Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi.
Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsindən.
Şuşa, 22 iyun 2023-cü il
Dövlət başçımızın daha bir möhtəşəm və mükəmməl müsahibəsini eşitdik, oxuduq və məmnun olduq. Bu müsahibənin ilk cümlələrini oxuyarkən elə güman edirdim ki, indicə cənab Prezidentin 44 günlük İkinci Qarabağ müharibəsi günlərində şahidi olduğumuz müsahibələrinin davamını görəcəyik. Çünki yenə də söhbət Azərbaycanın haqq işindən, Ermənistanın işğalçı siyasətinin fəsadlarından, İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlardan gedirdi. Üstəlik, müsahibə götürən də yenə Avropa mətbuatı, müsahibə verən isə türk dünyasının uğurlarını gözü götürməyən çoxsaylı bədxahların qarşısında mərdanəliklə dayanan sərkərdə, Azərbaycan Prezidenti idi.
Ancaq gözlədiyimin əksinə oldu. Bu, 44 günlük müharibə dövrünün müsahibələrindən köklü surətdə fərqlənirdi. Çünki “Euronews”un əməkdaşı da hansısa ittihamlarla çıxış etmirdi (biz həmin günlərdə avropalı sıravi jurnalistlərin Azərbaycan Prezidenti ilə söhbət zamanı çoxsaylı ittihamlarla danışdığını az görməmişdik), dövlət başçımız da “basdığını kəsmək” iddiasından uzaq idi. Yəni yüzlərlə məsələdə müqəssir olan Ermənistan haqqında danışan Azərbaycan lideri olduqca yumşaq mövqe nümayiş etdirirdi. Bu fakt isə bir daha sübut edirdi ki, Azərbaycan həqiqətən sülhün tərəfdarıdır. Amma ədalətli sülhün. Dövlətimizin və xalqımızın maraqlarını, mənafelərini təmin edən sülhün. Bu zaman onu da xatırladaq ki, cənab Prezident dövlətimizin maraqlarını, xalqımızın mənafelərini müdafiə edərkən qətiyyən beynəlxalq hüququn prinsip və əsaslarını unutmur, əksinə, bütün bəşəri dəyərlərə hörmət və ehtiramla yanaşmağın nümunəsini yaradır.
Dövlət başçımızın cavablarındakı bəzi məqamları xatırlatmazdan əvvəl avropalı jurnalistin bir ifadəsini yada salmaq istəyirəm. “Euronews”un əməkdaşı Şuşa haqqında danışarkən dedi ki, cənab Prezident, bizi burada qəbul etdiyinizə görə Sizə çox minnətdarıq: “Bu bölgə Cənubi Qafqazın yeni tarixində bəzi ən zorakı epizodların cərəyan etdiyi səhnə olub”. Fikrimizcə, Avropa mətbuatının təmsilçisi bu fikirlərlə erməni işğalının, barbarlığının, vəhşiliyinin miqyasından xəbərdar olduğunu demək istəyirdi. Yəni söhbət müasir Cənubi Qafqaz reallıqlarının hamıya gün kimi aydın olmasından gedirdi.
Azərbaycan Prezidenti isə İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar barədə mülahizələrini dilə gətirdi. Cənab Prezident xatırlatdı ki, o, İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin fərqli olacağını düşünürdü: “Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq”.
Doğrudan da, Azərbaycan həmin günlərdə sülh sazişinin imzalanması üçün lazım olan bütün addımları atmışdı. Çox keçmədi ki, Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi və və qarşı tərəfə göndərdi. Həmin prinsiplər ölkələrin ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn hamıya məlum olan prinsipləri idi. Ancaq qarşı tərəf və onların himayədarları heç bir normal addım atmadıqları kimi, normal təklifləri də qəbul etmək istəmədilər. Nəticədə, regiondakı gərginliyin artmasına səbəb oldular.
Dövlət başçımızın bu müsahibəsi zamanı məni – bəlkə də hamını maraqlandıran bir məqam da ortaya çıxdı. Daha doğrusu, indiyədək heç bir mətbuat təmsilçisi Azərbaycan Prezidentinə belə sual verməmişdi. “Euronews”un müxbiri soruşdu ki, qarşı tərəfə nə tövsiyə edərdiniz?
Dövlət başçımız xatırlatdı ki, həyatımda ilk dəfədir ki, mənə bu sual verilir. Ona görə də cavab vermək üçün sualın iki hissəyə bölünməsini təklif etdi: “Birincisi, əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur. Lakin biz düşünürük ki, Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququ var”.
Fikrimizcə, olduqca ədalətli, məntiqli və dünya təcrübəsinə əsaslanan cavabdır. Üstəlik, belə arqumenti heç bir erməninin nə zamansa dilə gətirəcəyinə də inanmaq olmur.
O ki qaldı, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə Azərbaycan Prezidentinin verəcəyi tövsiyəyə, cənab dövlət başçısı bu missiyanı yerinə yetirmək istəyindən də uzaq olduğunu söylədi və əlavə etdi ki, Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, – hazırkı və bundan əvvəlki “liderlər”, – onlara bütün bu müddət ərzində – müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar. Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər.
Bəli, zaman başqadır. İndi artıq heç kəsi aldatmaq mümkün deyil. Erməni siyasətçiləri də tarixi “mifyaratma” ənənəsindən ayrılmalı, günün reallıqları ilə barışmalıdırlar. Həmin bədnam ənənədən ayrılsalar, yaxud tarixən içərisində yaşadıqları xülyalardan ayılsalar, onda Cənubi Qafqaza sülh də gələcək, bu regiondakı nəinki hər üç xalq, hətta, etnik azlıqlar da azadlıq, firavanlıq içərisində yaşayacaq, gələcəyə daha böyük ümidlərlə baxacaqlar. Hələlik isə pandemiya şəklini almış ermənilik xəstəliyi regionun aydın sabahını şübhə altına almaqdadır.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

