Fərrux Zakirov: “Təəssüratlarımız zəngindir”
Ölkəmizə təşrif gətirənlərdən biri məşhur estrada müğənnisi, bəstəkar və aktyor, Özbəkistanın Xalq artisti Fərrux Zakirov hər bir azərbaycanlının yaxşı tanıdığı sənətkardır. Atası Kərim Zakirov da Xalq artisti olub, bariton səsə malik opera müğənnisi kimi tanınıb. Anası Şahistə Səidova isə xalq mahnılarının mahir ifaçısı və Muqimi adına Musiqili Komediya və Dram Teatrının solisti idi. Bax, belə bir sənət ocağının yetirməsidir tenor səsli Fərrux Zakirov. O, 50 ildir ki, səhnədədir. Musiqisevərlər onun mərhum müğənni, yazıçı, şair, rəssam və aktyor Batır Zakirovun kiçik qardaşı olduğunu da bilirlər.
Fərrux bəy Orta Asiya respublikalarının hamısının Xalq artisti adına layiq görülüb. Bir ara Özbəkistanın Mədəniyyət naziri də olub. Ötən əsrin 70-ci illərində onun yaratdığı “Yalla” qrupu dövrünün ən məşhur musiqi kollektivlərindən idi. Onların ifa etdikləri “Uçküdük (Üç quyu)”, “Qız bola” kimi mahnıları keçmiş SSRİ-də dillər əzbəri olub. Bunlardan başqa, qrupun “Səmərqəndin mavi günbəzləri”, “Bu, sevgidir”, “Nəsrəddinin mahnısı”, “Yalla”, “Sevdiyim gözlər olmadan”, “Şəhrisabz”, “Parılda Daşkənd”, “Cinnuni” və s. mahnıları da daim xatırlanır.
Fərrux Zakirov ailə ənənəsinin davamı barədə danışanda dedi:
– Atam, anam və böyük qardaşımı bilirsiniz. Məndən 3 yaş kiçik qardaşım – mərhum Cəmşid teatr və kino aktyoru, teleaparıcı olub, Özbəkistanın Əməkdar artisti idi. Bacım Luiza və qızı Nərgiz də müğənnidirlər. Gözümüzü açandan incəsənət mühitində, musiqi aləmində olmuşuq.
Görkəmli sənətçi Bakı təəssüratlarını da həvəslə bölüşdü:
– Burada ömrə yazılacaq unudulmaz günlər keçiririk, – dedi. – Öncə Mədəniyyət nazirimiz Ozodbek Nazarbekovun rəhbərliyi ilə nümayəndə heyətimiz Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi. Azərbaycan xalqının ümummilli lideri, özbək xalqının isə yaxın dostu olmuş Heydər Əliyevlə akademik Zərifə Əliyevanın, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət elədik.
Siz azərbaycanlıların özbək musiqisinə sevgisini nəzərə alaraq, konsert proqramımıza ən yaxşı mahnılarımızı daxil etmişik. Dövlət Simfonik Orkestrinin müşayiəti ilə ilk açılış konsertimiz yüksək səviyyədə keçdi, çox bəyənildi. Əminik ki, növbəti çıxışlarımız da tələbkar Bakı tamaşaçılarının xoşuna gələcək, hamıda məmnunluq yaradacaq.
“Xalq qəzeti”

