Ermənistan parlamentinin sədri Alen Simonyan beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə, habelə digər dövlətlərin parlament sədrlərinə müraciət edib.
O, müraciətində Qarabağda 120 min erməninin (?) “blokada”da olduğunu, “məhv olmaq” təhlükəsi ilə üzləşdiyini bildirib. Simonyan qeyd edib ki, “blokada”nın aradan qalxması, on minlərlə erməninin “xilası” üçün beynəlxalq təşkilatların prosesə çevik və effektiv müdaxiləsinə ehtiyac var.
Qarabağdakı ermənilərin sayı süni şəkildə artırılır
Simonyanın çağırışında diqqətçəkən məqamlardan biri Qarabağda məskunlaşan ermənilərin sayını artırması, onları, əslində, olduğundan bir neçə dəfə çox təqdim etməsidir. Erməni spiker Qarabağda 120 min erməninin yaşadığını iddia etsə də, əslində, bu rəqəmin ən yaxşı halda 30 minədək olduğu məlumdur. Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, Qarabağda 52 min 700 erməni yaşayır. Şübhəsiz, bu rəqəmin də şişirdilməsi ehtimalı böyükdür. Xatırladaq ki, 2021-ci ildə baş separatçı Arayik Arutyunyanın özü bölgədə cəmi 30 min erməninin yaşadığını vurğulamışdı. 30 illik işğal dönəmində buraya Ermənistandan və digər ölkələrdən minlərlə erməninin gəldiyini nəzərə alsaq, deməli, bu gün Qarabağda yaşayan ermənilərin ən az yarısının bölgə ilə tarixi əlaqələri yoxdur. Bu və ya digər faktlar göstərir ki, Simonyan Qarabağdakı ermənilərin sayını süni şəkildə artırır. Bununla da “blokada”dan “əziyyət çəkən” ermənilərin sayının daha çox olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır.
Bundan başqa, Simonyan Qarabağ ermənilərinin sayını şişirtməklə beynəlxalq aləmdən daha çox yardım almağı, ianə toplamağı hədəfləyir. Erməni spiker yaxşı anlayır ki, hər bir beynəlxalq yardım ehtiyacı olanların sayına və tələbatına uyğun şəkildə təşkil olunur. Bu isə o deməkdir ki, yardıma ehtiyacı olanların sayı nə qədər çoxdursa, yardımın miqyası da bir o qədər böyük olacaq. Məhz bu səbəbdən də Simonyan və digər erməni rəsmiləri Qarabağdakı ermənilərin sayını hər fürsətdə artırmağa can atırlar. Məqsəd Qarabağ erməniləri adına mümkün qədər çox ianə almaq, beynəlxalq birliyin mümkün humanitar dəstəyindən sui-istifadə etməkdir.
Məsələnin üçüncü – siyasi tərəfi də mövcuddur. Ermənistan Qarabağda yaşayan ermənilərin sayını, əslində, olduğundan çox göstərməklə gələcəkdə rəsmi Bakını şantaj etməyi planlaşdırır. Rəsmi İrəvan yaxşı başa düşür ki, Qarabağda yaşayan ermənilərin sayı ilə bağlı real məlumatı sona kimi gizlədə bilməyəcək və əsl həqiqət gec-tez üzə çıxacaq. Məlum olacaq ki, Qarabağda nəinki 120 min, heç 30 min də erməni yaşamır. Məhz bu zaman rəsmi İrəvan öz yalanına bəraət qazandırmaq, eləcə də Bakını əlavə təzyiqlərə məruz qoymaq üçün “yoxa çıxan” ermənilərin Azərbaycanın təzyiqi ilə bölgəni tərk etdiyini bildirəcək. İrəvan beynəlxalq təşkilatları inandırmağa çalışacaq ki, məhz “blokada” və “həyati təhlükə” səbəbi ilə on minlərlə erməni Qarabağı tərk edib və bu səbəbdən də onların sayı belə azdır.
Simonyan Bakıdan icazəsiz beynəlxalq təşkilatları ölkəmizə dəvət edir
Simonyan müraciətində beynəlxalq təşkilatları rəsmi Bakının razılığı olmadan Azərbaycana – Laçına dəvət edir. Bildirir ki, beynəlxalq qurumlar nə olursa-olsun bölgədə müşahidə missiyaları həyata keçirməli, konkret tədbirlər görməlidirlər: “Beynəlxalq təşkilatlar öz mandatları və xüsusi olaraq belə vəziyyətlərlə məşğul olmaq üçün hazırlanmış mövcud alətlər çərçivəsində operativ şəkildə hərəkət etməlidirlər. Beynəlxalq humanitar təşkilatlar, xüsusən də Birləşmiş Millətlər Təşkilatının agentlikləri maneələr qarşısında belə dəhliz və region boyunca monitorinq missiyaları həyata keçirməlidirlər”.
Beynəlxalq təşkilatlarla diktə dilində danışan, onlara göstərişlər verən Simonyan “unudur” ki, Laçın da, Xankəndi də Azərbaycana məxsusdur. Bu ərazilərə kimisə yalnız rəsmi Bakı dəvət edə bilər. Rəsmi Bakının razılığı olmadan hansısa qurumu Azərbaycana dəvət etmək sadəcə korafəhmlik deyil, həm də siyasi təxribatdır. Bu, beynəlxalq qanunlarla da yolverilməzdir.
Habelə, Simonyan beynəlxalq birlikdən dəstək almaq üçün öncə onları Qarabağdakı ermənilərin, həqiqətən də, blokadada olması yalanına inandırmalı, bunun üçün konkret və təkzibedilməz sübutlar təqdim etməlidir. Erməni spiker isbat etməlidir ki, Qarabağ ermənilərinin ətraf aləmlə əlaqəsi tam məhdudlaşıb və bu, onların həyatı üçün həqiqətən də təhlükəlidir. Simonyanın isə öz yalanını əsaslandıracaq hansısa faktı təqdim etməsi mümkün deyil.
Ə.SEYMUR

