ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer özünün Twitter hesabında Qarabağ erməniləri ilə bağlı status paylaşıb. Statusunda “Qarabağda ərzaq təhlükəsizliyinin mövcud olmamasından” narahatlığını bildirən Pauer bölgədə dərman çatışmazlığının mövcudluğunu vurğulayıb: “Laçın dəhlizi Dağlıq Qarabağ əhalisinin zəruri mallarla təchizatı üçün həlledici əhəmiyyətə malikdir. Mən Dövlət katibi Blinkenin dəhliz vasitəsilə kommersiya və humanitar yüklərin azad tranzitinə dair çağırışına qoşuluram”.
Okeanın o tayından separatçılara ən böyük dəstək isə siyasətçi Sem Braunbekdən gəlib. Qarabağdakı “xristianların” vəziyyətinin acınacaqlı olduğunu bildirən Braunbek Azərbaycana qarşı sanksiyalar tətbiq etməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycana qarşı sanksiyaların tətbiqi “işlərin daha da pisləşməsinin qarşısını ala bilər”: “Dağlıq Qarabağda xristianların vəziyyəti getdikcə pisləşir. Laçın dəhlizinin açıq qalması ilə bağlı razılaşmaya baxmayaraq, yol bloklanıb. İşlər daha da pisləşməzdən əvvəl Azərbaycana humanitar qanun pozuntularına görə sanksiya tətbiq edilməlidir”.
Göründüyü kimi, erməni lobbisi ABŞ-dakı ermənipərəst dairələri hərəkətə gətirib və onların dini təəssübkeşliyi ilə separatçıların beynəlxalq miqyasda müdafiəsini təşkil etməyə çalışır. Qarabağdakı ermənilərin “blokada”da saxlanılması, bölgədə humanitar böhranın olması barədə yalanın ayaq açlb yeriməsi də məhz buna xidmət edir.
Vicdan dəllalları “ədalət mücahidi” rolunda...
İstər Samanta Pauer, istərsə də Sem Braunbekin bəyanatında bir-birini təkrarlayan xeyli məqam var. Bunlar Qarabağ ermənilərinin blokada vəziyyətində olması, humanitar böhranla üz-üzə qalması, ərzaq və dərman təchizatından məhrum edilməsi və s. kimi yalanlardır. Qeyd edək ki, hər iki şəxs heç vaxt Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində olmayıb, bu məntəqədən istifadə edən ermənilərin foto-video görüntüləri ilə bağlı Azərbaycan tərəfinin mütəmadi ictimailəşdirdiyi məlumatları məqsədli şəkildə görməzdən gəlib. Ən əsası, rəsmi Bakının Laçın sərhəd buraxılış məntəqəsində hərəkəti ara-sıra hansı səbəbdən məhdudlaşdırdığı haqqında təkidlə susub. Çünki hər iki şəxsə yaxşı məlumdur ki, Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsindən istifadəni məhdudlaşdırmasına səbəb ermənilərin mütəmadi şəkildə bölgədə həyata keçirdiyi terror aktları olub.
Əslində, bölgədə heç bir blokadanın olmadığı, Qarabağ ermənilərinin sosial rifahının İrəvan ermənilərindən daha yaxşı olması da Samanta və Braunbekə bəlli olan həqiqətlərdəndir. Əgər Xankəndidə və ətraf ərazilərdəki ermənilərin vəziyyəti həqiqətən də kritik olsaydı, o zaman Ermənistandan bura gecə-gündüz axın edən yük avtomobilləri silah deyil, ərzaq daşımış olardı. Hansı ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dəfələrlə Ermənistandan Rusiya sülhməramlılarının müşayiəti altında Qarabağdakı ermənilərə silah-sursat daşınması faktına diqqət yönəldib, bununla bağlı çoxsaylı sübutları, foto-video görüntüləri təqdim edib. Bütün bu faktlar fonunda okeanın o tayındakı ermənipərəst siyasətçilərin hansısa blokdadan danışması onların öz vicdanlarını satdığını, ədalətsiz olduqları halda, “ədalət mücahidi” rolunda çıxış etdiyini göstərir.
Proseslərə dini don geyindirmək cəhdi...
Samanta Pauer və Sem Braunbekin açıqlamalarında qeyri-etik məqamlar da mövcuddur. Bunlardan biri onların Azərbaycanla ultimativ dildə danışması, nə etmək və necə etməklə bağlı ölkəmizə göstəriş verməsidir. Sem Braunbekin bəyanatında gülüş doğuran məqam isə amerikalı siyasətçinin proseslər dini motivdən yanaşması, xristian təəssübkeşliyi mövqeyindən çıxış etməsidir.
Xatırladaq ki, İlham Əliyev dəfələrlə Ermənistanın münaqişəyə dini don geyindirməyə çalışdığını qeyd edib və bunun yolverilməz olduğunu bildirib. Dövlət başçısının hələ 2016-cı ilin 8 iyun tarixində müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərini qəbul edərkən səsləndirdiyi fikirlər bu baxımdan xüsusi önəm kəsb edir: “Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışır. Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə - üç müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır. Azərbaycanda məscidlərlə bərabər, kilsələr, sinaqoqlar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda, Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırıb. Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır, əks təqdirdə, belə cəfəng bəyanatlar verməzdi”.
Şübhəsiz, Ermənistanın və onun havadarlarının münaqişəyə dini don geyindirməkdə məqsədi bəşəriyyəti qarşıdurmanın dini motivlərdən qaynaqlandığına inandırmaq, xristian dünyasından daha böyük yardımlar almaqdır. Bu isə onu göstərir ki, rəsmi İrəvan və xaricdəki erməni lobbisi öz siyasi məqsədlərinə nail olmaq üçün bəşəriyyətin dini duyğuları ilə oynamağa, dini öz məqsədi yolunda vasitəyə çevirməyə çalışır. Bu faktın özü Ermənistan və onun havadarlarının ölkəmizə qarşı mübarizədə necə ikrahedici üsullardan istifadə etməsinə sübutdur.
S.ƏLİYEV

