ilə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin müəllim və tələbələri yubiley proqramı təqdim ediblər. Sonra amerikalı qonaqlar fermer təsərrüfatında çay yarpağı yığımı, emalı və istehsalı prosesində iştirak ediblər. Separadi kənd folklor evinin “Nənələr” qrupu amerikalı qonaqları talış musiqi mədəniyyətinin nümunələri ilə tanış edib. Bildirilib ki, fermer təsərrüfatında “Monterey Tea” brendi altında Lənkəran çayı istehsal olunur.
Ötən ilin payız günlərində isə 65-ci Monterey Caz Festivalında ilk dəfə Azərbaycan təmsil olunub. Bugünlərdə rayonun İstisu qəsəbəsində yenicə salınmış “Dostluq parkı”nın açılışında bütün bunlar barədə ətraflı söhbət açılıb.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran–Monterey Dostluq Assosiasiyasının həmsədri Nensi Selfric və Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Ramin Qurbanov iştirak ediblər.
Taleh Qaraşov bildirib ki, yeni salınan parkda gələcəkdə Monterey günlərinin keçirilməsi təklifini irəli sürmüşük. Bu, iki şəhər arasındakı münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək.
Ramin Qurbanov isə Lənkəranla Monterey şəhərlərinin qardaşlıq əlaqələrinin davamlılığı və inkişafı baxımından nümunə olduğunu qeyd edib. O, 44 günlük Vətən müharibəsindən sonra Kaliforniya ştatında xalqımıza qarşı erməni antitəbliğatının fəallaşdığını və bu baxımdan Lənkəranla Monterey şəhərləri arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, qarşılıqlı əlaqələrin Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərdiyini vurğulayıb. Baş konsul buna görə Lənkəran şəhər rəhbərliyinə və Dostluq Assosiasiyasının həmsədri xanım Nensiyə xüsusi minnətdarlığını bildirib.
Xanım Nensi Selfric Lənkəranda olmağından və tədbirdə iştirakından məmnunluğunu söyləyərək, qısa müddətdə gözəl bir “Dostluq parkı”nın salınmasını təqdir edib. O, iki şəhər arasındakı əlaqələrin inkişafı ilə qürur duyduğunu qeyd edib. Xanım həmsədr Montereydə də Lənkəran günlərinin keçirilməsini zəruri hesab etdiyini bildirib.
Xatırladaq ki, İstisu qəsəbəsində ümumi sahəsi 5 hektar olan ərazidə salınan “Dostluq parkı” 2 hissədən – göl və bağdan ibarətdir. Tikintisinə 2022-ci ildən başlanılan parkın yarıdan çoxunda işlər yekunlaşıb. Ərazidəki süni göldə gənclərin istirahəti üçün katamaranlar yerləşdirilib, söhbətgahlar tikilib və ətrafda yaşıllıqlar salınıb.
Mərasimin sonunda iştirakçılar yeni yaradılan süni gölə körpə balıqlar buraxıblar.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

