Yubiley ilində birləşmiş Azərbaycan kinematoqrafiyasından hamı böyük uğurlar gözləyir
Dünən Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə bayram toplantısı keçirildi.
Mərasimin əvvəlində xüsusi olaraq hazırlanmış, Azərbaycan kinosunun keçdiyi yola işıq salan, həmçinin ümummilli lider Heydər Əliyevin kinoya və bu sahədə çalışan sənətkarlara hərtərəfli qayğı və diqqətini ayrı-ayrı kadrlarda əks etdirən video-çarx nümayiş etdirildi.
Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illik yubileylərinin də qeyd edildiyi kino günündə çıxış edən Mədəniyyət naziri Adil Kərimli milli kinematoqrafiyanın keçdiyi uzun və uğurlu yoldan danışdı. Nazir milli-mənəvi dəyərlərin yaşadılmasında və dünyaya çatdırılmasında, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində kinonun müstəsna rol oynadığını qeyd etməklə yanaşı, son illər sahəyə dövlət qayğısının artırılmasını da xüsusi olaraq vurğuladı. O, bu sahədə mövcud qüsurların aşkar edilməsində və aradan qaldırılmasında birgə fəaliyyətin vaciblyini vurğuladı. Nazir ümummilli lider Heydər Əliyevin sənətin bu növünə daim qayğı ilə yanaşdığını, ayrı-ayrı filmlərin ərsəyə gəlməsində onun müstəsna xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı.
A.Kərimli çıxışında xalqımızın dəyərli sənətkarları, Xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayevin rəhbərlik etdikləri kinematoqrafiya ittifaqlarının birləşib bu sahəni arzuedilən müstəviyə çıxaracağına əminliyini bildirdi. Hər iki sənətkarı səhnəyə dəvət edən nazir onlara milli kinonun inkişafında göstərdikləri xidmətlərə görə Mədəniyyət Nazirliyinin xüsusi Fəxri diplomlarını təqdim elədi.
Yubiley mərasimində çıxış edən Xalq artisti Şəfiqə Məmmədova 2 Avqust Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi Milli Kino Mükafatının yubiley ilində bir deyil, iki nəfərə veriləcəyini açıqladı. Yubiley ilinin laureatları Ayaz Salayev və Aydın Kazımzadə oldular. Ş.Məmmədova yubiley münasibətilə ittifaq üzvlərinin Fəxri fərmanla təltif etdiyini bildirdi və mükafatlandırılanların siyahısını oxudu.
Xalq artisti Rasim Balayev son illər hökumət, o cümlədən Mədəniyyət Nazirliyi tərəfindən sahəyə artan diqqəti razılıqla qeyd etdi və milli kinematoqrafiyanın tənəzzül illərindən, nəhayət, inkişaf dövrünə qədəm qoyacağına, gözəl filmlərlə tamaşaçıları sevindirəcəyinə inamını ifadə etdi. Sonra o, başçılıq etdiyi qurumun mükafatlarını laureatlara təqdim elədi.
Sonda “Avanqard” kamera orkestrinin ifasında milli kino musiqimizdən nümunələr ifa olundu.
Mərasimdə Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekov da iştirak edirdi. O, avqustun 1-dən 4-dək Bakıda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycanda səfərdədir.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”


